Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan şəxslərin ilk baxış iclası keçirilib. Prosesə hakim Aytən Əliyeva sədrlik edib.
İclasda Dövlət Vergi Xidmətinin (DVX) Lokal Baş İdarəsinin iş üzrə mülki iddia qaldırdığı elan olunub. Məhkəmədə DVX-nin nümayəndəsi Fatimə Əhmədova iştirak edib.
Təqsirləndirilən şəxslərin vəkili Zibeydə Sadıqova prosesin ictimai maraq kəsb etdiyini və bütün təqsirləndirilənlərin jurnalist olduğunu əsas gətirərək, məhkəmədə audio yazı və çəkiliş aparılmasına icazə verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, proses açıq keçirilir və media nümayəndələri iştirak edib qeydlər apara bilərlər.
Daha sonra “Meydan TV”nin baş redaktoru Aynur Elgünəşin (Qənbərova) əvvəlki iclasda qaldırdığı vəsatətə baxılıb. Elgünəş ibtidai istintaqın əlillik və məcburi köçkünlük kartını qaytarmadığını bildirərək sənədin geri verilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib.
Ardınca Aynur Elgünəş iti Maksla görüşə icazə verilməsi barədə də vəsatət qaldırıb. Hakim İstintaq Təcridxanasına ev heyvanlarının daxil olmasının nəzərdə tutulmadığını deyib. Elgünəş isə qanunvericilikdə buna dair qadağa göstərilmədiyini bildirib. Hakim məsələ ilə bağlı müvafiq icra orqanına sorğu göndəriləcəyini qeyd edib.
İclasda “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa da istintaq hərəkətlərinin nömrələnmiş blanklarla aparılmasını və cinayət işinin materiallarının saxtalaşdırılması mümkün olmayan formada tərtib edilməsini tələb edib. O, həmin nömrələnmiş sənədlərin müdafiə tərəfinə təqdim olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məsələyə sənədlərin tədqiqi mərhələsində baxılacaq.
Qərardan sonra Şəmşad Ağa etiraz edərək deyib ki, istintaq sənədlərinin heç biri qanunun tələblərinə uyğun olaraq nömrələnmiş blanklarda aparılmayıb: “Çünki sonradan ora istənilən tarix yazıla bilər”. O, “heç bir hüquqi qüvvəsi olmayan sənədlərlə” proses keçirildiyini iddia edib və əlavə edib: “Belə olan halda bu, məhkəmə deyil, məzhəkədir”.
“Biz burada qanunsuz saxlanılırıq. Bir dəstə adam yığışıb qanunsuz sənədlərlə bizim üçün məhkəmə qurub burada. Bu, ayıbdır”, - Şəmşad Ağa bildirib.
Vəkil Rövşanə Rəhimli sübutların qiymətləndirilməsi ilə bağlı qərarın onlara təqdim olunması barədə vəsatət qaldırıb. Hakim cavab olaraq bildirib ki, sənədlərlə vəkil otağında tanış ola bilərlər.
Vəkil Nazim Musayev isə cinayət işinin materiallarının qanunvericiliyə uyğun tərtib edilmədiyini və xüsusi nömrələnmiş blanklarda olmadığını əsas gətirərək, həmin materialların yolverilməz sübut sayılmasını və işdən çıxarılmasını istəyib. Məhkəmə bu vəsatəti də təmin etməyib.
İclasda çıxış edən jurnalist Ülviyyə Əli (Quliyeva) iki telefonunun və kompüterinin müsadirə olunduğunu bildirib. O deyib: “Telefonumda ailəm, səyahətlərim və başqa hadisələrlə bağlı çoxlu şəkillərim və videolarım var idi. Onların mənim üçün mənəvi dəyərləri var. Xahiş edirəm cihazlar qaytarılmasa belə şəkillər və videolar harasa köçürülüb mənə qaytarılsın”.
Jurnalist Fatimə Mövlamlı isə telefonunun yanında anasına aid telefonun da müsadirə edildiyini deyərək, özünə aid olmayan cihazların qaytarılmasını tələb edib.
Sonda ittiham aktının oxunmasına başlanılıb. Növbəti proses 2026-cı il yanvarın 16-na təyin edilib.
“Meydan TV işi” üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov ötən ilin dekabrında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Libre (Qəhrəmanlı) həbs olunub. May ayında jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.
Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verildiyi, daha sonra ittihamların ağırlaşdırıldığı bildirilir.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu deyirlər.