“Respublika Perinatal Mərkəzi”ndə baş vermiş və 7 yenidoğulmuşun ölümü ilə nəticələnmiş yanğınla bağlı açılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
“APA”nın məlumatına görə, fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən biri — mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva ifadə verib.
Abasquliyeva bildirib ki, mərkəzdə onun rəhbərliyindən əvvəl də ciddi texniki problemlər mövcud olub. Onun sözlərinə görə, qazanxanadakı nasazlıq səbəbindən isti su gəlməyib, əvvəl quraşdırılmış hava təmizləyici qurğu işləməyib və bu problemlər dekabr–yanvar aylarında təmir etdirilib. O, həmçinin mərkəzə paltaryuyan maşın, tibbi soyuducu və digər avadanlıqlar aldığını, işıq generatorunun sıradan çıxmasının yenidoğulmuşlar üçün risk yaratdığını və generatoru da təmir etdirdiyini deyib.
Təqsirləndirilən şəxs qeyd edib ki, aylıq maaşı 6549 manat olsa da, mərkəzin ehtiyacları üçün şəxsi vəsaitindən 3500 manat xərcləyib: “Necə deyə bilərlər ki, vəzifə öhdəliklərimi yerinə yetirməmişəm? İş vaxtı olmayanda da gəlib vəziyyətlə maraqlanmışam”.
Mehriban Abasquliyevanın sözlərinə görə, əvvəlki rəhbərlər Sevinc Məmmədova və Məryəm Rzayevanın dövründə mərkəzin yanğın siqnalizasiya sistemi yararsız vəziyyətdə olub. O bildirib ki, sistemin təmiri üçün hətta damın sökülməsi tələb olunurdu:
“Bu və digər problemlərin həlli, müvafiq sistemlərin quraşdırılması üçün ümumilikdə 2 milyon 700 min manatdan artıq vəsait tələb olunurdu. Yanğın siqnalizasiya sistemini təmir etmək üçün TƏBİB-ə müraciət etdik, külli miqdarda vəsait olduğu üçün verə bilməyəcəklərini dedilər. Bu gün də mərkəzdə həmin sistem quraşdırılmayıb”.
Abasquliyeva əlavə edib ki, 2025-ci ildə vəzifədə olmuş rəhbərin bu səbəbə görə inzibati məsuliyyətə cəlb olunduğunu da məhkəmədə bildirib. O, həmçinin ondan əvvəlki rəhbərliyin dövründə xəstələrin müalicə müddətinin “süni şəkildə uzadıldığı”nı iddia edib.
Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.
2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi”nin inzibati binasında baş verən yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb. Məlumata görə, müəssisəyə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3 (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü maddələri ilə məsuliyyətə cəlb olunub. Mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddə üzrə ittiham elan edilib.