Beynəlxalq insan haqları və media azadlığı təşkilatları Azərbaycanda “qanunsuz saxlanılan qadın jurnalistlərin” seksual zorakılıq riski ilə üzləşdiyini bildirərək, “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aysel Ümüdovanın məktubunda səsləndirdiyi iddialarla bağlı ciddi narahatlıq ifadə ediblər.
Birgə bəyanatda qeyd olunur ki, bu iddialar Azərbaycanda müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən təzyiqlər fonunda qadın jurnalistlərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur.
Birgə bəyanatda deyilir ki, Aysel Ümüdova Bakı İstintaq Təcridxanasından media qurumlarına göndərdiyi məktubda 2024-cü il dekabrın 6-da saxlanılarkən polis əməkdaşlarının seksual qısnama və pis rəftarına məruz qaldığını yazıb. Məktubun 2025-ci ilin dekabrında dərc olunduğu qeyd edilir.
Bəyanata görə, Ümüdova “Meydan TV işi” ilə əlaqədar əsassız saxlanıldığını, Bakı şəhərinə üç saatlıq yolda hüquqi və tibbi yardımdan məhrum edildiyini, saxlanma şəraitinin alçaldıcı olduğunu bildirib. Təşkilatların açıqlamasında qeyd olunur ki, Ümüdova daşınma zamanı panik atak keçirdiyi və “kəskin həssas vəziyyətdə” olduğu anda polis maşınında yanında əyləşən əməkdaşın “istənilməyən fiziki təmasına” məruz qaldığını yazıb. Bu halın Avropa Şurasının İstanbul Konvensiyasının 40-cı maddəsi çərçivəsində seksual qısnama kimi qiymətləndirildiyi vurğulanır. Ümüdovanın iddiasına əsasən, o, hadisəyə müqavimət göstərib və baş verənlər onun psixoloji durumuna uzunmüddətli təsir edib.
Birgə bəyanatda bu iddiaların jurnalist Ülviyyə Əlinin (Quliyeva) işi ilə oxşarlıq təşkil etdiyi bildirilir. Təşkilatlar yazır ki, Ülviyyə Əli 2025-ci ilin əvvəlindən eyni iş üzrə dəfələrlə dindirilməyə çağırılıb, barəsində ölkədən çıxış qadağası tətbiq olunub və nəticədə 2025-ci il mayın 6-da saxlanılıb. Onun polis nəzarətində olduğu müddətdə elektron cihazlarının şifrələrini verməyə məcbur etmək üçün döyülməyə və “açıq zorlanma təhdidlərinə” məruz qaldığını bildirdiyi vurğulanır. Açıqlamada Ülviyyə Əlinin mənzilində vəkil olmadan axtarış aparıldığı, daha sonra həmin axtarış zamanı tapıldığı iddia edilən “sübutların” cinayət işində istifadə edildiyi qeyd olunur. Təşkilatlara görə, jurnalist baş verənlərlə bağlı həm vəkilinə, həm də aidiyyəti qurumlara yazılı şikayətlər təqdim edib, ardınca güclü baş ağrıları, qusma, başgicəllənmə və huşunu itirmə kimi simptomlar yaşadığını bildirib. Bu halın mövcud psixoloji sağlamlıq problemlərini də ağırlaşdırdığı qeyd edilir. Bəyanatda iddiaların ciddiliyinə baxmayaraq, müstəqil məhkəmə-tibbi ekspertizanın təyin edilmədiyi və adekvat tibbi yardımın göstərilmədiyi də vurğulanır.
Sənəddə döyülmə, zorlanma təhdidləri və seksual qısnama iddialarının gender əsaslı zorakılıq kimi qiymətləndirildiyi, belə rəftarın işgəncənin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması prinsipini pozduğu qeyd olunur. Təşkilatlar bildirirlər ki, iddiaların araşdırılmaması, tibbi yardımla bağlı çoxsaylı müraciətlərə baxılmaması və müstəqil istintaqın təmin edilməməsi Azərbaycanın Konstitusiyası və daxili qanunvericiliyinə, eləcə də Azərbaycanın ratifikasiya etdiyi Avropa İnsan Hüquqları Konvensiyası, İşgəncələrə qarşı Konvensiya və Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt üzrə öhdəliklərə ziddir.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini Ülviyyə Əli və Aysel Ümüdovanı dərhal və qeyd-şərtsiz azad etməyə, onlara və digər siyasi məhbuslara qarşı siyasi motivli ittihamları dayandırmağa, işgəncə, pis rəftar, seksual qısnama və digər pozuntularla bağlı müstəqil, qərəzsiz, təcili və effektiv araşdırma aparmağa çağırıblar. Həmçinin hər iki jurnalistin müstəqil tibbi müayinələr daxil olmaqla adekvat tibbi xidmətə çıxışının təmin olunması və jurnalistlərə, hüquq müdafiəçilərinə qarşı sui-istifadə xarakterli cinayət təqiblərinə son qoyulması tələb edilib.
Bəyanatda Azərbaycanın beynəlxalq tərəfdaşlarına, o cümlədən Avropa Şurası, Avropa İttifaqı, ATƏT və BMT-nin müvafiq qurumları və xüsusi prosedurlarına bu həbsləri və iddiaları açıq şəkildə pisləmək, məsələləri ən yüksək siyasi səviyyədə qaldırmaq, məhkəmə proseslərini və saxlanma şəraitini izləmək, eləcə də müstəqil mediaya qarşı təzyiqlərin dayandırılması və gender əsaslı zorakılıqla bağlı hesabatlılığın gücləndirilməsi istiqamətində “konkret və ölçülə bilən” irəliləyişləri Azərbaycanla əməkdaşlığın mərkəzi şərti kimi gündəmdə saxlamaq çağırışı yer alır.
Birgə bəyanata FIDH, OMCT, Human Rights House Foundation, Amnesty International, ARTICLE 19 Europe və digər qurumlar imza atıb.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs-qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre (Qəhrəmanlı) həbs olunub. Mayda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs-qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.
Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.