Dövlət satınalmalarından uzaqlaşdırılan şirkət cəzası bitməmiş tenderin qalibi olub

Dövlət satınalmalarından uzaqlaşdırılan şirkət cəzası bitməmiş tenderin qalibi olub
13 İyun 2025
Mətni dəyiş

Şirkətin qanuni təmsilçilərindən biri Xalid Qasımov həm də “Kainat-Print” MMC-nin rəhbəridir və bu şirkət də eyni dövrdə dövlət qurumları ilə ümumi dəyəri 229 min 374 manat olan 7 satınalma müqaviləsi imzalayıb

Bu ilin yanvarında “Unisell” Məhdud Məsuliyyətli Cəmiyyəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 Saylı İdarəsilə dəyəri 58 min manat olan satınalma müqaviləsi imzalayıb. 

Müqavilədə qeyd olunub ki, şirkət iyunun 30-na kimi olan müddətdə dövlət qurumu üçün kompüter, printer, hard disk və bu kimi müxtəlif növ avadanlıqların alınması xidmətini göstərməlidir.

Ancaq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Etibarsız Təchizatçıların reyestr məlumatları”ndan məlum olur ki, müvafiq nəzarət orqanının qərarı ilə şirkət “etibarsız təchizatçı” elan edilib və 2025-ci ilin yanvarından 2026-cı ilin yanvarına qədər olan müddətdə dövlət satınalmalarından uzaqlaşdırılıb.

“Dövlət satınalmaları haqqında” Qanunun 16-cı maddəsində qeyd olunur ki, təchizatçılar satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırdıqda, 1 təqvim ili ərzində 3 və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina etdikdə və digər pozuntu baş verən hallarda nəzarət orqanının qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar.

Bu maddənin 4-cü bəndində qeyd olunur ki, təchizatçıların “etibarsız təchizatçıların reyestri”ndə qalma müddəti ərzində satınalmalarda iştirakına yol verilmir. Ancaq dövlət satınalmalarının rəsmi portalından məlum olur ki, “Unisell” MMC qanun tələbinə baxmayaraq, bu müddətdə 58 min manatlıq tenderin qalibi olub.

Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarından aydın olur ki, 2019-cu ilin dekabrında təsis edilən “Unisell” MMC-nin qanuni təmsilçisi Qasımov Elnur Ağamalı oğludur. Ancaq müxtəlif vaxtlarda onun qardaşı Xalid Qasımov da bu şirkətin qanuni təmsilçisi olub. 

“Abzas Media”nın yoxlamaları göstərir ki, dövlət satınalmalarından uzaqlaşdırılan “Unisell” MMC-nin rəhbərlərindən biri - Xalid Qasımov həm də “Kainat-Print” MMC-nin rəhbəridir. 

Hüquqi ünvanı Nizami rayonu, Qara Qarayev prospekti ev.124, mənzil 22 olan “Kainat-Print” MMC fəaliyyətdə olduğu müddətdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə, 3 hal üzrə maliyyə sanksiyalarına da məruz qalıb. 

“Unisell” MMC-nin tenderlərdən uzaqlaşdırıldığı müddətdə “Kainat-Print” MMC satınalmalarda iştirak edib və ayrı-ayrı vaxtlarda Mərkəzi Bankla, Əmlak Məsələləri Dövlət Xidmətilə, Kliniki Tibbi Mərkəzlə, Əsaslı Tikinti və Təhcizat MMC ilə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslə, Şəhərsalma və Arxitektura Komitəsi ilə ümumi dəyəri 229 min 374 manat olan 7 satınalma müqaviləsi imzalayıb. 

Bu pozuntularla əlaqədar şirkət rəhbərlərinin hansısa məsuliyyətə cəlb olunması ilə bağlı məlumat yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun