“Abzas Media”nın jurnalistlərinin həbs müddəti 10 aydan sonra yenidən uzadıldı

“Abzas Media”nın jurnalistlərinin həbs müddəti 10 aydan sonra yenidən uzadıldı Foto: sosial media
7 September 2024
Mətni dəyiş

Məhkəməyə gətirilən abzasçılar: "Məni heç kim susdura bilməz", "Həbsxana məni tutduranların yeridir", "Azad medianı heç kim susdura bilməz!”

Sentyabrın 7-də "Abzas Media"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), direktor müavini Məhəmməd Kekalov və əməkdaşları Hafiz Babalı ilə Nərgiz Absalamovanın həbs müddəti artırılıb. 

İstintaq orqanının ilkin istintaq dövrü üçün həbs müddətinin uzadılması ilə bağlı təqdimatını Xətai rayon Məhkəməsinin hakimi Sahibə Hacıyeva təmin edib.

Təqdimatı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) baş müstəntiqi Toğrul Hüseynovun vəsatəti əsasında, Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev verib. 

Beləliklə, Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Hafiz Babalı və Nərgiz Absalamovanın həbs müddətləri daha 3 ay uzadılıb. 

Onlar məhkəməyə gətirilərkən, şüar səsləndiriblər. Sevinc Vaqifqızı "Müstəqil jurnalsitləri heç kəs susdura bilməz!" deyib. Nərgiz Absalamova isə bildirib ki, "Azad medianı heç kim susdura bilməz!”. Absalamova məhkəmədəki çıxışında da həbslərinin siyasi sifariş olduğunu əlavə edib. 

Araşdırmaçı jurnalist Hafiz Babalı isə şüarında vəzifəli şəxslərlə yerlərinin səhv düşdüyünə diqqət çəkib: "Həbsxana məni tutduranların yeridir".

Bu iş üzrə istintaq müddəti isə artıq dəfələrdir uzadılır. 

Sentyabrın 6-da jurnalist Elnarə Qasımovanın və iqtisadçı Fərid Mehralızadənin də istintaq dövrü üçün həbs müddətlərinin uzadılması ilə bağlı təqdimata baxılıb. Hakim Sülhanə Hacıyevanın qərarı ilə Elnarə Qasımovanın həbs müddəti noyabrın 13-nə, Fərid Mehralızadənin həbs müddəti isə dekabrın 19-na qədər uzadılıb. 

Elnarə Qasımova məhkəmədəki çıxışında bildirib ki, həbs müddətlərinin uzadılmasının heç bir qanuni əsası yoxdur. 

"Bizim həbsimizi COP29-a görə uzadırlar. Bu ittihamlar bizə yox, bizim araşdırmalarımızda adı korrupsiya cinayətlərində keçən şəxslərə verilməlidir". 

Hüquq müdafiəçilərinin fikrincə, “Abzas Media” müstəqil nəşri Azərbaycan hökumətinin rəhbər şəxsləri və onların yaxınları ilə bağlı korrupsiya araşdırmaları dərc etdiyi üçün hədəfə gəlib.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da jurnalist Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə reportyor Elnarə Qasımova saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

İyunun 1-də həbs olunan Fərid Mehralızadə də “Abzas Media işi” üzrə istintaqa cəlb olunub. Ancaq özü bu media orqanı ilə əlaqələrini inkar edir. “Abzas Media” redaksiyası da yaydığı bəyanatda iqtisadçı ilə heç bir əməkdaşlığın olmadığını açıqlayıb.  

Daha sonra “Abzas Media işi” üzrə həbs olunanlara qarşı yeddi əlavə maddə ilə daha ağır ittihamlar irəli sürülüb. İndi onlar Azərbaycan Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırma), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 320.1 və 320.2-ci (sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə), həmçinin 213.2.1-ci (qrup şəklində vergidən yayınma) maddələri ilə ittiham olunurlar.

Bu ittihamlarla onları əvvəlki kimi 8 ilədək deyil, 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Jurnalistlər bütün ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Related News

Subscribe to stay updated