Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası keçirilib

Gürcüstanda “Xarici agentlər haqqında” qanuna qarşı etiraz aksiyası keçirilib
8 April 2024
Mətni dəyiş

Zurab Caparidze: “Hökumət vətəndaş cəmiyyətini, tənqidi medianı sıxışdırmağa çalışır

Aprelin 8-də Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası keçirilib.

Aksiya parlament binası yaxınlığında baş tutub.

Bu gün parlamentin bürosunda layihənin müzakirəsinə başlayıblar. Həm müxalifət, həm də vətəndaş cəmiyyəti bu dəfə də onun qəbuluna icazə verməyəcəklərini bildirir.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası ölkədə vətəndaş cəmiyyəti təşkilatlarını və medianı hədəf alan mübahisəli “xarici agent qanunu”nu yenidən qəbul etməyə çalışacaqlarını açıqlayıb.

Təklif ötən il kütləvi küçə etirazlarından sonra geri çəkilmişdi.

Çərşənbə günü “Gürcü arzusu”nun parlament lideri Mamuka Mdinaradze keçirdiyi brifinqdə qanun layihəsinin ötənilki variantının əhəmiyyətli dərəcədə dəyişilməyəcəyini bildirib. Onun sözlərinə görə, yeganə fərq odur ki, yeni qanunvericilik xaricdən maliyyə alan təşkilatları “xarici təsir agentləri” əvəzinə “xarici gücün maraqlarını həyata keçirən təşkilatlar” adlandıracaq.

 

Etiraz aksiyasının təşkilatçısı, ictimai fəal Tamar Caxali bildirib ki, yeni qanunun qəbulu onları Avrointeqrasiyadan uzaqlaşdırmağa hesablanıb.Aksiyanın təşkilatçısı, ictimai fəal Tamar Caxali

“Gürcü arzusu” gürcülərin Avropaya inteqrasiyasının qarşısını almağa çalışır. Biz Avropa İttifaqına üzvlüyə namizədik. Amma irəli getmək üçün islahatlar aparmalıyıq. “Gürcü arzusu” bunu istəmir. Çünki, bu, hökumət üçün təhdiddir. Biz bu qanuna etiraz eməliyik. Güclü olub sayımızı artırmalıyıq. Bilmirəm bütün bunlar nə ilə bitəcək, ancaq parlamentin qanunu müzakirə edəcəyi hər gün burada olmağı düşünürəm”, – aksiya təşkilatıçısı söyləyib.

Tamar Caxali ötənilki etiraz aksiyalarında həbs edilən 21 yaşlı Lazare Qriqoriadis barədə də xatırladıb. O deyib ki, hökumətin irəli sürdüyü ittihamları sübut etmək üçün heç bir dəlili yoxdur və bilərəkdən istintaq prosesini uzadırlar.

“Bu, Gürcüstan məhkəmə sisteminin tamamilə ədalətsiz olmasının nümunəsidir. Onların ədalətli məhkəmədən danışmasına baxmayaraq, “Gürcü arzusu” məhkəmələrdən sonra vətəndaş cəmiyyəti və müstəqil mediaya da müdaxilə etmək istəyir. Bu sistem şəffaf deyil. Ehtimal edirik ki, Lazarenin məhkəməsini yenə təxirə salacaqlar. Hökumət onun azad olmasını istəmir, çünki o azad olsa, bu, bizim qələbəmiz olacaq. Onlar bizim qalib olmağımızı istəmirlər. Onlar bizim ümidsiz, məğlub olmağımızı istəyirlər. Hökumət üçün gürcü xalqının qələbəsi təhdiddir” - Tamar Caxali əlavə edib.

 

21 yaşlı Lazare Qriqoriadis ötən il martın 29-da mübahisəli “xarici agent qanunu”nun qəbuluna qarşı nümayişlər zamanı polis əməkdaşına hücum etmək və başqalarının əmlakını məhv etmək ittihamı ilə həbs edilib. Ona martın 30-da istintaq təcridxanasında rəsmi ittiham irəli sürülüb. Martın 31-də şəhər məhkəməsi Qriqoriadis barəsində həbs-qətimkan tədbiri seçib.

Qriqoriadis mart etirazları ilə bağlı həbs edilən yeganə şəxsdir. İttiham tərəfi Qriqoriadisin polis əməkdaşlarına iki molotov kokteyli atdığını və polis avtomobilini yandırdığını sübuta yetirsə, onu 11 ilə qədər həbs gözləyir.Lazar Qriqoriadis, ictimai fəal

Lazare Qriqoriadisin özü də Formula TV kanalına göndərdiyi məktubda bildirib ki, onun işi üzrə təqsirli olduğu barədə hökm çıxarılacağına şübhə etmir.

