Hesablama Palatası Bakı Dövlət Universitetində külli-miqdarda maliyyə pozuntusu aşkarlayıb

Hesablama Palatası Bakı Dövlət Universitetində külli-miqdarda maliyyə pozuntusu aşkarlayıb Foto: sosial media
6 September 2024
Mətni dəyiş

İşləməyən yataqxanalara görə pul yazılması, xərclərin şişirdilməsi, əsassız ödənişlər....

Hesablama Palatası Bakı Dövlət Universitetində (BDU) yoxlamlardan sonra ciddi pozuntular aşkarlandığını açıqlayıb.

Palatanın 2022-23-cü illəri əhatə edən yoxlaması ilə bağlı hesabatda qeyd olunur ki, universitetdə xərclər əsasən sosial istiqanətli olub və bu xərclərin ödənilməsi zamanı nöqsanlara yol verilib. 

“Bu, gəlir vergisinin düzgün hesablanaraq tutulmaması, mükafatların məbləğinin, eləcə də istifadə edilməmiş məzuniyyət günlərinin artıq hesablanması hallarını əhatə edib və ümumilikdə 13,3 min manat təşkil edib". 

Yoxlamalarla üzə çıxıb ki, debitor borclar xarici tələbələrlə yanaşı yerli tələbələri, həmçinin doktorantları əhatə edib. 

Qeyd olunub ki, yerli və xarici tələbələrlə ödənişli təhsillə bağlı müqavilələrin şərtlərinin tam yerinə yetirilməməsinə görə 2 milyon 522 min 800 manat debitor borc yaranıb. 

“Eləcə də, elmlər doktorluğu və fəlsəfə doktorluğu proqramı üzrə qəbul olunmuş dissertantların arasında universitetin əməkdaşı olmayan dissertantların universitetin hesabına təhsil alması nəticəsində cəmi 62 dissertanta görə 76,8 min manat təhsil haqqı alınmayıb”. 

Sənəddə qeyd olunub ki, təhsil haqqının və təqaüdlərin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin icrasında nöqsanlara yol verilib.

Belə ki, maliyyələşdirilməsi müvəqqəti olaraq dayandırılan 133 tələbə üzrə 188 min 800 manat vəsait büdcəyə qaytarılmayıb.

Bununla bərabər, müxtəlif səbəblərdən xaric edilən dövlət sifarişli tələbələrə görə azalmış təqaüd yerlərinin nəzərə alınmaması nəticəsində artıq müəyyən edilmiş təqaüd yerlərinə görə ümumilikdə 40 halda 9 500 manat vəsait artıq ödənilib.

Sənəddə qeyd olunub ki, bir çox satınalma müqaviləsi nəzərdə tutulan qaydada tam olaraq icra edilməyib. 

“Ehtimal olunan qiymətlərin hesablanılması hüquqi aktların tələblərinə tam əməl edilməyərək bir mənbədən satınalmalara tətbiq olunmayıb, bu, bir neçə halda daha qənaətli istifadə imkanlarını məhdudlaşdırıb”. 

Eyni zamanda, əməyin saat hesabı ödənişi sistemi də düzgün təşkil edilməyib, prosesin bütün mərhələlərində pozuntulara yol verilib. Saat hesabı qaydada dərs deyən şəxslərlə universitet arasındakı münasibətlər hər hansı formada tənzimlənməyib, onlarla əmək müqaviləsi bağlanmayıb.

“Universitetin nəzdində 5 yataqxana mövcud olsa da, onlardan yalnız biri – 1 nömrəli yataqxana, “Tələbə evi” fəaliyyət göstərir. Digər yataqxana binaları uzun illərdir ki, istifadəsiz qalıb və qəzalı vəziyyətdədir. Bu binalar faktiki olaraq yataqxana fəaliyyəti göstərməsələr də, universitetin yataqxanalarının idarəolunmasını həyata keçirən “Tələbə şəhərciyi”nin, “Tələbə evi” istisna olmaqla, 14 əməkdaşı üzrə 2022-ci ildə hesablanıb ödənilmiş əmək haqqı bütün məcburi ödənişlərlə birgə 143791,1 manat, 2023-cü ildə isə 135487,5 manat təşkil edib” - sənəddə qeyd olunub. 

Palata çatışmazlıqların aradan qaldırılması istiqamətində işlər aparılmalı olduğunu bildirib.

Related News

Subscribe to stay updated