Vəkil Zabil Qəhrəmanova əlavə ittihamlar irəli sürülüb, həbs müddəti daha 2 ay uzadılıb

Vəkil Zabil Qəhrəmanova əlavə ittihamlar irəli sürülüb, həbs müddəti daha 2 ay uzadılıb
19 Yanvar 2026
Mətni dəyiş

Hazırda həbsdə saxlanılan vəkil Zabil Qəhrəmanova əlavə ittihamların irəli sürüldüyü bildirilir.

Bu barədə onun vəkili Babək Həmidov “APA”ya açıqlamasında məlumat verib. 

Vəkilin sözlərinə görə, Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi ilə - 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) - ittiham olunur.

Həmidov həmçinin bildirib ki, yanvarın 17-də Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb. Təqdimata Səbail Rayon Məhkəməsində baxıldığı və qərar qəbul edildiyi qeyd olunur.

Müdafiə tərəfinin bildirdiyinə görə, Qəhrəmanovla bağlı cinayət işi əvvəlcə Gəncə Şəhər Baş Polis İdarəsində başlanıb. Daha sonra istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə verildiyi üçün vəkil Bakıya gətirilib və Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Gəncə Regional Vəkil Bürosunda çalışan Zabil Qəhrəmanov ötən il oktyabrın 23-dən həbsdədir. Məlumata görə, ilkin mərhələdə ona Cinayət Məcəlləsinin 178.2.4-cü və 221.2.2-ci maddələri ilə ittiham verilib.

İddialara əsasən, saxlanıldığı gün Qəhrəmanov avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə edib və onu vurub. Digər iddiaya görə isə Şəmkir sakini Emin İbrahimov vəkildən şikayət edərək bildirib ki, Qəhrəmanov 5600 manat alıb və işin “istədiyi kimi” yekunlaşacağına söz verib, lakin nəticə belə olmayıb.

Zabil Qəhrəmanov isə hər iki ittihamı əsassız sayır, onu cəzalandırmaq üçün adı çəkilən şəxslərdən istifadə olunduğunu bildirir. 

Həbsindən iki həftə əvvəl - oktyabrın 8-də Daxili İşlər Nazirliyindən daxil olan şikayət əsasında Vəkillər Kollegiyasının qərarı ilə onun vəkillik fəaliyyətinin 6 aylıq dayandırıldığı açıqlanmışdı.

Qəhrəmanov bir sıra rezonanslı işlərdə müdafiəçi kimi çıxış edib. Onların sırasında Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanması və qətlə yetirilməsi işi üzrə təqsirləndirilən İlkin Süleymanovun, eləcə də qətl ittihamı ilə 11 il cəza alıb sonradan bəraətlə azadlığa çıxan Polad İsmayılovun məhkəmə prosesləri göstərilir. O, həmçinin “Tərtər hadisələri” ilə bağlı bir neçə zərərçəkmişi və müxtəlif ictimai-siyasi fəalı müdafiə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun