Yanvarın 12-də “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə sənədlərin tədqiqi mərhələsi davam edib.
İclasda istintaq materialları arasında “Toplum TV”nin ofisində və təqsirləndirilən şəxslərin evlərində pul vəsaiti aşkarlandığını iddia edən axtarış protokolları elan olunub. Müdafiə tərəfi bu protokollara etiraz edərək, pulları polis əməkdaşlarının evlərə “qoyduğunu” bildirib.
Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı İlkin Əmrahov əvvəlki iclaslarda verdiyi ifadəni xatırladıb. O bildirib ki, evində axtarış aparılarkən polis əməkdaşları pulları əlinə alıb saymasını tələb ediblər, əks halda evdə olan babasının da həbs ediləcəyi ilə hədələyiblər. Digər təqsirləndirilənlər isə tapıldığı deyilən pullara ümumiyyətlə əl vurmadıqlarını deyiblər.
“Toplum TV” əməkdaşı Fərid İsmayılov da məhkəmədə çıxışı zamanı prezidentin köməkçisi Hikmət Hacıyevin onunla müsahibəsində həbs olunan şəxslərin qaçaqmalçılıqla məşğul olduqlarını iddia etdiyini xatırladıb. İsmayılov bu səbəbdən Hikmət Hacıyevin məhkəməyə çağırılaraq dindirilməsini və iddialara aydınlıq gətirməsini təklif edib.
İclasda çıxış edən media eksperti və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli səhhətinin yaxşı olmadığını bildirib. O, əvvəlki prosesdə hakimin təcridxanada səhhətinin mütəmadi yoxlanılması barədə tapşırıq verdiyini, lakin ötən həftə ərzində bunun təmin edilmədiyini deyib. Proses başa çatdıqdan sonra Ələsgər Məmmədli üçün həkim çağırıldığı qeyd olunub.
Növbəti məhkəmə iclası yanvarın 19-na təyin edilib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi bildirilir.
Saxlanılan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham ediliblər, sonradan isə ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.