Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ictimai fəal Elgiz Qəhrəmanın şikayəti üzrə qərarında Azərbaycanın onun barəsində polis zorakılığı iddialarını effektiv araşdırmadığını, həbs və saxlanmanın əsaslı şübhə olmadan aparıldığını və məhkəmə araşdırmasının ədalətli keçirilmədiyini bildirib.
AİHM-in Komitəsi “Qəhrəman Azərbaycana qarşı” işi üzrə 2025-ci il dekabrın 2-də qərar qəbul edib. Qərar yanvarın 13-də yazılı şəkildə elan olunub.
Məhkəmə materiallarına görə, hadisələr zamanı Elgiz Qəhrəman NİDA vətəndaş hərəkatının üzvü olub. İşin başlanğıcı kimi, 2016-cı ilin iyulunda konstitusiya dəyişiklikləri müzakirələri fonunda - prezidentliyə namizədlər üçün minimum yaş tələbinin aradan qaldırılması ideyası ilə bağlı açıqlamalar və bununla bağlı mediada yayılan şərhlər göstərilir. Həmin gün Qəhrəman Facebook hesabında “İnşallah, ömrü Şah İsmayılınkı qədər qısa olar” məzmunlu paylaşım edib. O, sonradan hakimiyyətin bunu prezidentin oğlu ilə bağlı eyham kimi yozduğunu bildirib.
Qəhrəman 2016-cı il avqust 12-də saxlandığını, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və narkotikin ona zorla qoyulduğunu bildirib. Rəsmi tərəf isə onun üzərində küçədə aparılan axtarış zamanı 3,315 qram heroin aşkarlandığını iddia edib.
Qəhrəman polis nəzarətində zorakılığa məruz qaldığını, bu səbəbdən özünə qarşı ifadələr verdiyini deyib və şikayət edib. AİHM qeyd edib ki, şikayət səlahiyyətli orqanlara gec ötürülüb, tibbi müayinə isə iddia edilən zorakılıqdan 40 gündən çox sonra aparılıb. Məhkəmənin qənaətincə, bu gecikmələr araşdırmanın effektivliyinə ciddi zərbə vurub. Həmçinin yerli orqanların polis əməkdaşları ilə şikayətçinin ifadələri arasındakı ziddiyyəti aradan qaldırmaq üçün üzləşdirmə aparmaması, digər mümkün şahidlərin dindirilməməsi də tənqid olunub.
Nəticədə AİHM Konvensiyanın 3-cü maddəsinin (işgəncənin və qeyri-insani rəftarın qadağanı) prosessual hissəsinin, yəni, zorakılıq iddialarının effektiv araşdırılması öhdəliyinin pozulduğunu tanıyıb. Bununla yanaşı, Məhkəmə təqdim edilən sübutların çatışmazlığı səbəbindən Qəhrəmanın iddia etdiyi zorakılığın baş verdiyini “ağlabatan şübhədən kənar” standartla təsdiqləyə bilmədiyini bildirərək 3-cü maddənin maddi hissəsi üzrə pozuntu müəyyən etməyib.
AİHM həmçinin Qəhrəmanın istintaq dövründə məhkəmə iclasında metal qəfəsdə saxlanılması ilə bağlı şikayətini əsaslı sayıb və bunu alçaldıcı rəftar kimi qiymətləndirərək Konvensiyanın 3-cü maddəsinin pozuntusu kimi tanıyıb.
Məhkəmə qərarında Qəhrəmanın həbs və saxlanmasının Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə zidd olduğunu göstərib. Qərarda vurğulanıb ki, iş materiallarında narkotik dövriyyəsi ilə bağlı “operativ məlumatın” necə əldə edilməsi, mənbənin kimliyi və məlumatın etibarlılığı kimi məsələlər aydın görünmür; istintaq isə əsasən axtarış əməliyyatları ilə məhdudlaşıb və Qəhrəmanın narkotik alverinə aidliyini göstərən əlavə dəlillər ortaya qoyulmayıb.
AİHM əlavə edib ki, hökm həlledici dərəcədə axtarış zamanı tapıldığı deyilən fiziki sübuta - heroinə söykənib, lakin həmin sübutun əldə edilməsi şəraiti və etibarlılığı ilə bağlı iradlar yerli məhkəmələr tərəfindən lazımi qaydada qiymətləndirilməyib. Buna görə Məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə də pozuntu müəyyən edib.
Elgiz Qəhrəman həmçinin həbsin əsl məqsədinin onu sosial-siyasi fəallığına və NİDA-dakı fəaliyyətinə görə cəzalandırmaq olduğunu deyib. AİHM bu şikayəti Konvensiyanın 18-ci maddəsi (hüquqların məhdudlaşdırılmasının nəzərdə tutulmayan məqsədlərlə tətbiqi) ilə 5-ci maddə birlikdə qiymətləndirib və pozuntu aşkar edib.
Məhkəmə Azərbaycanın Elgiz Qəhrəmana mənəvi zərərə görə 10 min avro, məhkəmə xərcləri üçün isə 2 054,81 avro ödəməsinə qərar verib. Xərclər üzrə məbləğin birbaşa onun nümayəndəsi - vəkil Fariz Namazlının bank hesabına köçürülməsi göstərilib. Ödənişlər 3 ay müddətində edilməlidir; gecikmə olarsa, Avropa Mərkəzi Bankının dərəcəsi üzərinə əlavə faiz hesablanacaq.
AİHM qalan şikayətlər üzrə ayrıca baxılmasına ehtiyac görmədiyini bildirib.