Hüquq Cəmiyyəti: “Zabil Qəhrəmanovun həbsi Azərbaycanda vəkillərə qarşı sistemli təzyiq və təqibin nümunəsidir”

Hüquq Cəmiyyəti: “Zabil Qəhrəmanovun həbsi Azərbaycanda vəkillərə qarşı sistemli təzyiq və təqibin nümunəsidir”
23 Dekabr 2025
Mətni dəyiş

İngiltərə və Uels Hüquq Cəmiyyətinin (The Law Society of England and Wales) prezidenti Mark Evans Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, Gəncədə həbs olunan vəkil Zabil Qəhrəmanovun azadlığa buraxılması və ona qarşı irəli sürülən ittihamların dayandırılması çağırışı edib.

Mark Evans məktubunda bildirir ki, Hüquq Cəmiyyəti vəkil Zabil Qəhrəmanovun saxlanılması və barəsində seçilmiş həbs qətimkan tədbirindən narahatdır:

“Hüquq Cəmiyyəti vəkil Zabil Qəhrəmanovun həbsi və istintaq dövründə həbsdə saxlanılmasından narahatdır. O, yüksək profilli işlərdə çalışan tanınmış müdafiəçidir və Gəncə və ətraf rayonlarda polis zorakılığına məruz qaldığı iddia edilən bir çox şəxsi təmsil edib”.

Evansın sözlərinə görə, Qəhrəmanov peşə fəaliyyətini həyata keçirərkən Azərbaycanda polis zorakılığının yayğınlığı barədə açıq danışıb.

Müraciətdə qeyd olunur ki, Zabil Qəhrəmanovu 2025-ci il oktyabrın 23-də Gəncə polisi saxlayıb, iki gün sonra isə Gəncə Şəhər Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Mark Evans yazır ki, vəkil Cinayət Məcəlləsinin 221.2.2-ci (hakimiyyət nümayəndəsinə və ya başqa şəxsə müqavimət göstərməklə törədilən xuliqanlıq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham olunur:

“Anladığımız qədərilə, cənab Qəhrəmanov Cinayət Məcəlləsinin 221.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunur və təqsirli bilinərsə, 7 ilə qədər azadlıqdan məhrum edilə bilər”.

Müraciətdə həmçinin bildirilir ki, Qəhrəmanovun həbsi onun vəkillik fəaliyyətinin 6 ay müddətinə dayandırılmasından az sonra baş verib. Mark Evans yazır ki, Vəkillər Kollegiyası bu qərarı 2025-ci il oktyabrın 8-də qəbul edib və addımın Daxili İşlər Nazirliyinin şikayəti əsasında atıldığı göstərilib.

“İntizam tədbirinin əsasları ictimaiyyətə açıqlanmasa da, Kollegiya bunun Daxili İşlər Nazirliyinin şikayətindən sonra tətbiq edildiyini bildirib. İntizam prosesində şəffaflığın olmaması problem olaraq qalır”.

Evans ayrıca vurğulayır ki, vəkillərə qarşı intizam icraatlarının başlanması üçün əsaslar “həddən artıq geniş” və “yetərincə dəqiq” deyil; bu isə “özbaşına tətbiq riskini artırır” və “hüquqi müəyyənliyi sarsıdır”.

Məktubun ən sərt hissəsində Mark Evans həm ittihamların, həm də lisenziyanın dayandırılmasının Qəhrəmanovun peşə fəaliyyəti ilə əlaqəli “qisas tədbiri” təsiri bağışladığını bildirir:

“Zabil Qəhrəmanova qarşı ittihamlar da, lisenziyasının dayandırılması da onun peşə fəaliyyətinə və insan hüquqlarını müdafiə etməsinə bağlı qisas tədbirləri kimi görünür”.

Evans əlavə edir ki, Qəhrəmanovun hədəfə alınması Azərbaycanda vəkillərə qarşı “sistemli təzyiq və təqib” kimi qiymətləndirilən daha geniş bir tendensiyanın tərkib hissəsi ola bilər:

“Onun qarşılaşdığı hədəfləmə, hüququn aliliyini müdafiə etdiklərinə görə Azərbaycanda vəkillərin sistemli şəkildə təqib olunmasının narahatedici daha geniş mənzərəsinin bir hissəsidir”.

Müraciətdə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanda vəkillərə qarşı tədbirlərlə bağlı dəfələrlə pozuntu müəyyən etdiyi də qeyd olunur: “özbaşına fəaliyyətin dayandırılması”, “kollegiyadan xaric etmə”, “ölkədən çıxış qadağaları” və “bank hesablarının dondurulması” kimi hallar xatırladılır.

