“Human Rights Watch”: “Azərbaycanda AXCP üzvlərinə qarşı həbslər və təqiblər kəskin artıb”

“Human Rights Watch”: “Azərbaycanda AXCP üzvlərinə qarşı həbslər və təqiblər kəskin artıb”
23 Dekabr 2025
Mətni dəyiş

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) qarşı repressiyaları pisləyən bəyanat yayıb. Təşkilatın Avropa və Orta Asiya bölümü üzrə direktor müavini Giorgi Qogiya bildirib ki, Azərbaycan hakimiyyəti müxalifətdə olan AXCP-yə qarşı illərdir davam edən təzyiq kampaniyasını son dövrlərdə daha da sərtləşdirib və xüsusilə partiya rəhbərliyini hədəfə alıb.

HRW-nin açıqlamasında deyilib ki, bu kampaniya “siyasi motivli cinayət təqibləri və qorxutma” fonunda illərdir davam edir, son aylarda isə partiyanın rəhbər şəxsləri və yaxın çevrəsi daha çox hədəfə çevrilib.

Bəyanatda bildirilib ki, dekabrın 19-da məhkəmə AXCP-nin yüksək vəzifəli üzvü Murad Sultanı 30 sutka inzibati qaydada həbs edib. HRW qeyd edib ki, bu qərar noyabrın 29-da partiya sədri Əli Kərimlinin “hakimiyyəti zorla ələ keçirməyə cəhd” ittihamı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarından sonra verilib.

Təşkilat bildirib ki, Kərimlinin mühafizəçilərindən bir neçəsi və sürücüsü də saxlanılıb. HRW həmçinin, Əli Kərimliyə 2005-ci ildən səyahət qadağası tətbiq edildiyini xatırladıb.

HRW vurğulayıb ki, 2025-ci ildə hakimiyyət AXCP-yə qarşı kampaniyanı “kəskin şəkildə genişləndirərək” ölkə boyu onlarla partiya üzvünü “əsassız” inzibati və cinayət ittihamları ilə saxlayıb. Bəyanatda polisin və məhkəmələrin tez-tez “xırda xuliqanlıq” və “polisin qanuni tələbinə tabe olmama” kimi “qeyri-müəyyən və geniş sui-istifadə olunan” maddələrə istinad etdiyi, eləcə də partiya üzvlərinin “uydurma” saydıqları cinayət ittihamları ilə üzləşdiyi qeyd olunub. Partiya rəsmiləri azı 20 üzvün hazırda həbsdə olduğunu bildiriblər.

Təşkilat bildirib ki, AXCP üzvü, 22 yaşlı Elbəyi Kərimlinin dekabrın 12-də ölümü ilə bağlı rəsmi açıqlamalarda intihar ehtimalının səsləndirilməsi narahatlığı daha da artırıb. HRW xatırladıb ki, Kərimli 2023-cü ilin avqustunda saxlanılmış, sonradan onun barəsində külli miqdarda narkotik saxlama ittihamı irəli sürülmüşdü. Hakimiyyət Kərimlinin ölümü ilə bağlı araşdırma aparıldığını desə də, HRW bildirir ki, nəticələr ictimaiyyətə açıqlanmayıb.

Bəyanata əsasən, dekabrın 13-də Bakı məhkəməsi AXCP üzvü Vüqar Qədirov barəsində silah saxlama ittihamı ilə 3 aylıq həbs qətimkan tədbiri seçib. HRW əlavə edib ki, aprel ayında partiya üzvü Mehman Əliyev “əsassız narkotik ittihamları” ilə 5 il azadlıqdan məhrum edilib. Təşkilatın yazdığına görə, Mehman Əliyev bu işin polis zorakılığına dair görüntülər çəkib yayımlamasına görə qisas məqsədi daşıdığını deyib.

HRW-nin açıqlamasında həmçinin, 2025-ci il ərzində Binəqədi, Yevlax, Ordubad, Lənkəran və digər bölgələrdə fəalların polisə çağırıldıqdan sonra saxlanıldığı, məhkəmələrdən “tələsik” keçirildiyi və bəzi hallarda bir neçə gün yaxınları ilə əlaqəsiz saxlanıldığı iddia olunub.

“Azərbaycan hakimiyyəti dinc siyasi fəaliyyətdə iştirak etdiklərinə görə saxlanılan bütün şəxsləri dərhal azad etməli, müxalifətə qarşı tətbiq olunan məhdudiyyətləri, o cümlədən Əli Kərimli barədə 20 ildir qüvvədə olan səyahət qadağasını ləğv etməli, həmçinin həbsdə zorakılıq və ölüm halları ilə bağlı iddiaların müstəqil və qərəzsiz şəkildə araşdırılmasını təmin etməlidir”, – HRW-nin Avropa və Orta Asiya bölümü üzrə direktor müavini Giorgi Qogiya bildirib.

Rəsmi qurumlar hələ ki, HRW-nin bəyanatında səslənən iddialara münasibət bildirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun