8-ci dəfə həbs edilən siyasətçi Tofiq Yaqublu bu gündən aclıq aksiyasına başlayıb

8-ci dəfə həbs edilən siyasətçi Tofiq Yaqublu bu gündən aclıq aksiyasına başlayıb Foto: Əziz Kərimov
1 April 2025
Mətni dəyiş

“Ümid edirəm ki, həbsxanada ölümüm beynəlxalq aləmin cinayətkar Əliyev rejiminə daha ciddi təzyiqlər göstərməsinə səbəb ola bilər”

Dələduzluqda ittiham edilərək 9 il azadlıqdan məhrum edilən müxalif siyasətçi Tofiq Yaqublu aclıq aksiyasına başlayıb. 

Tofiq Yaqublunun qızı Nigar Həzi martın 29-da atasının bununla bağlı bəyanatını yayıb. 

Siyasətçi ictimaiyyətə ünvanlandığı bəyanatında qeyd edir ki, o, növbəti dəfə də ömrünün uzun illərini həbsdə keçirmək istəmir. 

“Bilirəm ki, bu, çox çətin olacaq, eyni zamanda bir çox dostlar bu addımımı təqdir etmirlər. Bununla belə, mən bu addımı atmaqda qərarlıyam. İndi 65 yaşın içindəyəm. İlham Əliyevin planına görə mən həbsxanadan 74 yaşında çıxmalıyam. Ancaq mənim bu qədər yaşayacağıma heç bir zəmanət yoxdur. Xususilə də həbsxana şəraitində. Digər tərəfdən, heç həbsxanada ölməsəm belə, ömrümün son illərini niyə həbsxanada keçirməliyəm? Mənə qarşı ləyaqətsizcəsinə, şərəfsizcəsinə şər atılıb və saxta ittihamla qanunsuz olaraq həbsdə saxlanılıram”.

Tofiq Yaqublu bəyanatında qeyd edib ki, artıq ölkədəki hər kəs onun siyasi fəaliyyətinə görə həbs olunduğunu bilir.

“İndi mən katapultu olmayan, təyyarəsi vurulmuş hərbi pilot vəziyyətindəyəm. Onsuz da təyyarə meşədə, çöldə və ya dağda düşəcək. Elə isə bunun sonu ölümdürsə, vurulmuş təyyarəni düşmənin hərbi bazasına çırpmaq daha doğru olmazmı? Həmin pilota 15-30 dəqiqə artıq yaşamaq nə verəcək ki? Ona görə də həbsxanada ölməyə qərar verdim. Ümid edirəm ki, mənim həbsxanada ölümüm beynəlxalq aləmin diqqətini Azərbaycana fokuslamasına və cinayətkar Əliyev rejiminə daha ciddi təzyiqlər göstərməsinə səbəb ola bilər. Əgər mənə dəstək vermək istəyirsinizsə, məhkəmədə söylədiyim son sözümü oxuyun və onu təbliğ edin. Bununla həm sizin, həm də digərlərinin Əliyev rejiminin məhkəmə sistemini tənqid və ifşa etmək üçün son dərəcə güclü və təkzibedilməz arqument və sübutlarınız olacaq. Yaşasın demokratiya və azadlıq! Sizləri çox sevirəm!”, - siyasətçinin bəyanatında qeyd olunub. 

Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. 

Tofiq Yaqublu 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.

Related News

Subscribe to stay updated