Mark Evans AİHM-in 2025-ci il, 7 oktyabr tarixli “İmanov Azərbaycana qarşı” işi üzrə qərarına da istinad edir və bildirir ki, məhkəmə vəkilin müştərisinin həbsdə işgəncəyə məruz qalması ilə bağlı açıqlamalarından sonra kollegiyadan xaric edilməsini “proporsional olmayan və əsaslandırılmamış sanksiya” sayıb; bu addımın ifadə azadlığı (10-cu maddə) və şəxsi həyata hörmət (8-ci maddə) hüquqlarını pozduğunu göstərib.

Məktubda BMT-nin “Vəkillərin rolu haqqında əsas prinsipləri”nə istinadla bildirilir:

“Vəkillər bütün peşə funksiyalarını qorxu, maneə, təqib və ya yersiz müdaxilə olmadan icra etməlidir; tanınmış peşə borcları, standartlar və etikaya uyğun hərəkətlərinə görə cinayət təqibi və ya inzibati, iqtisadi və digər sanksiyalarla üzləşməməlidir”.

Həmçinin vurğulanır ki, vəkillər öz funksiyalarını yerinə yetirdiklərinə görə müştəriləri və ya onların mövqeyi ilə eyniləşdirilməməlidir.

“Vəkillər digər vətəndaşlar kimi ifadə, etiqad, birləşmək və toplaşmaq azadlığına malikdir; hüquq, ədalət mühakiməsinin idarə olunması, insan hüquqlarının təşviqi və müdafiəsi barədə ictimai müzakirələrdə iştirak etmək hüququ var”, - Mark Evans daha bir prinsipi də xatırladır.

Müraciətin sonunda Hüquq Cəmiyyətinin Azərbaycan hakimiyyətinə ünvanladığı çağırışlar sıralanır. 

“Zabil Qəhrəmanova qarşı təqibi dərhal dayandırsın və onun peşə fəaliyyəti ilə bağlı olaraq qaldırılan bütün ittihamları ləğv etsin, Zabil Qəhrəmanovun vəkillik lisenziyası gecikmədən bərpa olunsun, Azərbaycanda hüquq peşəsinin bütün üzvləri BMT-nin əsas prinsiplərinə uyğun olaraq yersiz müdaxilə və qorxudulma olmadan peşə borclarını yerinə yetirə bilsin, vəkil peşəsinin müdafiəsi üzrə yeni Konvensiyanı imzalamaq və ratifikasiya etməyi nəzərdən keçirsin”.

Evans əlavə edir ki, Hüquq Cəmiyyəti Qəhrəmanovun və Azərbaycandakı digər vəkillərin vəziyyətini izləməyə davam edəcək.

Müraciətdə Hüquq Cəmiyyətinin “İngiltərə və Uelsdə 200 mindən çox vəkili təmsil edən peşə qurumu” olduğu vurğulanır və təşkilatın məqsədinin “hüquq peşəsinin üzvlərini dəstəkləmək, eyni zamanda dünyada hüququn aliliyini və hüquq peşəsinin müstəqilliyini müdafiə etmək” olduğu qeyd edilir. Mark Evans əlavə edir ki, Hüquq Cəmiyyəti 2014-cü ildən BMT-nin İqtisadi və Sosial Şurasında xüsusi məsləhətçi statusuna malikdir.

Gəncə Regional Vəkil Bürosunda çalışan Zabil Qəhrəmanov oktyabrın 23-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddələri ilə ittiham verildiyi bildirilir.

İddia olunur ki, saxlanıldığı gün Qəhrəmanov avtoyuma məntəqəsində işləyən Fazil İsgəndərovla mübahisə edib və onu vurub. Digər iddiaya görə, Şəmkir sakini Emin İbrahimov vəkildən şikayət edib və bildirib ki, Qəhrəmanov 5600 manat alaraq ona vəkillik edib, işin “istədiyi kimi” yekunlaşacağına söz verib, lakin nəticə belə olmayıb.

Zabil Qəhrəmanov isə hər iki ittihamı əsassız sayır, onu cəzalandırmaq üçün adı çəkilən şəxslərdən istifadə olunduğunu bildirir. Həbsindən iki həftə əvvəl, oktyabrın 8-də Daxili İşlər Nazirliyindən daxil olan şikayət əsasında Vəkillər Kollegiyasının qərarı ilə onun vəkillik fəaliyyətinin 6 aylıq dayandırıldığı açıqlanmışdı.

Qəhrəmanov bir sıra səs-küylü işlərdə müdafiəçi kimi çıxış edib. Onların sırasında Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanması və qətlə yetirilməsi işi üzrə təqsirləndirilən İlkin Süleymanovun, eləcə də qətl ittihamı ilə 11 il cəza alıb sonradan bəraətlə azadlığa çıxan Polad İsmayılovun məhkəmələri qeyd olunur. O, həmçinin “Tərtər hadisələri” ilə bağlı bir neçə zərərçəkmişi və bir çox ictimai-siyasi fəalı müdafiə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun