“Meydan TV işi” üzrə hazırlıq iclası keçirilib, jurnalistlər ev dustaqlığına buraxılmayıb

“Meydan TV işi” üzrə hazırlıq iclası keçirilib, jurnalistlər ev dustaqlığına buraxılmayıb
12 Dekabr 2025
Mətni dəyiş

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərin hazırlıq iclası keçirilib.

Hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib. Ardınca prosedura uyğun olaraq onların hər birinə dövlət hesabına vəkil təyin olunub. Təqsirləndirilənlərin hamısı həmin vəkillərdən imtina edərək, şəxsi vəkilləri ilə təmin olunduqlarını bildiriblər.

Daha sonra müdafiə tərəfi bir sıra vəsatətlər qaldırıb. Vəkillər təqsirləndirilənlərin proses zamanı zalda əyləşməsinə şərait yaradılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib və bunun növbəti iclasda icra olunacağı bildirilib.

Müdafiə tərəfi bu iş üzrə həbs edilən jurnalistlər Ramin Cəbrayılzadənin (Deko), Natiq Cavadlının və Ülvi Tahirovun 3 saylı İstintaq Təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı da vəsatət verib. Məhkəmə həmin vəsatəti təmin edib.

İşə xitam verilməsi barədə vəsatət isə təmin olunmayıb.

Təqsirləndirilən jurnalist Aytac Əhmədova (Tapdıq) bir ildir evlənməsinə qadağa qoyulmuş Kamran Məmmədli ilə şüşə arxasından görüşün təmin edilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə bu vəsatəti də təmin edib.

Eyni zamanda təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatətlər rədd edilib. Aynur Elgünəşin vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını müvəkkilinin səhhətində problemlər olduğunu əsas gətirərək xahiş edib. Digər vəkillər də analoji tələblərlə çıxış ediblər. Məhkəmə vəsatətləri təmin etməyib.

Cinayət işi məhkəmə baxışına verilib. Baxış iclası dekabrın 22-nə təyin olunub.

Ötən ilin dekabrında “Meydan TV işi” üzrə jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və Ülvi Tahirov saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.

Bu ilin fevralında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub. Martda jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib, avqustda isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılıb.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun