Araşdırma: Ağdamdakı “İmarət” stadionunun bərpası üçün 35,6 milyon dollarlıq müqavilə prezidentin ailəsi ilə əlaqəli şirkətə verilib

Araşdırma: Ağdamdakı “İmarət” stadionunun bərpası üçün 35,6 milyon dollarlıq müqavilə prezidentin ailəsi ilə əlaqəli şirkətə verilib
9 Yanvar 2026
Mətni dəyiş

Azərbaycan hökuməti Ağdam şəhərində futbol stadionunun bərpası ilə bağlı 35,6 milyon dollarlıq dövlət müqaviləsini Prezident İlham Əliyevin ailə üzvləri ilə əlaqələndirilən biznes qrupuna bağlı şirkətə verib. Bu barədə məlumat “Meydan TV”nin dərc etdiyi yeni araşdırmada yer alıb.

Araşdırmaya görə, Gənclər və İdman Nazirliyi müqaviləni “PMD Projects LLC” şirkətinə verib və sənəd Azərbaycan dövlət satınalmaları portalında dərc olunub. Müqavilə ölkənin aparıcı klublarından “Qarabağ” FK-nın keçmiş ev stadionu sayılan “İmarət” stadionunun yenidən qurulmasını əhatə edir.

OCCRP qeyd edir ki, bu müqavilə 2020-ci il Qarabağ müharibəsindən sonra geri qaytarılan ərazilərdə aparılan bərpa-quruculuq proqramında şəffaflıq və maraqlar toqquşması ilə bağlı narahatlıqları gücləndirir. Belə ki, iri layihələrin ardıcıl şəkildə siyasi əlaqələri olan şirkətlərə verilməsi tənqid mövzusudur.

Araşdırmada bildirilir ki, “PMD Projects” “PMD Group LLC”nin törəmə şirkətidir. “PMD Group” isə bir sıra mənbələrdə ölkənin iri konqlomeratlarından sayılan “PASHA Holding” “çətiri” altında fəaliyyət göstərən struktur kimi təsvir olunur. OCCRP-nin yazdığına görə, açıq maliyyə açıqlamalarında son benefisiarlar sırasında prezidentin qızları Leyla və Arzu Əliyeva, qayınatası Arif Paşayev, eləcə də həyat yoldaşının əmisi oğlu Mir Camal Paşayevin adları çəkilir.

Layihə 2024-cü ilin sentyabrında yüksək səviyyəli tədbirlə təqdim edilib. Rəsmi məlumata əsasən, stadion kompleksinin bünövrəqoyma mərasimində Prezident İlham Əliyev, oğlu Heydər Əliyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. Prezident Administrasiyasının açıqlamasında 19 hektarlıq ərazidə 11 700 yerlik stadion, məşq qurğuları, VIP zonalar və kommersiya sahələrinin nəzərdə tutulduğu bildirilib.

Məqalədə həmçinin vurğulanır ki, nazirlik şərh sorğularına cavab verməyib. Dizayn işlərini “Design Bureau LLC”nin icra etdiyi bildirilir. “Abzas Media” daha əvvəl bu şirkətin “PMD Group” və “PASHA Holding” ilə eyni ünvan və kadr bağlantıları, eləcə də dövlət bərpa müqavilələri alması barədə araşdırma dərc edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun