Gülağa Aslanlı: “Müsavat Partiyası Arif Hacılının gedişi, İsa Qəmbərin gəlişilə siyasi xəttini dəyişməyəcək”

Gülağa Aslanlı: “Müsavat Partiyası Arif Hacılının gedişi, İsa Qəmbərin gəlişilə siyasi xəttini dəyişməyəcək”
21 May 2024
Mətni dəyiş

Partiya funksioneri son tənqidlərdən və partiyanın qırmızı xətlərindən danışıb 

2014-cü ildə Arif Hacılı Müsavat Partiyasının sədri seçiləndən sonra uzun müddət Milli Strateji Düşüncə Mərkəzinə rəhbərlik edən siyasətçi İsa Qəmbər bu il mayın 4-də yenidən Müsavat başqanı seçilib

Arif Hacılının gedişindən sonra partiyaya uzun illər rəhbərlik etmiş İsa Qəmbərin başqanlığa qayıtması isə birmənalı qarşılanmayıb. Bu prosesi illər birlikdə fəaliyyət göstərmiş 2 yaxın siyasətçinin qarşılıqlı şəkildə vəzifə “paslaşma”sı kimi şərh edənlər də olub

Mayın 16-da isə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə iştirak edən 25 partiya rəsmisi arasında Müsavat başqanının müavini Gülağa Aslanlı da gözə dəyib

İllərdir dialoq masasında görünməyən Müsavat Partiyasının Azərbaycan hökumətinin təşkil etdiyi tədbirdə iştirakı sosial mediada tənqidlə qarşılanıb. Müzakirələr o həddə çatıb ki, Müsavat  Partiyasının Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü partiyadan istefa verdiyini bəyan edib

Tənqidçilər arasında Müsavat Partiyasının keçmiş başqan müavini Elman Fəttah da var idi. 

“Həmişə demişəm ki, hakimiyyətə münasibətdə Arif Hacılı İsa Qəmbərlə müqayisədə daha prinsipial mövqedədir. İsa Qəmbər başqanlığa qayıdar-qayıtmaz Müsavatı avtobusa mindirdi”, –  Elman Fəttah görüşü belə şərh edib. 

Gülağa Aslanlı “AbzasMedia”nın bu tənqidlərə dair suallarını cavablandırıb.

– Gülağa bəy, 2014-cü ilin sentyabrında İsa Qəmbər partiya sədrliyindən getdi və yeni başqan Arif Hacılı oldu. Bu, həmin vaxt partiyanın gəncləşməsi və yeni simaların üzə çıxması kimi də təqdim olunurdu. Ancaq 10 il sonra İsa Qəmbər yenidən partiya başqanlığına qayıtdı. Bu hansı zərurətdən oldu? Bu, belə başa düşülə bilərmi ki, İsa Qəmbərin gedişi partiyanı zəiflətdi, indi gəlişilə gücləndirməyə çalışırsınız?

– Qətiyyən yox, bu müddətdə partiya zəifləmədi. Arif bəyin iki dönəm rəhbərlik müddəti bitdi artıq, namizəd ola bilməzdi. Biz də düşündük ki, indiki tarixi dönəm, siyasi mühit tamam başqadır və hazırkı vaxtda partiyaya daha təcrübəli bir şəxs başqan olmalıdır. Bu fikir demək olar ki, partiyanın bütün rəhbər orqanlarında qəbul edilmiş oldu. Hər birimiz İsa bəydən yenidən başqanlığa gəlməsini xahiş etdik. Müsavat Partiyasının həm keçmiş üzvləri arasında, həm də gəncləri arasında başqan ola biləcək kifayət qədər adam var. Ancaq bu adamların da hamısı İsa bəyin namizədliyini dəstəklədilər. İsa bəy də bütün bu istəkləri nəzərə alıb namizədliyini verdi və seçildi.

– İsa Qəmbər partiya sədrliyinə qayıdan kimi partiyanın qatıldığı ilk tədbir hökumət tədbiri oldu. Bir çoxları hazırda düşünür ki, partiya digər loyal partiyalar kimi hakimiyyətlə yaxınlaşacaq və daha yumşaq xətt tutacaq. Siz necə düşünürsünüz, siyasi xəttinizdə, leksikonunuzda və fəaliyyətinizdə hansı dəyişikliklər ola bilər?

