Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşdə ABŞ və Rusiya ilə müzakirə olunduğu bildirilən sülh planının əsas parametrlərini açıqlayıb. Ukrayna nəşrlərinin dərc etdiyi sənəddə saziş imzalanan kimi atəşkəsin elan olunması və təhlükəsizlik, ərazilər, iqtisadiyyat və humanitar məsələlər üzrə müddəalar yer alır.
Sənəd Ukraynanın suverenliyinin təsdiqlənməsini nəzərdə tutur. Həmçinin Kiyevlə Moskva arasında hücum etməmək barədə razılaşma və təmas xətti boyunca monitorinq mexanizminin yaradılması təklif olunur.
Plan çərçivəsində Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi də müzakirə olunur. Sənəddə zəmanətlərin ABŞ, NATO və Avropanın NATO müqaviləsinin 5-ci maddəsinə bənzər mexanizm əsasında təqdim edə biləcəyi, münaqişə Rusiyanın təşəbbüsü ilə yenidən alovlanarsa, Rusiyaya qarşı sanksiyaların bərpası qeyd olunur. Eyni zamanda sənəddə münaqişə Ukraynanın təşəbbüsü ilə yenidən başlasa, zəmanətlərin qüvvədən düşəcəyi bildirilir.
Mətnə əsasən, Ukrayna ordusunun sülh dövründə sayının 800 min nəfər səviyyəsində “sabitləşdirilməsi” təklif edilir və ölkənin nüvəsiz statusunun saxlanması nəzərdə tutulur.
Ayrı bölmədə Rusiyaya aid öhdəliklərdən də bəhs olunur: Avropa və Ukraynaya qarşı hücum etməmək siyasətinin qanunvericiliklə təsbit edilməsi, Dnepr çayı və Qara dənizin kommersiya fəaliyyətində istifadəsinə mane olmamaq kimi müddəalar yer alır. Sənəddə Nikolayev vilayətində yerləşən Kinburnskaya kosa ərazisinin demilitarizasiyası da təklif olunur.
İqtisadi blokda Ukraynanın Avropa İttifaqına üzvlüyü, Avropa bazarına qısamüddətli imtiyazlı çıxış, iqtisadi inkişafın dəstəklənməsi tədbirləri, investisiya sazişləri və “yenilənmə fondları”nın yaradılması nəzərdə tutulur. Mətnə görə, bu mexanizmlə 800 milyard dollara qədər vəsaitin cəlbi hədəflənir. Eyni zamanda Ukrayna ilə ABŞ arasında azad ticarət sazişi təklifi qeyd olunur; sənəddə Vaşinqtonun Rusiyayla da oxşar razılaşmaya çalışdığı bildirilir.
Planın mətninə görə, Zaporojye Atom Elektrik Stansiyasına nəzarət məsələsi açıq qalır. Vaşinqton stansiyanın Ukrayna-Rusiya-ABŞ formatında birgə idarə edilməsini təklif edir, Kiyev isə Rusiyasız birgə idarəetmədə israr edir.
Ərazi məsələsində də razılaşmanın əldə olunmadığı bildirilir. Ukrayna tərəfi rus qoşunlarının Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxarılmasını təklif edir, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə saziş anındakı təmas xəttinin de-fakto tanınması ideyası yer alır. Mətnə görə, Rusiya Ukrayna qoşunlarının Donbasdan çıxmasını tələb edir. ABŞ isə kompromis kimi “azad iqtisadi zona” variantını irəli sürür; Ukrayna bu təklifi yalnız referendum yolu ilə, yaxud “harada dayanmışıqsa, orada qalırıq” variantı qəbul edilməzsə, müzakirə edə biləcəyini bildirir. Ərazi məsələləri tənzimləndikdən sonra tərəflərin razılaşmaları güc yolu ilə dəyişməmək öhdəliyi götürdüyü qeyd olunur.
Sənəddə humanitar komitənin yaradılması, hərbi əsirlərin “hamı hamıya” prinsipi ilə dəyişdirilməsi, mülki şəxslərin, o cümlədən uşaqların və siyasi məhbusların geri qaytarılması, həmçinin münaqişə qurbanlarının problemlərinin həlli də nəzərdə tutulur.
Plan layihəsinə görə, Ukrayna saziş bağlandıqdan sonra mümkün qədər tez seçkilər keçirməyi öhdəsinə götürür. Hüquqi cəhətdən məcburi sayılan razılaşmanın icrasına nəzarətin isə ABŞ prezidenti Donald Trampın sədrliyi ilə fəaliyyət göstərəcəyi qeyd olunan “Sülh Şurası”na həvalə edilməsi təklif olunur.