Aksiyada iştirak edən “Qirçi - daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze deyib ki, qanunun qəbul edilməsi Gürcüsran-Avropa əməkdaşlığının sonu ola bilər."Girçi - daha çox azadlıq" partiyasının sədri Zurab Caparidze

“Bu, çox aydındır. Müxtəlif Avropa təşkilatlarının, NATO və ABŞ Dövlət Departamentinin yaydığı bəyanatlar da bunu deməyə əsas verir. Hökumət Gürcüstandakı vətəndaş cəmiyyətini, tənqidi medianı sıxışdırmağa çalışır. Bu, sadəcə ilk addımdır. Rusiya da belə başlamışdı. Sonra hər şey daha da pisləşəcək. Məqsəd Gürcüstan vətəndaş cəmiyyətinin və tənqidi medianın Qərb tərəfindən maliyyələşdirilməsinin qarşısını almaqdır. Buna görə də bu gün bu qanuna etiraz edirik”, - deyə partiya sədri bildirib.

Gürcü rejissor, ssenarist Giorgi Tavartkiladze də aksiyada iştirak edənlərdən biri olub. O deyib ki, bu qanunun qəbul edilməsi ölkədə ifadə azadlığı da başda olmaqla bir çox azadlıqların itirilməsinə gətirib çıxaracaq. Rejissor əlavə edib ki, yeni qanun ölkədəki film sənayesinin inkişafına da mənfi təsir göstərəcək.Rejissor, ssenarist Giorgi Tavartkiladze

“Bu, film istehsalçıları üçün də böyük problemə çevriləcək. Çünki bizim ötən illər ərzində maliyyə dəstəyi aldığımız beynəlxalq təşkilatlar da xarici agent elan olunacaqlar. Bu təşkilatlar bizim ən vacib tərəfdaşlarımızdır. Çünki hökumətin bizə verdiyi vəsait film istehsal etmək üçün kifayət deyil.

Xüsusilə onu da qeyd edim ki, biz hazırda Gürcüstan Mədəniyyət Nazirliyi və Gürcüstan Milli Film Mərkəzi ilə heç bir əməkdaşlıq etmirik və bu qurumları boykot etmişik. Belə olan halda biz film istehsal etmək üçün xaricdən gələn maliyyə dəstəyindən asılıyıq. Bu qanun bizi tamamilə susduracaq və böyük bir fəlakətə çevriləcək. Mənim bir rejissor kimi burada iştirak etməyimin əsas səbəblərindən biri də budur. Burada həm vətəndaş, həm də sənətçi kimi yer alıram”, – deyə rejissor bildirib.

“Salam Platforması” idarə heyətinin üzvü Bünyamin Qasımoğlu deyib ki, bu qanun qeyri-hökumət təşkilatlarının fəaliyyətini iflic edəcək.“Salam Platforması”nın idarə heyətinin üzvü Bünyamin Qasımoğlu

“Yeni qanun iddia edir ki, QHT-lərin fəaliyyətində şəffaflığa səbəb olacaq. Ancaq bu təşkilatların işi onsuz da şəffafdır. Onların hamısının saytında hansı donorlarla əməkdaşlıq etdikləri, nə qədər maliyyə aldıqları qeyd olunub. Bu təşkilatlar Gürcüstandakı milli, dini, istənilən azlıqların hüquqlarını qoruyur. Ətraf mühitin mühafizəsi ilə məşğul olur. Heyvanların haqlarına xüsusi diqqət yetirir. Hökumət sadəcə istəyir ki, QHT-lər olmasın, heç bir haqq da qorunmasın.

Bir təşkilat kimi bizim də əsas fəaliyyət sahələrimizdən biri bələdiyyələrin işlərini monitorinq etmək, onlara ayrılan maliyyənin məqsədəuyğun sərf olunub-olunmadığına nəzarət etməkdir. Biz olmadıqdan sonra onlar da öz işlərini rahat-rahat görəcəklər, ölkədə istədikləri kimi at oynadacaqlar. Rüşvətxorluq, korrupsiya baş alıb gedəcək”, – B.Qasımoğlu əlavə edib.

Bünyamin Qasımoğlu bu qanunun bir müddət əvvəl Qırğızıstanda da qəbul edildiyini xatırladıb. O, hər iki ölkədə oxşar qanunun Rusiyanın təzyiqi nəticəsində gündəmə gətirildiyini söyləyib.

Gürcüstan hökumətinin “Xarici agent haqqında” qanun layihəsi Rusiyada vətəndaş cəmiyyətinə təzyiq üçün istifadə edilən qanuna oxşarlığına görə onu şərti olaraq “Rusiya qanunu” adlandırırlar. 2023-cü ilin martında minlərlə insan iki gün ərzində bu qanun layihəsinə qarşı çıxmaq məqsədilə küçələrə axışıb. Polis onları dağıtmaq üçün gözyaşardıcı qaz, bibər qazı, su şırnaqları və səsli silahlardan istifadə etdikdən sonra etirazlar bəzi yerlərdə iğtişaşlara çevrilib.

Hökumət parlamentdə ilk oxunuşda qəbulundan bir neçə gün sonra qanun layihəsini geri çəkmək məcburiyyətində qalıb.

Gürcüstanın “xarici agent qanunu”nu yenidən tətbiq etmək cəhdləri beynəlxalq arenada əks reaksiyaya səbəb olub. Bir çoxları bunun ölkənin potensial Aİ üzvlüyünə mane ola biləcəyi barədə xəbərdarlıq edib.

Fotolar: Abzas Media/Hacı Zeynallı

Related News

Subscribe to stay updated