Rusiyanın Yekaterinburq şəhərinin Jeleznodorojski rayonunun rəhbərliyi Azərbaycan əsilli ailənin uşaqlarına yeni il hədiyyələri verdiyinə görə tənqidlərə məruz qalıb.
Belə ki, dekabrın sonunda rayonun administrasiya rəhbəri Vitali Perşin “Arzular yolkası” aksiyasında iştirak edərək 7 yaşlı Əliyə skuter hədiyyə edib. Məmur Əlinin 8 yaşlı bacısı Milnaya və kiçik qardaşı Vaqifə isə əl işləri üçün dəst və şirniyyat hədiyyəsi təqdim edib.
Rayon administrasiyası tədbirlə bağlı “VKontakte” sosial şəbəkəsində paylaşım etdikdən sonra şərhlərdə, eləcə də millətçi yönümlü səhifə və kanallarda tənqid olunub. Bundan sonra administrasiya paylaşımı silib.
Bələdiyyəyə yaxın “Ekaterinburg. Glavnoye” adlı kanal isə uşaqların valideynlərinin əslən Azərbaycandan olduğunu, onların 20 ildən çox əvvəl Rusiya vətəndaşlığı aldıqlarını yazıb. Hadisədən sonra uşaqların atası Perşindən hədiyyələri geri götürməsini xahiş edib.
Hadisə Azərbaycan-Rusiya münasibətlərinin son illərdə kəskinləşdiyi bir dövrə təsadüf edir. AZAL-a məxsus Embraer 190 tipli təyyarənin 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğraması, daha sonra Yekaterinburqda xüsusi əməliyyat zamanı azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ölümü fonunda münasibətlərdə gərginlik artıb. Bu prosesin ardınca Bakıda “Rus Evi”nin bağlanması, “Sputnik Azərbaycan” redaksiyasında axtarışlar və bir sıra həbslər də ictimai-siyasi fonu daha da kəskinləşdirib.
Son aylarda Rusiyanın müxtəlif bölgələrində etnik azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının münasibətində gərginliyin artdığı barədə məlumatlar yayılır. İyun ayından başlayaraq Rusiyada azərbaycanlı diaspor üzvlərinə qarşı bir neçə cinayət işinin açıldığı bildirilir.
Eyni zamanda, Rusiyadan Azərbaycana gələn vətəndaşlar üçün ölkədə qalma müddətinin ildə 180 gündən 90 günə endirildiyi, Prezident İlham Əliyevin isə Moskvada keçirilən Qələbə Paradına qatılmadığı da qeyd olunur. Oktyabrda Tacikistanda keçirilən sammit çərçivəsində Putinlə Əliyevin görüşdüyü, həmin görüşdə Rusiyanın təyyarə insidenti ilə bağlı bir sıra öhdəliklər səsləndirdiyi bildirilsə də, indiyədək konkret addımların atılmadığı vurğulanır. Dekabrın 22-də isə İlham Əliyevin Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin sammitində iştirak etmədiyi məlum olub. Rusiya tərəfi onun səfərinə hazırlaşsa da, prezidentin sammitdən imtinası barədə qərar son anda açıqlanıb.