“Abzas Media”nın həbsdəki qadın jurnalistlərinin valideynləri: “Rəis məhbusları otağında döyürsə, qızlarımızın can güvənliyi də sual altındadır”

“Abzas Media”nın həbsdəki qadın jurnalistlərinin valideynləri: “Rəis məhbusları otağında döyürsə, qızlarımızın can güvənliyi də sual altındadır”
3 Fevral 2026
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan qadın jurnalistlərinin valideynləri Lənkəran Penitensiar Kompleksinin rəhbərliyinin məhbuslara qarşı zorakılıq tətbiq etməsi ilə bağlı yayılan məlumatlardan narahat olduqlarını bildiriblər. Valideynlər deyirlər ki, həbsxana rəisinin məhbusları öz iş otağında döyməsi xəbərləri fonunda övladlarının təhlükəsizliyi ilə bağlı arxayın ola bilmirlər.

“Əgər rəisin otağında başqaları döyülürsə, deməli, biz qızlarımızın da can güvənliyinə görə arxayın ola bilmərik. Həbsxananın rəisi Babək İsgəndərov qadın məhbusları aparıb öz ikiqapılı otağında döyür. Özü şəxsən zorakılıq törədirsə, onda biz onun əməkdaşlarından hansı davranışı gözləməliyik? O, sabah bizim qızlara qarşı da belə davrana bilər. Fərqi yoxdur orada kim döyülür, onlar da Azərbaycan vətəndaşlarıdır. Ona görə də biz Babək İsgəndərovun cəzalandırılmağını tələb edirik. Övladlarımız Bakıda qeydiyyatda olsa da, onları Lənkəran həbsxanasına göndərdilər. Deməli, hökumət bilərək bunu edib ki, onlar zorakı rəisin tabeliyində olsunlar?”, - jurnalistlərin valideynləri belə deyiblər.

“Abzas Media”nın Lənkəran Penitensiar Kompleksində saxlanılan qadın jurnalistləri bu müəssisədə məhkumlara tətbiq edilən işgəncə halları ilə bağlı məqalə yazıblar.
 
Jurnalistlərin yazdıqlarına görə, hadisə yanvarın 24-də baş verib. Həmin gün Lənkəran Penitensiar Kompleksinin rəisi Babək İsgəndərov öz iş otağında qadın məhkumu döyüb.

Bu məlumatı həmin məhkumdan rəisə şikayət edən nəzarətçi İlkanə Bağırova məhbuslara danışıb. O deyib ki, qəbul otağında qadın korpusunun rəisi Zamin Əliyev, nəzarətçi İlkanə Bağırova və məhkum olub.

Nəzarətçinin sözlərinə görə, rəis qadın məhkumun saçından tutaraq onu yerdə sürüyüb, qabırğa nahiyəsindən təpiklə vurub. Eyni zamanda, döyülmə zamanı məhkumun şərəf və ləyaqətini alçaldan ifadələr də işlədilib.

İlkanə Bağırova bildirib ki, o və qadın korpusunun rəisi Zamin Əliyev baş verən zorakılığa müdaxilə etməyib və hadisəni səssiz izləyiblər.

Məlumata görə, ertəsi gün döyüldüyü deyilən qadın məhkumun sol ayağında qançır izləri, qabırğa nahiyəsində isə şiş yaranıb. Həmçinin ağrıların şiddətindən korpusun həyətində huşunu itirərək yerə yıxıldığı qeyd olunub.

Qadın məhkumun zədələrlə bağlı həkim müayinəsinə aparılmasını istədiyi, lakin bu tələbin yerinə yetirilmədiyi bildirilir. Yazıda əlavə olunub ki, həmin qadın məhkum hələ də tez-tez rəisin qəbuluna aparılır və təzyiq altında saxlanılır.

Məqalədə o da vurğulanıb ki, kompleksdə qadın məhkumlarla yanaşı, kişi məhkumların da döyüldüyü iddia edilir. Mindən çox kişi məhkumun saxlanıldığı müəssisədə rejim üzrə şöbə müdiri Azər Bağırovun onlara işgəncə verdiyi bildirilib.

Jurnalistlərin səsləndirdiyi iddialarla bağlı aidiyyəti qurumlar indiyədək hər hansı münasibət açıqlamayıb.

Lənkəran Penitensiar Kompleksi 2024-cü ilin dekabrında istifadəyə verilib, qadınlar üçün korpus isə 2025-ci ilin sentyabrın 3-də açılıb. Hazırda kompleksin istintaq idarəsində 10, cəzaçəkmə müəssisəsində 13 qadın dustaq saxlanıldığı bildirilir. Kompleksdə ümumilikdə 1000 nəfərdən çox kişi dustaq cəza çəkir.

Kompleksin rəisi Babək İsgəndərov bundan əvvəl Bakıda yerləşən 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi olub. Həmin müəssisədə tavanın çökməsi nəticəsində bir məhkumun həlak olmasından sonra orada saxlanılan 600 məhkumun Lənkəran Penitensiar Kompleksinə köçürüldüyü, İsgəndərovun isə burada da rəis postunu tutduğu bildirilir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun