Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın enerji sistemləri “mütləq və birmənalı şəkildə” bir-birinə qoşulacaq və bu, iki ölkənin idxal-ixrac imkanlarından eyni şərtlərlə qarşılıqlı yararlanmasına şərait yaradacaq.
Paşinyan bu fikirləri çərşənbə günü Ermənistan parlamentində müxalif “Ermənistan Alyansı” fraksiyasından deputat Artur Xaçaturyanın sualına cavab verərkən səsləndirib.
Deputat ABŞ və Ermənistan arasında yanvar ayında imzalandığı qeyd olunan TRIPP-in Çərçivə Sənədində Azərbaycanın Naxçıvana çıxış marşrutunun təmin edilməsi müqabilində Ermənistanın hansı “qarşılıqlı fayda” əldə edəcəyini soruşub.
Paşinyanın sözlərinə görə, Ermənistan bu faydaların bir hissəsini artıq görüb. O, misal kimi 2025-ci ilin dekabrından etibarən Azərbaycandan yanacaq idxalının başlamasından sonra yanacaq qiymətlərinin əhəmiyyətli şəkildə ucuzlaşdığını göstərib. Baş nazir digər nümunə kimi 2025-ci ilin noyabrından etibarən Rusiya və Qazaxıstan buğdasının Ermənistana Azərbaycan üzərindən daşınmasını qeyd edib.
Xaçaturyan daha sonra ermənilərin hansı tarixdən və hansı şərtlərlə Azərbaycan sərhədini Ermənistan qatarı ilə keçə biləcəyini, habelə “Tramp marşrutu”nun icra çərçivəsinə bənzər şəkildə, ermənilərin azərbaycanlılarla birbaşa təmas etməməsi üçün qarşılıqlı “ön” və “arxa ofislər”in yaradılıb-yaradılmayacağını soruşub.
Paşinyan bu sualın siyasi tərəfinə fokuslanaraq birbaşa cavab verməyib və keçidin dəmir yolu hazır olandan sonra mümkün olacağını bildirib. O, istehzalı şəkildə həmin dəmir yolunu “fraksiya lideriniz Seyran Ohanyan və siyasi lideriniz Robert Koçaryanın söküb satdığını” deyib və əlavə edib ki, “qatarı çiynində daşımaq mümkün deyil”.
Baş nazir həmçinin bildirib ki, hazırda Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu bağlantısı olmadığı üçün yüklər Gürcüstan üzərindən daşınır.
Bu həftənin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunda panel müzakirəsində çıxışı zamanı Azərbaycanın “de-fakto birtərəfli qaydada dəhlizləri açdığını” deyib. Əliyevin sözlərinə görə, hazırda daşımalar Gürcüstan üzərindən getsə də, gələcəkdə Ermənistan üzərindən də həyata keçiriləcək: “Bir gün yüklər Ermənistanla gedəcək. O gün uzaqda deyil”.
Bundan əvvəl, yanvar ayında Ermənistan və Azərbaycan Yerasx–Sədərək dəmir yolu hissəsinin mövcud vəziyyəti ilə bağlı birgə baxış keçirib. Ermənistan tərəfi bildirib ki, yoxlamanın məqsədi infrastrukturun bərpası üçün dəmir yolu sahəsinin ixtisaslaşmış tikinti texnikasının hərəkətinə texniki yararlılığını qiymətləndirmək olub.
Foto: Armenpress