Dekabrın 16-da İstanbul Sülh Cəza Məhkəməsində Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin Çatalca Deportasiya Mərkəzində saxlanılması ilə bağlı şikayətinə baxılıb. Məhkəmə Hacıbəylinin şikayətini təmin etməyib.
Hacıbəyli məhkəmə qərarı barədə “Facebook” hesabında yazıb. O bildirib ki, Sülh Cəza Məhkəməsi onun qapalı şəraitdə saxlanılması ilə bağlı şikayəti üzrə “heç bir hüquqi əsasa söykənməyən” qərar çıxarıb:
“Dekabrın 16-da Sülh Cəza Məhkəməsi Çatalca Geri Göndərmə Mərkəzində saxlanılmağımla bağlı şikayətimə baxıb. Məhkəmə mənim şikayətimi təmin etməyib və İdari Məhkəmə qərarına qədər olan müddətdə qapalı şəraitdə, faktiki olaraq həbsdə saxlanılmağımla bağlı siyasi sifariş əsasında, heç bir hüquqi əsasa söykənməyən qərar verib”.
Hacıbəyli vurğulayıb ki, Türkiyədə 2 illik oturum izninin olmasına və hər hansı qayda pozuntusuna yol verməməsinə baxmayaraq, hansı qərarla “məcburi qaydada həbsdə saxlanıldığı” ona açıqlanmayıb. O, barəsində 5 illik deportasiya qərarı olduğu halda, dövlətin ondan yalnız ölkə ərazisini tərk etməyi tələb edə biləcəyini, lakin bunun əvəzində məhkəmə qərarı olmadan faktiki olaraq saxlanıldığını iddia edib:
“Hazırkı vəziyyətdə barəmdə 5 illik deportasiya qərarı verildiyinə görə Türkiyə dövləti məndən yalnız ölkə ərazisini tərk etməyi tələb edə bilər. Ancaq məni heç bir hüquqi əsas və məhkəmə qərarı olmadan Göç İdaresi Başkanlığının deportasiya qərarı və Azərbaycandan göndərilən sorğu əsasında faktiki olaraq həbsdə saxlanılmağım açıq şəkildə hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasıdır”.
Hacıbəyli özünün “G-82” kodu ilə “dövlət təhlükəsizliyi üçün təhdid” kimi qiymətləndirilməsinə və bu əsasla “xüsusi sərt nəzarət rejimi” tətbiq olunmasına da etiraz edib:
“Mən hansı əsasla Türkiyə dövləti tərəfindən məhkəmə qərarı olmadan həbsdə saxlanılıram? Mənim siyasi fəaliyyətim və kimliyim bəlli olduğu halda hansı əsasla mənə G-82 kodu əsasında dövlət təhlükəsizliyi üçün təhdid yaradan xarici terror təşkilatının üzvü kimi xüsusi sərt nəzarət rejimi tətbiq olunur?”
O, həmçinin deportasiya qərarı çıxarıldığı halda Türkiyəni tərk edib “öz istədiyi ölkəyə getməsinə” niyə imkan verilmədiyini sual edib və bununla bağlı izahatın ona verilmədiyini bildirib:
“Deportasiya qərarına əsasən, nəyə görə mənim Türkiyə ərazisini tərk edərək öz istədiyim ölkəyə getməyimə icazə verilmir? Bütün bu suallarıma verilən cavab budur ki, Ankaradan gələn göstəriş belədir”.
Hacıbəyli yazısında Türkiyə cəmiyyətində Azərbaycan ictimai rəyinə təsir edə biləcək nəticələr barədə də xəbərdarlıq edib:
“Fərqindəsinizmi ki, bu cür davam etdikcə Azərbaycanda Türkiyəni sevənlərin, Türkiyəyə güvənənlərin sevgisinə və inamına necə bir sarsıdıcı zərbə vurulur, insanlar necə məyus olur?”
O əlavə edib ki, bu sualları “təkcə özü” yox, “Azərbaycan ictimai rəyi” də soruşacaq:
“Bu sualları bu gün soruşan təkcə mən olmayacağam, Azərbaycan ictimai rəyi də Türkiyə dövlətindən cavab gözləyir. Heç kim unutmasın ki, bu suallara həm də tarix qarşısında cavab vermək lazım gələcək”.
Hacıbəyli, Azərbaycan-Türkiyə münasibətlərinin təməlində “hakimiyyətlərin maraqları” yox, xalqların “güvən və sevgisi”nin dayandığını vurğulayıb:
“Hec kim unutmamalıdır ki, Azərbaycan və Türkiyə qardaşlığının təməlində gəldi gedər olan hakimiyyətlərin maraq və mənfəətləri deyil, hər iki ölkə xalqlarının güvən və sevgilisi dayanır. Bu güvənə xələl gətirməyə heç kimin haqqı yoxdur”.
Gültəkin Hacıbəyli noyabrın 29-da Türkiyədə yaşadığı evdən aparılıb və “milli təhlükəsizlik üçün təhlükə yaradan xaricilər” kateqoriyası üzrə G-82 kodu ilə “idarə nəzarətinə” götürülüb. Dekabrın 15-də isə onun barəsində 5 il müddətinə Türkiyədən deportasiya qərarı çıxarıldığı bildirilib.
Hacıbəyli deportasiya qərarını siyasi xarakterli saydığını, geri göndərilməsi halında həbs olunacağını qeyd edib.
Hacıbəylinin saxlanılmasının Azərbaycanda AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə əlaqədar “Ramiz Mehdiyev işi” çərçivəsində baş vermiş ola biləcəyi ehtimal edilir.