Bəxtiyar Hacıyevin ailəsi: "Onunla əsir kimi davranılır"

Bəxtiyar Hacıyevin ailəsi: "Onunla əsir kimi davranılır"
8 August 2025
Mətni dəyiş

Ailəsi həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin səhhəti və hüquqi vəziyyəti ilə bağlı narahatdır.

Bildirilir ki, hazırda 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Hacıyevin saxlanma şəraiti insan hüquqları və hüquqi müdafiə baxımından ciddi pozuntularla müşayiət olunur.

Ailəsinin verdiyi məlumata əsasən, ictimai fəal kobud rəftara məruz qalır və ona vəkili ilə görüş icazəsi verilmir:

“Onunla əsir kimi davranılır və özü də bu vəziyyəti əsirlik kimi qiymətləndirir. Psixoloji və fiziki təzyiqlər altındadır, ağır durumdadır. Onun hüquqi müdafiə hüququ ciddi şəkildə pozulub. Görüntülü danışa bilmirik. Halbuki digər məhbuslara bu imkan yaradılır, lakin Bəxtiyara bu hüquq qəsdən verilmir. Ailəsindən tam təcrid olunub”.

Hacıyevin ailə üzvləri bildirir ki, fəalın səhhəti pisdir və tibbi yardıma ehtiyacı var.

“Ona lazımi tibbi xidmət göstərilmir. Yalnız bir dəfə böyük çətinliklə kardioqramma edilib. Bundan əlavə, ondan qan analizi də götürülüb, lakin artıq bir həftə keçməsinə baxmayaraq nəticələr hələ də təqdim olunmayıb”, - məlumatda deyilir.

İctimai fəalın vəziyyətini “dözülməz” adlandırıdığı və yerinin dəyişdirilməsini istədiyi də qeyd olunur:

“Əgər vəziyyəti ilə bağlı lazımi tədbirlər görülməzsə, intihara cəhd edə biləcəyini bildirib. Xüsusilə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov məsələ ilə bağlı açıq-aşkar qərəzli və düşməncəsinə yanaşma sərgiləyir”.

Ailəsi təcili tədbirlər görülməsini, Hacıyevin yerinin dəyişdirilməsini, ona tibbi xidmətin və hüquqi müdafiənin təmin olunmasını tələb edir.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Bu ilin yanvarında Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Bəxtiyar Hacıyev irəli sürülən ittihamları qəbul etmir, həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Bəxtiyar Hacıyevin həbsini siyasi motivli hesab edir.

Related News

Subscribe to stay updated