– Bu dəvət İsa bəy başqan seçilməzdən əvvəl olmuşdu. İsa bəyin özünün də iştirakı ilə keçirilən iclasda qərar qəbul edilmişdi ki, dəvət qəbul olunsun. Bu, siyasi dialoq deyildi, "Siyasi partiyalar haqqında" Qanunun tətbiqi ilə bağlı mexanizmlərin müzakirəsi idi. Biz istəsək də, istəməsək də, Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstəririk. Müsavat Partiyası İsa Qəmbərin gəlişi və Arif bəyin gedişilə öz siyasi xəttində dəyişiklik etməmək, hakimiyyətlə ancaq Azərbaycanın taleyüklü məsələləri barəsində dialoq olarsa iştirak etmək fikrindədir. Burada isə dialoq söhbəti yoxdur. 

– Adətən bu cür görüşlərə hakimiyyətə daha loyal münasibətdə olan partiyalar qatılırdı. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası iştirak etmirdi. Ancaq indi Müsavat iştirak etdi. Bu, hansı zərurətdən irəli gəldi?

– Bu görüş siyasi partiyalarla görüş deyildi, qanunun tətbiqi barəsində idi. Qanunda kifayət qədər səhv və Azərbaycanın siyasi həyatına mane olan maddələr var. Bizim də görüşdə iştirak etməkdə məqsədimiz, bu səhvlərin düzəldilməsini tələb etmək idi. Mən də çıxışımda bu məqamları demişəm. 

– Müsavatın sabiq başqanı Arif Hacılı hökumətlə dialoq çərçivəsində 2020-ci ildə bir dəfə Prezident Administrasiyasında  keçirilən görüşdə iştirak edib. Həmin görüşdə qaldırdığınız məsələlər həllini tapdımı ki, bu dəfə də bu görüşdə də iştirak edib qanunla bağlı çətinlikləri desəniz, problemlərin həllini tapa biləcəyini düşündünüz?

– Bəli, həmin vaxt Müsavat Partiyasının təklif etdiyi bir çox məsələləri hakimiyyət sonradan öz adından həyata keçirdi. 

– Qaldırdığınız hansı məsələlər həyata keçirildi?

– Orda təklif olunmuşdu ki, Azərbaycan xalqına müraciət edildikdə, bütün xalqların dilində olsa çox yaxşı olar. Həmin təklif bir neçə gün sonra klip şəklində hazırlandı və yayımlandı. Həm talış, həm rus, həm avar dilində, həm də başqa dillərdə müraciətlər oldu. 

– Həmin vaxt deyilirdi ki, görüşdə həm də demokratiya və insan haqları müzakirə olunub. Bununla bağlı da irəliləyiş hiss etdinizmi?

- Demokratiya və insan haqları məsələsi bütün görüşlərdə ortaya qoyulan məsələdir. Təəssüf olsun ki, Azərbaycan hökuməti bir müsbət addım atırsa, iki gün sonra təzədən mənfi addımlar atır. Məsələn, bu yaxınlarda müsbət hal kimi Qubad İbadoğlu buraxıldı, iki gün sonra Anar Məmmədli tutuldu. Burada Müsavat Partiyasının günahı yoxdur. Bu sualı hakimiyyətə verin.

– Bəs Müsavat Partiyasının hakimiyyətlə siyasi münasibətlərdə qırmızı xətləri hansılardır?

- Azərbaycanda siyasi məhbuslar olmamalı, insan haqları və demokratiya birinci planda olmalıdır. Eyni zamanda, ərazi bütövlüyü təmin edilməli və ölkənin suverenliyinə xələl gətirilməməlidir. Ölkənin ərazi bütövlüyünün təmin olunması və suverenliyinin qorunması məsələsində müsbət addımlar var və hələ ki, təhlükəli məqam yoxdur. Ən təhlükəli məqam Rusiya ordusunun Azərbaycanda olması idi ki, onlar da artıq çıxıblar. Qalan iki məsələdə isə irəliləyiş yoxdur və işlər arzuolunan səviyyədə deyil.

Related News

Subscribe to stay updated