HRW: “Azərbaycanda MİRAS nəzarət sistemi kütləvi məxfilik pozuntularına yol aça bilər”

HRW: “Azərbaycanda MİRAS nəzarət sistemi kütləvi məxfilik pozuntularına yol aça bilər”
15 Dekabr 2025
Mətni dəyiş

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı Azərbaycan hakimiyyətini Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemini (MİRAS) dərhal ləğv etməyə və ya ən azı icrasını dayandırmağa çağırıb. Qurumun bildirdiyinə görə, yeni platforma dövlətin nəzarət səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirir və ciddi məxfilik pozuntuları riski yaradır.

Prezident İlham Əliyev noyabrın 21-də MİRAS adlı yeni mərkəzləşdirilmiş rəqəmsal platformanın yaradılmasını nəzərdə tutan fərman imzalayıb. Sistemə nəzarətin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) həvalə ediləcəyi, platformanın isə 2026-cı ilin mayına qədər tam istifadəyə veriləcəyi qeyd olunur.

Təşkilat bildirir ki, MİRAS bir neçə dövlət qurumundan, o cümlədən rabitə və informasiya təhlükəsizliyi sahəsində xüsusi qurumdan və Daxili İşlər Nazirliyindən toplanan məlumatların vahid mərkəzdə emalını və saxlanmasını nəzərdə tutur. HRW vurğulayır ki, sistem təhlükəsizlik xidmətlərinə bu məlumatlara “məhdudiyyətsiz” çıxış imkanı yarada bilər.

Qurumun açıqlamasına görə, MİRAS çərçivəsində geniş spektrli şəxsi məlumatların toplanması və təhlili mümkün olacaq. Buraya şəxsiyyət sənədləri, miqrasiya tarixçəsi, ailə məlumatları, sağlamlıq qeydləri, əmlak və maliyyə məlumatları, cinayət və inzibati qeydlər, həmçinin müəyyən kommunikasiya metadataları daxil edilir. HRW qeyd edir ki, bu məlumatların inteqrasiyası əsasında proqnozlar, risk qiymətləndirmələri və analitik hesabatlar hazırlanması nəzərdə tutulur.

HRW-nın Avropa və Mərkəzi Asiya bölümü direktorunun müavini Giorgi Qogiya bildirib ki, Azərbaycan “avtoritar dövlət” kimi jurnalistlərə, insan hüquqları müdafiəçilərinə və fəallara qarşı qanunsuz rəqəmsal izləmə təcrübəsi ilə bağlı sənədləşdirilmiş tarixçəyə malikdir. Təşkilatın fikrincə, keçmiş araşdırmalar hakimiyyətin internet trafikinə nəzarət alətlərindən və casus proqramlardan istifadə edərək tənqidçiləri izlədiyini və qorxutduğunu göstərib.

HRW xatırladır ki, Azərbaycan Avropa Şurasının üzvü kimi Avropa İnsan Hüquqları Konvensiyasının tələblərinə, o cümlədən şəxsi həyatın toxunulmazlığını qoruyan 8-ci maddəyə riayət etməlidir. Təşkilat əlavə edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, nəzarət tədbirləri qanunilik, zərurət və proporsionallıq meyarlarına cavab verməli, müstəqil nəzarət, şəffaf qaydalar və effektiv müdafiə mexanizmləri ilə müşayiət olunmalıdır.

HRW bildirir ki, MİRAS-ı tənzimləyən qaydalar bu təminatları ehtiva etmir: şəxsi məlumatlara nə vaxt və necə çıxış ediləcəyi dəqiq göstərilmir, məhkəmə və ya müstəqil icazə mexanizmi nəzərdə tutulmur, məlumatların saxlanma müddəti, minimallaşdırma standartları və kənar audit mexanizmləri müəyyən edilmir. Qurum əlavə edir ki, idarəetmə tam şəkildə DTX-də mərkəzləşir və ictimai hesabatlılıq, eləcə də vətəndaşların məlumatlarına çıxış və düzəliş prosedurları nəzərdə tutulmur.

Təşkilat Azərbaycan hakimiyyətini MİRAS-ın tətbiqini dayandırmağa və güclü məxfilik təminatları qəbul etməyə çağırır. HRW eyni zamanda beynəlxalq tərəfdaşların, o cümlədən Avropa Şurasının, “rəqəmsal idarəetmə islahatları” adı altında nəzarətsiz izləmə səlahiyyətlərinin möhkəmlənməməsi üçün Bakıya təzyiq göstərməli olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun