Sonuncu yediyim yemək Elnarənin toyuq əti ilə qovurduğu makaron oldu. 21 iyul axşam 6-da bu nəfis yeməyi yeyib, növbəti gündən aclığa başladıq. Yemək məni necə tox tutmuşdusa, 1 həftə aclıq hiss eləmədim.
Aclığa başladığımız gün çox simvolik idi. 22 iyul Milli Mətbuat günü. Mətbuatın yaranmasının 150 illiyində həbsdəki 4 jurnalist qanunsuzluğa etiraz olaraq aclıq edirdi.
Həmin gün İlham Əliyev suallarını razılaşdırdığı “jurnalistləri” başına yığıb özlərini “ağıllı” apardıqlarına görə ziyafət verirdi. Tox adamlar qol-boyun olub şəkil çəkdirir və özlərini elə aparırdılar ki, sanki Zərdabinin davamçılarıdırlar.
Bəs həmin vaxt biz təcridxanada nələrlə üzləşirdik? Həmin gün təcridxana rəisinin təlim-tərbiyə işləri üzrə müavini Əhəd Abdıyev qızlarla ayrı-ayrılıqda bizi rəisin və onun yanında olan Penitensiar Xidmətin əməkdaşlarının qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardı. Saat yarım Əhəd Abdıyevin otağında bir kişi və qadının müşayiəti ilə gözlədim. Televizor açıq idi, "Space TV"də yenə ailə-məişət mövzusunda veriliş gedirdi. Veriliş o qədər cansıxıcı idi ki, TV-yə yox bir-birimizə baxırdıq. Vaxt o qədər bol idi ki, müavinin otağında Heydər və İlham Əliyevin şəkillərini saymağa başladım. Bir balaca otaqdan Əliyevlərin 11 şəkli boylanırdı. Corc Oruellin təbirincə desək, “Böyük qardaş” bizi hər yerdə izləyirdi. Yəqin bu şəkillər sədaqətə heç bir şübhə yeri qalmasın deyə hər künc-bucağa qoyulub.
Otaqda Əhəd Abdıyevin bəzəkli çərçivəyə salınmış sertifikatı da gözümə dəyir. Məlum olur ki, təlimçilərə keçirilən təlimdə iştirak etdiyi üçün sertifikat verilib. Əliyevlərin 11 şəklinin altında 1 sertifikat çox zəif görünür. Amma rəis müavinin vəzifəsində qalmağa səbəb o 11 şəkildir, 1 sertifikat deyil.
Saat yarımdan sonra Əhəd Abdiyev xəbər gətirir ki, Penitensiar Xidmətin əməkdaşları fikirlərini dəyişiblər, bizimlə görüşmək istəməyiblər. Bu vaxt məni gülmək tutur. Deyirəm, cürət eləmədilər, ağıllı adamlardılar.
Penitensiar Xidmətin əməkdaşı kimi özünü təqdim edən Əvəz adlı şəxs dəhlizdə soruşur ki, “aclıq etməklə bağlı fikriniz qətidirmi?” Deyirəm, qətidir. Bunu dəftərinə yazıb gedir.
Qayıdanda iki nəfərlik, amma tək saxlanacağım otağa keçirəm. Divar boyu dırmaşan qarışqalarla salamlaşıram. Otağı yır-yığış etmək üçün otaq yoldaşlarım nəzarətçilərə dil töksələr də xeyri olmur. Mən də israr etmələrini istəməyib otağı təkbaşına təmizləyirəm və əşyalarımı yerləşdirirəm. Öncədən əşyalarımız yoxlanılır ki, birdən içində yemək olar.
Məlum olur ki, otaqda duş sistemi yoxdur. Bu otaqda qalanlar dizlərini yerə atıb yuyunmağa məcbur olublar. Əl-üz yuyan kran da demək olar işləmir, sızqa su gəlir. Yayın ortası olsa da, pəncərələrin şüşələri çıxarılmayıb. Bu otaqda qalan məhbuslar cəmi bir pəncərədən gələn havaya möhtac qalıblar.
Otaqda televizor işləmir, pult da yoxdur. Otağa daxil olduğum gün gəzinti yeri bağlanmışdı. Halbuki 3 saat sonra bağlanmalı idi. Baş nəzarətçi Əzizə Məmmədova dedi ki, “rəisə məruzə olunmalıdır, ondan sonra qapı açılacaq”. Gəzintinin qapısı nə vaxtdan rəisə məruzə olunurdu? Bu minvalla 1 saat keçdi. Otaqda günün istisində nəfəs almaq çətinləşirdi. Bir saatdan sonra həkim gəldi və elə o vaxt gəzinti yerinin qapısı açıldı.
Növbəti gün yenə eyni hadisə yaşandı. Bütün kameraların gəzinti yerləri saat 10-a qədər açıldı, amma qızlarla mənim qapım açılmadı. Nəfəslikdən 2 saat qışqırıb “Elnur İsmayılov, "proqulumuzu" (red.: gəzinti) aç” deyəndən sonra saat 12-də qapımız açıldı. Yenə eyni səbəb göstərdilər – rəisə məruzə olunmalı idi. Növbəti gün rəisin məruzəyə ehtiyacı olmadı, qapılarımız vaxtında açıldı.
Otağın pəncərələrindəki şüşələr ilk gün çıxarıldı, televizora baxılıb pultun alınacağı deyildi, amma alınmadı. 5 gün sonra duş sistemi gətirildi. Psixoloq Təranə Quliyeva dedi ki, duşu özü alıb. Bəs təcridxananın inventarı haradadır? Niyə psixoloq şəxsi vəsaiti ilə duş sistemi almalıdır? Bəs inventar üçün dövlət büdcəsində ayrılan vəsaitlər hara gedib? Bu suallar da rəis Elnur İsmayılova məruzə olunsa, şad olaram.
Aclığa başladığımız gündən soyuq su gün ərzində 2 saatdan 40 dəqiqəyə endirildi, isti su heç verilmədi. Üç mərtəbədə yerləşən 350-yə yaxın məhbus üç gün susuzluqdan əziyyət çəkdi. Qadın məhbuslar gileylənməyə başladı ki, bu, bizə görədir və onlar niyə jurnalistlərə görə əziyyət çəkməlidirlər?
Bu halı biz öncəki aclıq aksiyamızda (2 iyul) yaşamışdıq. Elnarə telefona çıxıb aclığa başladığımızı ailəsinə xəbər verən vaxt telefonu kəsildi. Telefon saatlarla bağlı saxlanıldı. Qadın məhbuslar “telefon niyə işləmir?” soruşanda nəzarətçi Cahan İbrahimli “Siyasilərə görədir. İnanırsan, bezmişik əllərindən” dedi. Baş nəzarətçi Əzizə Məmmədova da “dustağın qapısını dustaq bağlayır” əlavəsini elədi. Bundan sonra nəfəsliklərdən qadınlar Elnarənin üstünə qışqırmağa başladılar. “Sizin uşağınız yoxdur deyə vecinizə deyil, amma biz uşaqlarımızla danışmalıyıq,”- deyə qadın məhbus şikayət elədi. Elnarə də “Biz məhbuslarla konfliktə girmirik. Şikayətinizi rəisinizə deyərsiniz. Telefonu mən bağlamıram,”- dedi.
Aclıq müddətində nəzarətçilər tez-tez gəlib tək qaldığımız otaqlarda bizimlə maraqlanmalı olsalar da, kiçik istisnalarla böyük əksəriyyəti bunu etmədi. Nəzarətçi Cahan İbrahimli, başqa korpusdan gətirilən Cavid Rəhimov istisna olmaqla heç kim maraqlanmadı. Huşumuzu itirsək, heç kimin xəbəri olmayacaqdı. Aclığın 5-ci günü ailəmlə görüşə getdim. Öyrəndim ki, burada başımıza gətirilənlərdən narahat olan, ürəyində aparatla gəzən anamın vəziyyəti pisləşib və bir gecə xəstəxanada yatılı müalicə alıb. Səhəri gün də durub görüşümə gəlib. Amma gətirdiyi paltarlarım içəri buraxılmamışdı. Cəmi 1 ədəd köynək, 1 ədəd şortik və 1 ədəd alt paltarını otağıma gətirdilər. Bir həftə bu paltarları geyinməli idim. Əşyalarım görüşdən çıxan ailə üzvlərimə təhvil verilmişdi.
Anam Ombudsman Aparatından Rəşid Rumzadə ilə danışandan sonra o, valideynimi əmin etmişdi ki, geyimlərim 1-ci gün yenidən təcridxanaya aparılsın, bu dəfə buraxılacaq. İkinci dəfə gətirilən geyim əşyalarım yenə də içəri buraxılmadı. Rəis müavini Əhəd Abdiyev çölə çıxaraq dostuma bildirib ki, mənə bir dəst paltar verilib və bu, bir həftə bəsimdir. Bəlkə də rəis müavini həftədə bir dəfə paltarların dəyişir deyə bu, onun üçün normaldı, amma şəxsi gigiyenasına fikir verən şəxslər hər gün yuyunub əyinlərin dəyişirlər. Əlbəttə göstəriş verən məlum idi - Elnur İsmayılov.
Rəis Elnur İsmayılovla görüşlərimizdə həmişə deyirdi ki, “siz ailə tərbiyəsi görmüsünüz, mən türmə tərbiyəsi”. Amma heç türmə tərbiyəsində də bir kişinin qadınla ədavətinə yaxşı baxılmır. Üstəlik bu ədavətə görə qadına alt paltarı buraxmamağa heç yaxşı baxılmır. Görünür, rəis təkcə ailə tərbiyəsi yox, heç türmə tərbiyəsi də görməyib. Biz yemək aclığı edən vaxt rəis tərbiyə aclığı çəkirdi.
Sevinc Vaqifqızı