Həbsdə olan siyasi fəal Samir Aşurovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı bildirilir. Bu barədə məlumatı onun həyat yoldaşı Nura Aşurova “Facebook” səhifəsində paylaşıb.
Nura Aşurovanın sözlərinə görə, həyat yoldaşına zorakılıq edən şəxs cəzaçəkmə müəssisəsinin rəisi Vüsal Aslanovdur. O iddia edir ki, rəis Samir Aşurova bir neçə şillə vurub, əməkdaşlarla mübahisə edəcəyi halda onu cərimə kamerasına salmaqla hədələyib.
Aşurovun həmin davranışlara etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir. Həyat yoldaşı deyir ki, dekabrın 27-də telefon danışığı zamanı Samir Aşurov baş verənləri danışmağa çalışarkən əlaqə qəfil kəsilib.
Nura Aşurova həmçinin Samir Aşurovun səhhətində problemlərin olduğunu, şəkər xəstəliyindən əziyyət çəkdiyini xatırladaraq, ona qarşı zorakılığın dayandırılmasını tələb edib.
Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Qurum isə, adətən, bu tipli şikayət və iddiaları təkzib edir və müəssisələrdə işgəncə və zorakılıq hallarına yol verilmədiyini bildirir.
Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edildikdən təxminən 20 gün sonra Bakıda saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (CM-nin 126.2.4-cü maddəsi – xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma). Sonradan ona qarşı CM-nin 221.3-cü maddəsi (silah və ya silah qismində əşya ilə xuliqanlıq) üzrə də ittiham irəli sürülüb.
2023-cü ilin dekabrında məhkəmənin hökmü ilə Aşurov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır və hesab edirlər ki, həbsin əsl səbəbi onun Almaniyada Azərbaycan hakimiyyətinə qarşı keçirilən aksiyalarda fəal iştirakı olub.