Siyasətçi bu qərar əsasında 1 ildən çoxdur həbsdə saxlanılır
"Toplum TV işi" üzrə həbs olunan III Respublika Platformasının qurucu üzvü, siyasətçi Ruslan İzzətlinin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qərarın saxtalaşdırıldığı üzə çıxıb.
"Abzas Media"ya bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil bildirib ki, istintaq heç bir sübut tapa bilmədiyi üçün, məhkəməyə şablon sənəd təqdim edib. Onun sözlərinə görə, Xətai rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva bu saxta sənədlər əsasında siyasətçi barəsində 4 aylıq həbs qərarı çıxarıb.
"Ötən il martın 8-də Ruslan İzzətlinin həbs olunması ilə bağlı təqdimat saxtalaşdırılıb. Ruslan İzzətli "Toplum TV işi" üzrə cəlb olunsa da, istintaq onun həbs olunmasına əsas olacaq heç bir sübut tapmadığından, həbs təqdimatını "Abzas Media işi" üzrə tutulanların şablonu üzərində hazırlayıb.
Sənəd o qədər saxtalaşdırılıb ki, bəzi yerlərdə Ülvi, bəzi yerlərdə Ruslan yazılır. Ruslan 2024-cü ilin martında həbs olunub, amma sənəddə həbs tarixi kimi Ülvi Həsənlinin həbs olunduğu 20 noyabr 2023-cü il tarixi göstərilir. Təsəvvür edirsiniz, məhkəmələr bu sənədləri əsas götürüb Ruslan İzzətlini həbs ediliblər. Qərarlarda yazılıb ki, "Ülvi Həsənli yazılan hissələr Ruslan İzzətli kimi oxunsun", - müdafiəçi bildirib.
Bəhruz Bayramov deyir ki, apellyasiya məhkəməsi də bu saxta sənədləri əsas götürüb və Ruslan İzzətlinin şikayətini təmin etməyib.
"Ruslanın həbsindən verilmiş apellyasiya şikayətinə baxılması ilə bağlı qərar məhkəmə elektron sistemində yerləşdirilib. Qərarda yazılıb ki, Ülvi Həsənli, Sevinc Abbasova və digərlərilə cinayət əlaqəsinə girərək qaçaqmalçılıq edib. Sənəddə Ruslanın həbs tarixi 2023-cü ilin noyabrı göstərilib. Təsəvvür edirsiniz necə saxta sənədlə adam həbs edirlər?! Bu, onu göstərir ki, heç bir sübut olmadığı halda yaddaş kartından şablonu köçürüb məhkəməyə aparıblar ki, onsuz da nə qərar istəyirik, çıxarırlar", - o bildirib.
Bəhruz Bayramov deyir ki, "Toplum TV işi" üzrə keçirilən ilk məhkəmə prosesində yuxarıda sadaladıqlarını əsas gətirərək Ruslan İzzətli ilə bağlı cinayət işinə xitam verilməsini istəsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyev vəsatəti rədd edib:
"Bu pozuntulardan sonra işə dərhal xitam verilməli idi", - vəkil əlavə edib.
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan siyasətçi Ruslan İzzətli 2024-cü ilin martında "Toplum TV işi" çərçivəsində həbs olunub. O, III Respublika Platformasının idarə heyətinin üzvüdür. Martın əvvəlində keçirilən polis əməliyyatlarında bu qurumun da ofisində axtarış aparılıb.
Bu iş üzrə ümumilikdə 9 nəfərə cinayət işi açılıb. Onlara qarşı qaçaqmalçılıq maddəsilə ittiham irəli sürülüb. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə proses davam etdirilir.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri bu iş üzrə təqsirləndirilənlərin günahsız olduğunu, həbslərin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər.