Fazil Qasımov Baş Prokurora müraciət edib: “Protest verərək barəmdəki cinayət təqibindən imtina edin”

Fazil Qasımov Baş Prokurora müraciət edib: “Protest verərək barəmdəki cinayət təqibindən imtina edin” Foto: Amerikanın Səsi
26 Dekabr 2025
Mətni dəyiş

Həbsdə olan iqtisadçı Fazil Qasımov baş prokuror Kamran Əliyevə müraciət edib.

“Toplum TV”nin dərc etdiyi müraciətdə o, bu ilin martında 9 il azadlıqdan məhrum edildiyini və apellyasiya şikayətinin təmin olunmadığını xatırladıb.

Fazil Qasımov yazıb ki, istintaq materiallarında həm hüquqi, həm də faktiki ziddiyyətlər var:

“Müstəntiq Yusif Yusifov tərəfindən istintaq sənədlərində yol verilmiş səhvlər və iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Əliyev Anar Şahismayıl oğlunun istintaqa verdiyi məlumatların yalan olduğunu göstərən dəlillər mənə elan edilmiş ittihamların əsassızlığını tam şəkildə sübut edir”.

O, həbs olunmazdan əvvəl İstanbul Universitetində doktorantura təhsili aldığını, cinayət təqibinin elmi fəaliyyətini yarımçıq qoyduğunu vurğulayıb:

“Müstəntiqin sübutları saxtalaşdırması ilə bağlı faktları da tədqiqat bacarıqlarım sayəsində aşkara çıxarmışam. 28 aydır davam edən qanunsuz həbsim sağlamlığıma zərər verməklə birlikdə, elmi fəaliyyətimin yarımçıq qalmasına səbəb olub”.

Müraciətdə Qasımov prokurorun roluna dair qanunvericiliyə də istinad edib. O qeyd edib ki, dövlət ittihamçısının vəzifəsi yalnız ittihamı müdafiə etməkdən ibarət deyil:

“İqtisadçı kimi qanunvericiliyi araşdırarkən görürəm ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. Prokuror, həmçinin, təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə malikdir”.

Fazil Qasımov baş prokurora xatırladıb ki, qanunvericiliyə görə Kamran Əliyevin Apellyasiya Məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə instansiya protesti vermək hüququ var. O, məhz bu hüquqdan istifadə olunmasını xahiş edib:

“Sizdən xahiş edirəm ki, protest verərək barəmdəki cinayət təqibindən imtina edəsiniz”.

Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb və 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. O, iqtisadçı alim Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində həbs olunub və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə (satış məqsədi ilə saxta pul və ya xarici valyuta hazırlama və ya satma, bu əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) ittiham olunur.

Məhkəmədəki ifadəsində Qasımov bildirib ki, istintaq zamanı zorakılıq və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadəyə imza atmağa məcbur edilib. O, həmin ifadədən imtina edib və həbsini siyasi motivli adlandırıb.

İstintaq dövründə Qubad İbadoğlu barəsində əvvəlcə ev dustaqlığı, daha sonra polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və onun işi ayrıca icraata ayrılıb. Fazil Qasımov isə mühakimə olunub və bu ilin 13 martında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri Fazil Qasımovu siyasi məhbus kimi tanıyırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun