Avropa Məhkəməsi Əli Kərimlinin şikayəti üzrə Azərbaycan hökumətindən izahat tələb edir

Avropa Məhkəməsi Əli Kərimlinin şikayəti üzrə Azərbaycan hökumətindən izahat tələb edir
25 Dekabr 2025
Mətni dəyiş

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin şikayətini icraata götürərək Azərbaycan hökumətinə rəsmi sorğu göndərib.

“Azadlıq Radiosu”nun məlumatına görə, sorğu 2019-cu ilin iyununda Müsavat Partiyasının qərargahında keçirilən xeyriyyə marafonu zamanı Əli Kərimlinin saxlanılması və polis idarəsinə aparılması ilə bağlı şikayət üzrə kommunikasiya çərçivəsində göndərilib.

Əli Kərimli ərizəsində göstərib ki, Repressiya və İşgəncələr Əleyhinə Komitənin təşkil etdiyi xeyriyyə marafonunda iştirak etmək üçün Müsavat Partiyasının qərargahına gedib. Onun sözlərinə görə, tədbir zamanı polis əməkdaşları qərargaha daxil olub, heç bir əsas olmadan onu saxlayaraq Binəqədi Rayon Polis İdarəsinə aparıblar. AXCP sədri təxminən iki saat prokurorluq və polis rəhbərliyi ilə danışıqlardan sonra sərbəst buraxılıb.

Kərimli hesab edir ki, həmin gün onun qanunsuz saxlanılması nəticəsində azadlıq və toxunulmazlıq, eləcə də dinc toplaşmaq hüquqları pozulub. O, bu əsasla yerli məhkəmələrə şikayət etsə də, iddiası rədd edilib. Binəqədi Rayon Məhkəməsi qərarında bildirib ki, AXCP sədrinin polis idarəsinə aparılmasında qanunsuzluq yoxdur: o, nə həbs, nə də saxlanma statusunda olub, yalnız “qanunsuz parklanma” ilə bağlı xəbərdarlıq edildikdən sonra idarədən buraxılıb. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Daxili hüquqi müdafiə vasitələrindən nəticə çıxmadığını bildirən Əli Kərimli AİHM-ə müraciət edib. O, şikayətində Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 11-ci (yığıncaqlar və birləşmək azadlığı) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri) maddələrinin pozulduğunu qeyd edib.

2019-cu il iyunun 28-də keçirilən xeyriyyə marafonunun məqsədi etiraz aksiyalarına qatıldığına görə cərimələnən ictimai-siyasi fəallara maliyyə dəstəyi göstərmək olub. Əli Kərimli həmin tədbir zamanı saxlanılaraq polisə aparılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin həmin gün yaydığı birgə məlumatda isə qeyd olunurdu ki, AXCP sədri Müsavat Partiyasının qərargahı önündə “qanunsuz yürüş” keçirilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı çağırışa görə polis idarəsinə dəvət edilib.

Əli Kərimli bu izahatı rədd edərək, hüquq-mühafizə orqanlarının ictimai tədbiri bilərəkdən təhrif etdiyini söyləmişdi.

AXCP sədrinin özü hazırda həbsdədir. O, noyabrın 29-da saxlanılıb, dekabrın 1-də barəsində 2 ay yarım müddətinə həbs qətimkan tədbiri seçilib. Əli Kərimli və həmin gün saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Onlar irəli sürülən ittihamları qəbul etmədiklərini bildirirlər.

Partiyanın məlumatına görə, hazırda AXCP-nin 20-yə yaxın üzvü müxtəlif ittihamlarla həbsdə saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun