Almaniya məhkəməsi Bundestaqın sabiq deputatı Aksel Fişeri Azərbaycan hökumətindən on minlərlə avro rüşvət almaq ittihamı ilə 1 il 2 ay müddətinə şərti həbs cəzasına məhkum edib.
Yanvarın 22-də elan edilən qərarda Münhen Ali Vilayət Məhkəməsi Aksel Fişerin Azərbaycan rəsmiləri ilə Avropa Şurası Parlament Assambleyasında (AŞPA/PACE) Bakının maraqlarını təbliğ etmək barədə “qanunsuz razılaşma” bağladığı qənaətinə gəlib.
Qərara əsasən, şərti cəza ilə yanaşı hakim Fişerin iki il müddətinə dövlət vəzifəsi tutmasını qadağan edib, 20 min avronun (23 min 480 dollar) müsadirə olunmasına qərar verib və onun qurbanlara dəstək fonduna 12 min avro (14 min dollar) ödəməsini tələb edib.
Fişer 2021-ci ilədək Xristian Demokrat İttifaqının (CDU) deputatı olub və 2010–2018-ci illərdə Almaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərib. Məhkəmənin müəyyənləşdirdiyinə görə, o, həmin dövrdə məxfi sənədləri Azərbaycan nümayəndələri ilə paylaşıb, Azərbaycanyönlü çıxışlar edib və müxtəlif səsvermələrdə dəfələrlə Bakının xeyrinə səs verib.
Məhkəmə bildirib ki, razılaşma 2011-ci ildən etibarən mövcud olsa da, Fişerin 2014-cü ilin avqustunadək nağd şəkildə aldığı 79 min avroluq (92 min 700 dollar) ödənişlər cinayət təqibinə cəlb edilə bilməz. Səbəb kimi, həmin ödənişlərin Almaniyada deputatların mandatlarını icra etmələri müqabilində fayda qəbul etməsini, o cümlədən AŞPA üzvlərinə aid halları cinayət sayan siyasi rüşvətxorluq qanununun qüvvəyə minməsindən əvvəl baş verdiyi göstərilib.
Bununla belə, hakim Fişerin qanun qüvvəyə mindikdən sonra ümumilikdə 24 min 500 avro (28 min 770 dollar) məbləğində əlavə nağd ödəniş aldığını təsdiqlənmiş hesab edib.
Aksel Fişer ittihamları rədd edib və Azərbaycandan heç vaxt pul almadığını iddia edib. Məhkəmə onun izahatlarını inandırıcı saymayıb. Bildirilir ki, Fischerin vəkilləri hökmü apellyasiya edirlər. Bu iş sabiq alman deputatın dövlət vəzifəsində olduğu dövrdə rüşvət almağa görə məhkum edildiyi ilk hal kimi qiymətləndirilir.
Bu qərar elə həmin Münhen məhkəməsinin 2025-ci ilin iyulunda sabiq CDU deputatı Eduard Lintneri rüşvət ittihamı ilə məhkum etməsindən sonra verilib. Lintner məhkəmə prosesi boyunca davranışlarını “şərəfli motivlər”lə əsaslandırdığı, bunu “qanuni lobbiçilik” kimi qiymətləndirdiyi mövqeyində qalıb. Onun da cəzasından apellyasiya şikayəti verdiyi bildirilir.
Lintner “Azərbaycan Laundromatı” kimi tanınan, 2017-ci ildə OCCRP və media tərəfdaşlarının ifşa etdiyi iri miqyaslı çirkli pulların yuyulması sxemi ilə əlaqələndirilir. Araşdırmada göstərilirdi ki, Azərbaycanın hakim elitası 2,9 milyard dollarlıq “qara büdcə” (slush fund) hesabına həm özlərini varlandırıb, həm də ölkənin insan hüquqları vəziyyəti ilə bağlı beynəlxalq tənqidlərin artdığı dövrdə imicini “ağartmaq” üçün Avropadan olan siyasətçilərə ödənişlər edib.
Lintner və Fişer ilkin olaraq birlikdə məhkəmə qarşısına çıxmalı idilər. Lakin Fişerin işi sonradan xəstəlik səbəbi ilə təxirə salınıb.
Aksel Fişerin məhkum edilməsinə reaksiya verən “Transparency International Germany” bəyan edib ki, “bəzi Avropa siyasətçiləri Azərbaycanın maraqlarını irəli aparmaq və Avropa Şurası daxilində narazılığı susdurmaq üçün rüşvət qəbul edərkən, insan hüquqları fəalları və siyasi məhbuslar Bakıda dəmir barmaqlıqlar arxasında otururdular”.
Qurum hökmü “Almaniyada və Avropada hesabatlılıq üçün mühüm irəliləyiş” adlandıraraq, “Laundromat” qalmaqalı ilə əlaqələndirilən digər ölkələri də Berlinin yolunu davam etdirməyə çağırıb.