Azərbaycanda suyun qiymətinin bahalaşması müzakirə edilir

Azərbaycanda suyun qiymətinin bahalaşması müzakirə edilir
19 Fevral 2026
Mətni dəyiş

Fevralın 18-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi su tariflərinin təkmilləşdirilməsi və diferensiallaşdırılmasının müzakirə olunduğunu açıqlayıb. Qurum bu barədə “Trend”in sorğusuna cavabında məlumat verib.

Açıqlamada bildirilir ki, Prezidentin 2024-cü il oktyabrın 10-da imzaladığı sərəncamla təsdiqlənən Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib və bu çərçivədə sosial-iqtisadi vəziyyət və investisiya qoyuluşları nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur.

Agentliyin məlumatına görə, bu yanaşma su təsərrüfatı sahəsində vahid idarəetmə modelinin qurulmasına, dövlət–özəl tərəfdaşlığının inkişafına və maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət etməlidir. Tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə olunmasına keçid və xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılması ilə əlaqələndirilir. Qurum qeyd edir ki, tariflər istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılmalıdır.

Bildirilib ki, Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması mexanizmlərinin hazırlanması və tətbiqinə başlanması ayrıca tədbir kimi müəyyən olunub. Milli Strategiyaya əsasən, bu proses sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə alınmaqla mərhələli şəkildə, pilot tətbiqlər və regional qiymətləndirmə yolu ilə həyata keçiriləcək.

Agentlik əlavə edib ki, hazırda tabeli qurumlar arasında müzakirələr aparılır və suyun qiyməti ilə bağlı Tarif Şurasına hələ müraciət olunmayıb.

Məsələyə sosial şəbəkədə münasibət bildirən iqtisadçı Natiq Cəfərli isə mümkün bahalaşmanı hökumətin iqtisadi siyasəti ilə əlaqələndirib. Onun sözlərinə görə, diferensiallaşdırma adı altında qiymət artımı planlaşdırılır və bu, digər kommunal xidmətlərin də bahalaşması ilə nəticələnə bilər.

“İlin əvvəlində dizel 10% qaldırdılar, indi suyun, sonra işıq və qazın qiymətini artırılması gündəmə gəlir, sonra da hökumət üzvləri, bəzi deputatlar ciddi sifət alıb, “ölkədə süni qiymət artımı var” deyirlər. Ölkədə qiymətləri artıran hökumətdir, aparılan yanlış iqtisadi, sosial, tarif, vergi, gömrük siyasətidir. Dövlətin su, elektrik, qaz paylanması ilə məşğul olan şirkətləri ziyanla işləyirsə, niyə ilk xərcləri azaltmırlar?! Nədən maya dəyərinin şişirdilməsinin qarşısını almırlar?! Nə səbəbə satınalmalar şəffaf deyil?! Necə ola bilər ki, Dövlət şirkəti ziyanla işləsin, amma, hər birinin rəhbər kadrları bahalı maşınlarda gəzsin, gözəl villalarda, mənzillərdə yaşasınlar, bər-bəzəkli həyat yaşasınlar?! Bunun bir izahı varmı, olacaqmı?!– iqtisadçı bildirib.

Bu arada, mediada suyun qiymətinin artırılacağı ilə bağlı məlumatlar yayılıb. “Gununsesi info”nun yazır ki, Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, istehlak həcminə uyğun limitli tarif tətbiq oluna bilər: 10 kubmetrədək - 1 manat 20 qəpik, 10-20 kubmetr arası - 1 manat 60 qəpik, 20 kubmetrdən yuxarı isə 2 manat nəzərdə tutulur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun