Fərid İsmayılov Hikmət Hacıyevə: “Nə vaxt sözünüzə əməl edib bu özbaşınalığı dayandıracaqsınız?”

Fərid İsmayılov Hikmət Hacıyevə: “Nə vaxt sözünüzə əməl edib bu özbaşınalığı dayandıracaqsınız?”
7 Yanvar 2026
Mətni dəyiş

“Toplum TV işi” üzrə həbs olunan jurnalist Fərid İsmayılov prezidentin köməkçisi Hikmət Hacıyevə açıq müraciət ünvanlayıb.

Müraciət “Toplum TV”də dərc olunub. Jurnalist yazır ki, BMT-nin İqlim Dəyişmələri Konfransı - COP29 tədbirində Hikmət Hacıyevə verdiyi suallardan sonra Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) təqib və təzyiqlərinə məruz qalıb.

Fərid İsmayılov müraciətində bildirib:

“Sizə COP29 tədbirində verdiyim suallardan sonra Bakı Şəhər Baş Polis İdarəsinin ard-arda təqib və təzyiqlərinə məruz qaldım. Yekunda oğurlanaraq 6 ağır maddə ilə həbs olundum. Bu müddət ərzində nə istintaq, nə məhkəmə orqanı ittiham olunduğum maddələrlə bağlı hansısa sübut ortaya qoya bildi, əvəzində BŞBPİ əməkdaşları sizinlə etdiyim müsahibənin mənim həbsimə əsas olduğunu etiraf ediblər. Siz özünüz də bu cinayət işinin əslində siyasi iş olduğunu mənə verdiyiniz cavabda təsdiqləmişdiniz”.

Jurnalist qeyd edib ki, Hikmət Hacıyev COP29 tədbirindəki söhbət zamanı Azərbaycan məhkəməsinin bu işdə ədalətli qərar verəcəyinə inandığını deyib. İsmayılov məhkəmə prosesinin gedişini sərt tənqid edərək yazıb:

“Cənab Hacıyev, COP29 tədbirində söhbətimiz zamanı Azərbaycanın məhkəməsinin bu cinayət işində ədalətli olacağına inanaraq söz vermişdiniz. 10-cu aydır ki, məhkəmə prosesi aparılır, belə proses olsa-olsa şəriət məhkəməsində ola bilər”.

Müraciətdə ölkədə jurnalistlərin sual verdiklərinə görə cəzalandırıldığı vurğulanıb:

“Sizə sual vermək, həm də bəyənmədiyiniz sualı vermək bu ölkədə cinayət sayılır. Mən yenidən “cinayət” törədərək soruşuram: Nə vaxt sözünüzə əməl edib bu özbaşınalığı dayandıracaqsınız?”

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər haqqında cinayət işi açıldığı bildirilir. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayevin həbs olunduğu qeyd edilir. Jurnalist Elmir Abbasovun polis nəzarətinə verildiyi, “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızının isə əvvəl ev dustaqlığına buraxıldığı, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçildiyi bildirilir.

Bu iş üzrə saxlanılanlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilən şəxslər ittihamları rədd edir və həbslərinin siyasi sifarişlə bağlı olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun