Ermənistan Respublikası və ABŞ yanvarın 13-də “Beynəlxalq sülh və rifah naminə Tramplın yolu” (TRIPP) layihəsinin həyata keçirilməsi üzrə çərçivəyə dair birgə bəyanat yayıb. Bəyanat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Marko Rubionun Vaşinqtonda görüşündən sonra imzalanıb.
Ermənistan XİN-in açıqlamasına görə, sənəd 2025-ci il avqustun 8-də Ağ Evdə götürülən öhdəliklərin icrası istiqamətində yeni addımdır və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyi hədəfləyir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, TRIPP (“Marşrut Tramplın beynəlxalq sülh və rifaha aparan yolu”) layihəsinin icrasına dair imzalanmış çərçivə sənədində razılaşdırılan, amma açıqlanmayan heç bir müddəa yoxdur.
“Armenpress”in məlumatına görə, Mirzoyan bunu Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.
“Razılaşdırılan hər müddəa kağızda təsbit olunub və dərc edilib. Bundan artıq heç nə razılaşdırılmayıb. Qaldırılıb, razılaşdırılıb, amma dərc edilməyən hər hansı şərt yoxdur”, - nazir qeyd edib.
Mirzoyanın sözlərinə görə, TRIPP şirkətinin səhmlərinin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistan Respublikasına məxsus olacaq. Nazir bunu tərəflərin investisiya həcmləri ilə izah edib: ABŞ-nin iri investisiya yatıracağını, Ermənistanın əsas töhfəsinin isə tikinti hüququ olacağını bildirib.
Mirzoyan əlavə edib ki, söhbət növbəti 49 il üçün tərəfdaşlıq çərçivəsindən gedir. Bu müddətdən sonra pay bölgüsünün dəyişərək “demək olar ki, bərabər” olacağı gözlənilir. Onun sözlərinə görə, tərəfdaşlığın daha 50 il uzadılması ehtimalı nəzərdən keçirilir və həmin halda Ermənistan hökumətinin payı 49- faizə yüksələ bilər.
Nazir vurğulayıb ki, açıqlanan sənəd mühüm nailiyyət sayılsa da, yekun hüquqi sənəd deyil. O, 2025-ci il avqustun 8-də Vaşinqtonda dərc edilmiş deklarasiya ilə layihənin icrasına dair son hüquqi sənəd arasında “ara” mərhələ kimi qiymətləndirilir.
Mirzoyan, həmçinin bildirib ki, TRIPP layihəsində Rusiya və Türkiyənin iştirakı müzakirə olunmayıb. Türkiyə ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, TRIPP Ermənistan-ABŞ birgə biznes layihəsidir, buna görə Ankara ilə konkret bu formatda danışıq aparılmayıb. Bununla belə, o, daha geniş “kommunikasiyaların açılması” kontekstində iri logistika keçidinin Türkiyənin iştirakı olmadan tam təmin olunmasının çətin olacağını deyərək, Gümrü-Qars yolunun Avropaya çıxış üçün vacib olduğuna diqqət çəkib.
Rusiya ilə bağlı suala cavabda isə Mirzoyan bildirib ki, layihənin çərçivələri aydındır və bu formatda Moskvanın iştirakı müzakirə edilməyib. Eyni zamanda, daha geniş nəqliyyat-kommunikasiya blokunun açılması prosesində Rusiyanın rolunun mümkünlüyünü istisna etməyərək, “Rusiyanı kənarda saxlamaq niyyətində deyilik” deyib.
Nazirin sözlərinə görə, infrastruktura dair siyasi və iqtisadi baxış təqdim olunub və Yerasx və Gümrü istiqamətlərində, eləcə də çatışmayan hissələrdə dəmir yolu xətlərinin tez bərpasına ehtiyac var. Bu yanaşmanın Rusiya tərəfinə də çatdırıldığını bildirən Mirzoyan əlavə edib ki, reaksiya olmasa, digər ssenarilər nəzərdən keçiriləcək.
Yanvarın 13-də Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək TRIPP layihəsinin icrasına dair çərçivə proqramını açıqlayıblar. Məlumata görə, sənəd 2025-ci il avqustun 8-də Ağ Evdə götürülən öhdəliklərin icrası istiqamətində yeni addım kimi təqdim olunur və Ermənistan ərazisindən keçən fasiləsiz multimodal tranzit bağlantısı yaratmağı hədəfləyir.
Çərçivə proqramının məqsədi, layihə müəlliflərinin iddiasına görə, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə əlaqələndirməklə yanaşı, Transxəzər ticarət marşrutu üçün də mühüm həlqə formalaşdırmaq, bununla da regionda ticarət və nəqliyyat əlçatanlığını genişləndirməkdir. Sənəddə TRIPP-in uğuru üçün suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq prinsiplərinin əhəmiyyəti də vurğulanır.