Naxçıvanda elektrik şəbəkəsində çalışan bir qrup işçi təhqir və alçaldıcı rəftarla üzləşdiklərini, iş yükünün ikiqat artırıldığını və maaşlarının kəsildiyini iddia edir.
İşçilərin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, bu vəziyyət yerli idarələrin “Azərişıq” ASC-nin tabeliyinə verilməsindən sonra başlayıb.
Şikayətçilər deyirlər ki, Bakıdan təyin olunan rəhbərlik işçilərin bir hissəsini ixtisar edib. Onların iddiasına görə, rəhbər şəxslər işdən çıxarılanların yerinə “saxta adlar” yazaraq həmin şəxslərin əməkhaqqını mənimsəyirlər.
İşçilər bildirirlər ki, kadr çatışmazlığı səbəbilə əvvəl 4 nəfərin nəzarət etdiyi ərazilərə indi 2 nəfər baxır:
“Bizi ikiqat işlədib ixtisara saldıqları işçilərin maaşlarını müxtəlif yollarla ciblərinə qoyurlar. Bu işlərin başında duran Emin Əkbərli və Nemət Qasımlıdır. Onlarla adam ixtisar edilib, onların işini indi biz görürük. Əvvəllər 4 nəfərin baxdığı sahəyə indi 2 nəfər cavabdehdir. İş yükü ikiqat artıb, amma maaşlar azaldılıb, bayram pullarımız da kəsilib.
Bizimlə insan kimi yox, qul kimi davranırlar. Sözümüzü deməyə imkan vermirlər, açıq-aşkar təhqir edirlər. İş vaxtı bitəndən sonra da zorla saxlayırlar, “qalmasan, ərizəni yaz” deyə hədələyirlər. Qalmışıq çarəsiz. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Bizim əmək hüquqlarımız kobud şəkildə tapdalanır” – işçilər iddia edir.
Şikayətçilər aidiyyəti qurumları məsələyə müdaxilə etməyə, pozulduğunu dedikləri əmək hüquqlarının bərpasını təmin etməyə çağırır.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən münasibət almaq mümkün olmayıb.
Naxçıvanda elektrik enerjisinin təchizatı bu ilin əvvəlindən “Azərişıq” ASC-yə həvalə olunub.
Foto: Sosial media