“Atlantik Şurası”: “Rusiya və İranı TRIPP layihəsindən çıxarmaq Paşinyan və Əliyevə daha çox fəaliyyət azadlığı verəcək”

“Atlantik Şurası”: “Rusiya və İranı TRIPP layihəsindən çıxarmaq Paşinyan və Əliyevə daha çox fəaliyyət azadlığı verəcək” Foto: Prezident.az
25 Yanvar 2026
Mətni dəyiş

ABŞ-nin “Atlantik Şurası” (Atlantic Council) analitik mərkəzi TRIPP layihəsinin Vaşinqton, Yerevan və bütün Xəzər regionu üçün faydalı ola biləcəyini yazır.
 
Məqalədə qeyd olunur ki, ABŞ hökuməti qapalı müzakirələrdə “Orta Dəhliz”i - Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə, Azərbaycanın və Gürcüstanın logistika-infrastruktur qovşaqları üzərindən Türkiyə və Avropa ilə birləşdirən multimodal ticarət marşrutunu - dəstəkləyir. Vaşinqton və Avropalı tərəfdaşlar Orta Dəhlizi Asiya ilə quru ticarətində Rusiyadan yan keçmək üçün vasitə kimi dəyərləndirir. Bu çərçivədə Mərkəzi Asiyadan kritik minerallar və nadir torpaq elementlərinin potensial ixracı da vurğulanır.
 
Yazıda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin qlobal bazarlarla daha yaxşı inteqrasiya hesabına rifahı artırmağa çalışdığı, TRIPP-in isə Qafqazdan keçən əlavə marşrut kimi nəqliyyat sistemlərinin ötürücülük qabiliyyətini artıracağı bildirilir. Məqaləyə görə, layihənin uğurlu icrası Mərkəzi Asiyadan Avropaya və daha geniş coğrafiyaya məhsul və kritik xammalın çatdırılmasını ucuzlaşdıra və sürətləndirə bilər.
 
Bununla belə, analitik mərkəz daha ucuz və sürətli logistikanın risklər doğura biləcəyini də qeyd edir. Məqalədə deyilir ki, Cənubi Qafqaz zaman-zaman Rusiyanın və İranın sanksiyalardan yayınması üçün mərkəzə çevrilib, hətta Moskva ilə Tehran arasında sanksiyalardan yayınma sxemlərinin də düyün nöqtəsi ola bilər. TRIPP-in regional ticarət marşrutu kimi uğuru, məqalə müəlliflərinin fikrincə, Avropa-Asiya ticarətinə tələbdən asılıdır: geosiyasi qeyri-sabitlik, layihənin iqtisadi səmərəliliyi fonunda Orta Dəhliz boyunca yüksək nəqliyyat xərcləri və ya yüklərin yenidən Rusiya və İran marşrutlarına yönəlməsi TRIPP-in perspektivlərini zəiflədə bilər.
 
Məqalədə TRIPP-in “təkcə Tramp administrasiyasının nailiyyəti olmadığı”, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan uzaqlaşmasının “yeni mərhələsi” kimi təqdim edildiyi bildirilir. Qeyd olunur ki, Ermənistan uzun illər təhlükəsizlik məsələlərində Moskvadan asılı olub və bu, Rusiyanın ölkənin daxili və xarici siyasətində dominant mövqeyini möhkəmləndirib. Məqalədə iddia edilir ki, Rusiya 2020-ci il Qarabağ müharibəsi zamanı müdaxilə etmədikdən sonra Paşinyan mövqeyini dəyişib və Azərbaycanınla sülh sazişini Rusiyanın təsirini azaltmağın yeganə yolu kimi görməyə başlayıb. Bununla yanaşı, Paşinyanın Hindistan, Fransa, Yunanıstan və Kiprlə iri müdafiə sazişləri bağladığı da xatırladılır.
 
Analitik mərkəz qeyd edir ki, regionda ABŞ-nin mövcudluğunun artmasından narahat olan tək qonşu Rusiya deyil. İran da Ermənistanla şimal sərhədində istənilən “status-kvo” dəyişikliyini “qırmızı xətt” adlandırır. Məqalədə 2022-ci ildə Tehranın Azərbaycanın sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirməsi və ali dini lider Ayətullah Əli Xameneyinin yüksək rütbəli müşavirinin Cənubi Qafqazı “Donald Trampın muzdlu dəstələrinin qəbiristanlığına” çevirməklə hədələməsi də xatırladılır. Bununla belə, yazıda İranın hazırda əvvəlki onilliklərlə müqayisədə daha zəif olduğu, etirazların hakimiyyətin sabitliyinə təhdid yaratdığı və Tehranın TRIPP-in ABŞ tərəfindən “təhlükəsizlik siyasəti” çərçivəsində istifadə oluna biləcəyi ilə bağlı narahatlığını nisbətən yumşaq ifadə etdiyi iddia olunur.
 
Məqalədə həmçinin bildirilir ki, ötən ay Paşinyan TRIPP layihəsinin Vaşinqtonla koordinasiyasına cavabdeh olan xarici işlər nazirinin müavini Vaan Kostanyanı İsrailə göndərib. Yazıda bu səfərin Paşinyanın İranla münasibətlərdə də Rusiya ilə bağlı buraxdığını düşündüyü “eyni səhvə yol verməmək” niyyəti kimi şərh edildiyi qeyd olunur.
 
“Atlantik Şurası” məqaləsində vurğulanır ki, bu addımlar Ermənistan üçün həlledici bir dövrə təsadüf edir: 2026-cı il parlament seçkiləri ərəfəsində Paşinyanın sülh xəttinin və Qərblə əlaqələrin qurulmasının nəticə verdiyini göstərməyə ehtiyacı var.
 
Sonda məqalə TRIPP-in icrasının “böyük uğur” kimi görünə biləcəyini yazır. Layihə ABŞ şirkətləri üçün Orta Dəhlizin birləşdirilməsində mühüm həlqənin yaradılması imkanları vəd edir. Müəlliflər əlavə edirlər ki, Rusiyanın və İranın prosesdən kənarda qalması onların regionda iqtisadi təzyiq imkanlarını azalda, Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevə daha geniş manevr imkanı verə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun