Türkiyədə qapalı cəzaçəkmə müəssisələrində olan məhbusların daha tez açıq tipli müəssisələrə və ya şərti azadlığa buraxılmasını nəzərdə tutan, ictimaiyyətdə “Covid-19 tənzimlənməsi” kimi tanınan 11-ci məhkəmə islahatı paketi parlamentdə qəbul edilərək qüvvəyə minib. Qanunu artıq prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb və bu gün “Rəsmi Qəzet”də dərc olunub.
Yeni dəyişikliklərə əsasən, 31 iyul 2023-dən əvvəl cinayət törədib, lakin hökmü hələ qəti qüvvəyə minməmiş şəxslər də cəzanın şərti azadlıq müddətini həbsxanadan kənarda çəkə biləcəklər. İlk mərhələdə təxminən 54-55 min, növbəti mərhələlərdə isə ümumilikdə 90 minədək məhbusun bu mexanizmdən istifadə edərək cəzaçəkmə müəssisələrindən çıxacağı bildirilir. Bu yolla həmin məhbuslar açıq tipli müəssisəyə və ya şərti azadlığa indiki qanunvericiliklə müqayisədə üç il daha tez buraxılacaq.
Qanun “Türk Cinayət Məcəlləsinə və bəzi qanunlara dəyişiklik edilməsi haqqında” sənəd kimi Türkiyə Böyük Millət Məclisinin plenar iclasında qəbul edilib.
İslahat paketi ictimaiyyət arasında “Covid güzəşti”, “qismən əfv” adlandırılan tətbiqin əhatə dairəsini genişləndirir.
Eyni zamanda, bir sıra cinayətlər üzrə cəzalar sərtləşdirilir: Belə ki, ehtiyatsızlıqdan adam yaralama maddəsi üzrə sadə tərkibin sanksiyası 3 aydan 1 ilədək həbsdən 4 aydan 2 ilədək həbsə qaldırılır, cinayətkar birlik yaratma və onu idarəetmə cinayətinə görə cəza 4–8 il həbsdən 5–10 il həbsə yüksəldilir, həmin birliyə üzvlüyün maksimal cəzası 4 ildən 5 ilə qaldırılır, təşkilatın fəaliyyəti çərçivəsində uşaqlardan vasitə kimi istifadə edilərsə, təşkilat rəhbərlərinə verilən cəza yarısından bir tam hissəyədək artırılacaq.
Qanunda örtülü əfv xarakteri daşıyan bu güzəştlərdən konstitusiya quruluşuna qarşı ağır cinayətlərə görə məhkum olunanlar faydalana bilməyəcək.
Layihənin ictimai müzakirələrdə ən çox tənqid olunan hissəsi 27-ci maddə idi. Tənqidçilər hesab edirdilər ki, bu maddə zəlzələ zamanı dağılmış binalara görə məsuliyyət daşıyan şəxslərin də vaxtından əvvəl azadlığa buraxılmasına yol aça bilər.
Müzakirələr nəticəsində “qəsdən adam öldürmə” və zəlzələ nəticəsində bina və digər tikililərin uçması, çökməsi və ya zərər görməsi səbəbilə baş verən ölüm hadisələrinə görə məhkum olunmuş şəxslərin güzəştdən yararlana bilməsini nəzərdə tutan hissə səsvermə zamanı layihədən çıxarılıb.
Bundan əvvəl sənəddən qadın və uşaqlara qarşı cinsi zorakılıq, qətl və digər xüsusilə ağır cinayətlər də çıxarılmışdı. Beləliklə, həm zəlzələ nəticəsində binaların dağılması ilə bağlı ölüm cinayətlərinə görə, həm də qadın və uşaqlara qarşı ağır cinayətlərə görə məhkum edilənlər “Covid” güzəştlərindən istifadə edə bilməyəcək.
2020-ci ildə pandemiya dövründə qəbul edilən “Covid güzəşti” ilə açıq tipli cəzaçəkmə müəssisələrində olan məhbuslara əlavə imkanlar verilmişdi: onlar açıq rejimə daha tez keçə, şərti azadlığa daha tez buraxıla bilirdilər. Şərti azadlığa buraxılmasına 5 il və ya daha az qalmış məhbusların yenidən həbsxanaya qaytarılmasına ehtiyac qalmamışdı.
İndi qəbul edilən 11-ci məhkəmə islahatı paketi ilə həmin mexanizmin əhatə dairəsi genişləndirilir. Qanuna görə, 31 iyul 2023-dək törədilmiş cinayətlərə görə məhkum edilən şəxslər də Covid-lə bağlı 3 il erkən açıq tipli müəssisəyə və ya şərti azadlığa buraxılma imkanı əldə edəcəklər. Bunun üçün həmin tarixə qədər mütləq həbsdə olmaları şərti qoyulmur.
Azərbaycanda da dekabrın 22-dən prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə Amnistiya Aktının icrasına başlanılıb. Rəsmi açıqlamalarda bu aktın 20 minədək məhbusu əhatə edə biləcəyi bildirilir.
Rəsmilər və hökumətyönlü media amnistiyanı “humanist addım” kimi təqdim etsə də, vətəndaş cəmiyyətinin nümayəndələri bu sənədi “təbliğat və manipulyasiya vasitəsi” adlandırırlar. Onların fikrincə, amnistiya dövlətin fövqəladə qərarı kimi keçid ədalətinin tərkib hissəsi olmalı, ciddi hüquqi və siyasi dəyişikliklərə xidmət etməlidir. Vətəndaş cəmiyyəti təmsilçiləri hesab edirlər ki, Aktın 1-ci bəndində nəzərdə tutulan şəxslərin dairəsi sosial cəhətdən həssas qrupları əhatə etsə də, 2-ci və 3-cü bəndlərdə amnistiyanın şamil olunduğu cinayət kateqoriyaları və müddətlər çox məhdud götürülüb.
Bildirilib ki, 2025-ci il Amnistiya Aktı nə məzmunu, nə də əhatə dairəsi baxımından bu meyarlara cavab vermir və xüsusilə siyasi məhbusların azadlığa buraxılması baxımından gözləntiləri ödəmir.