Fransalı nazir Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanı ittiham edib

Fransalı nazir Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanı ittiham edib Foto: Politico
16 May 2024
Mətni dəyiş

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın daxili işlər naziri Jerar Darmanın adadakı müstəqillik tərəfdarlarının Azərbaycan hökumətilə sövdələşdiyinə dair dediklərini təkzib edib  

“Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarının etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir. Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerar Darmanın mayın 16-da “France-2” telekanalına müsahibəsində səsləndirdiyi iddialara münasibət bildirərkən belə deyib.

“Yeni Kaledoniyanın bəzi müstəqillik tərəfdarları Azərbaycanla sövdələşiblər. Bu, şübhəsizdir”, – deyə Jerar Darman jurnalistinin Yeni Kaledoniyadakı iğtişaşlara Azərbaycan hökumətinin mümkün müdaxiləsinə dair sualına belə cavab verib.

Qeyd edək ki, etirazlar Fransanın Yeni Kaledoniyada seçki qanununa edilən dəyişikliklərdən sonra başlayıb. 351 deputatın lehinə, 153 deputatın əleyhinə səs verdiyi dəyişikliklərə görə, Yeni Kaledoniyada 10 il yaşayan fransızlar səsvermədə iştirak etmək hüququna sahib olurlar. Yerli liderlər bu qanunun kanakların seçki mövqeyini zəiflədəcəyini bildirirlər.

“Reuters”in Fransanın Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, Yeni Kaledoniyada hələ də davam edən qarşıdurmalarda 3 nəfər kanak, bir polis nəfəri öldürülüb. Fransa hökuməti Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. 

1853-cü ildə Fransanın koloniyası olan Yeni Kaledoniyaya 1946-cı ildə Fransanın xaricdəki ərazisi statusu verilib. “CNN”in yazdığına görə, 2018-2021-ci ildə Yeni Kaledoniyada Fransadan tamamilə ayrılmaq üçün üç dəfə referendum keçirilsə də, müstəqillik tərəfdarları qalib gələ bilməyiblər.

Related News

Subscribe to stay updated