Azərbaycanda işgəncə: Avropadan Bakı həbsxanalarına pul necə axır

Azərbaycanda işgəncə: Avropadan Bakı həbsxanalarına pul necə axır Foto: Forbidden Stories
2 February 2024
Mətni dəyiş

Müəlliflər: Laurent Richard, Mariana Abreu

Digər əməkdaşlar: Youssr Youssef və Leyla Mustafayeva (Forbidden Stories), Romeo Langlois və Karina Chabourg (France 24), Daniel Vallot (RFI), Lucas Brouwers və Wilmer Heck (NRC).

 

2023-cü ilin noyabrından etibarən “Abzas Media”nın altı əməkdaşı xarici valyuta qaçaqmalçılığı ittihamı üzrə şübhəli bilinərək həbs edilib. Əvvəllər də hakimiyyətin təqiblərinə məruz qalan  “Abzas Media” Avropadan maliyyə dəstəyi alan Azərbaycan həbsxanalarında məhbusların işgəncələrə məruz qalması haqqında məqalələr dərc edirdi.

Araşdırmaları ilə tanınan “Abzas Media” saytında redaktor işləyən 34 yaşlı jurnalist Sevinc Vaqifqızı, 20 noyabr 2023-cü il tarixində İstanbul hava limanında olarkən çəkdiyi videonu sosial mediada yayımlayıb. Bu videodan cəmi bir neçə saat öncə Vaqifqızının həmkarı, “Abzas Media”nın direktoru, 36 yaşlı Ülvi Həsənli yaşadığı ünvana polis basqını nəticəsində həbs edilmişdi.

Vaqifqızı Bakıya dönmək üçün təyyarəyə minməyə hazırlaşarkən dostu və həmkarı ilə eyni aqibəti yaşayacağına şübhə etmirdi. Bununla belə, bu riski gözə alaraq Azərbaycan mediasına qarşı davam edən görünməmiş basqıları vurğulamaq üçün video çəkib yayımladı:

“Bildirmək istəyirik ki, Ülvi Həsənlinin həbsi birbaşa prezident İlham Əliyevin sifarişidir”.

Araşdırmaları ilə tanınan “Abzas Media”nın direktoru Ülvi Həsənli 2023-cü il noyabrın 20-də yaşadığı evin qarşısında saxlanılıb. Müəllif: “Abzas Media”   

Sevinc Vaqifqızı azadlıqdakı son anlarından istifadə edərək Azərbaycandakı rejimə belə bir mesaj göndərib:

“Ülvi, mən və ya istənilən birimiz həbsdə olduğumuz halda belə, bu işi davam etdirənlər var. Və düşünməsinlər ki, tək-tək şəxsləri həbs etməklə bu araşdırmaları dayandıra bilərlər, bu, baş verməyəcək”, - deyə o, videoda bildirib.

“Mən Ülvini içəridə qoyub özüm qıraqda rahat həyat yaşaya bilmərəm”, - hava limanında olarkən Sevinc digər bir video görüntüdə telefon danışığı zaman deyib.

Vaqifqızı Bakıya çatan kimi keçmiş sovet respublikasının rəhbəri və hazırkı prezident İlham Əliyevin atası Heydər Əliyevin adını daşıyan Beynəlxalq Hava Limanında saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Abzas Media”nın Bakının mərkəzində yerləşən ofisində 40 min avro nağd pul aşkarlanıb. Həsənli saxlanılandan sonra jurnalistlərə bildirib ki, onu Cinayət Məcəlləsinin “qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” maddəsilə ittiham etmək üçün bu pulun polislər tərəfindən sübut kimi ofisə qoyulduğunu düşünür.

Vaqifqızının sosial şəbəkələrdə paylaşdığı videoda bildirdiyinə görə, Həsənli həbs olunarkən zorakılığa məruz qalıb:

“Niyə Dağlıq Qarabağdakı qələbəmiz əvəzinə korrupsiya haqqında yazırsınız?”, - Həsənlidən Ermənistanla Azərbaycan arasındakı münaqişə mövzusu nəzərdə tutularaq soruşulub.

Jurnalist Sevinc Vaqifqızı İstanbul aeroportunda “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həbsindən dərhal sonra Bakıya qayıdarkən. 20 noyabr, 2023-cü il. Mənbə: “Abzas Media”

Polislər 2023-cü il noyabrın 20-də gecə saatlarında “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının yaşadığı mənzilin qapısını döyərkən. Mənbə: “Meydan TV”

Növbəti ay yarım ərzində “Abzas Media”nın daha dörd əməkdaşı Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova həbs ediliblər.

Mediaya qarşı görünməmiş təzyiqlərin artdığı bir vaxtda prezident İlham Əliyev fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb.

2023-cü il yanvarın 22-də Avropa Şurasının Plenar Assambleyasında “Forbidden Stories” və onun tərəfdaşları tərəfindən sorğu-sual edilən Azərbaycan nümayəndə heyətinin üzvləri “Abzas Media”nın jurnalistləri də daxil olmaqla Azərbaycanda siyasi məhbusların olduğuna dair iddiaları təkzib ediblər.

“Bəlkə sizin [siyasi məhbuslarınız] var, bizdə isə yoxdur”, - deyə deputat Səməd Seyidov bildirib. - “Bizdə qaydaları pozan şəxslər var və biz qanunun aliliyi üçün mübarizə aparırıq”.

​Mənbə: STRINGER/ Reuters

Xəzər dənizinə çıxışı olan Qafqaz ölkəsi Azərbaycan “Sərhədsiz Reportyorlar Təşkilatı”nın “Media Azadlığı İndeksi” üzrə 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb. Jurnalistlərin və siyasi fəalların geniş şəkildə təqib olunduğu bir ölkədə “Abzas Media” yüksək vəzifəli məmurların korrupsiya əməllərini və prezident Əliyevin yaxın çevrəsinin gizli sərvətlərini araşdıran azsaylı medialardan biridir. Elə buna görədir ki, “Pegasus” casus proqramı üzərindən hədəfə alınan jurnalistlərin geniş siyahısına Ülvi Həsənlinin də adı daxil edilib. Bu, “Forbidden Stories” və onun tərəfdaşları tərəfindən 2021-ci ilin iyul ayında dərc edilən araşdırmada qeyd edilib.

“Forbidden Stories” ötən dövr ərzində bir neçə dəfə, o cümlədən 2023-cü ildə İsveçdə keçirilən Qlobal Jurnalistika Araşdırmaları Konfransında Sevinc Vaqifqızı və həmkarları ilə görüşüb. Noyabrda Bakıya gedərkən Vaqifqızı “Forbidden Stories”lə də əlaqə saxlayıb. O, mesajlarında “biz hesab edirik ki, [Həsənlinin həbsi] bizim araşdırmalarımızla birbaşa bağlıdır”, deyə bildirib.

Ekran görüntüsü "Abzas Media"nın X hesabından götürülüb

Vaqifqızı və digər “Abzas Media” əməkdaşları həbs olunduqdan sonra onlar azadlıqda olan jurnalistlərin araşdırmaları davam etdirmələrini xahiş ediblər.

“Abzas Media” Azərbaycanda işgəncə halları, o cümlədən hərbçilər tərəfindən törədilən və on nəfərdən çox insanın ölümü ilə nəticələnən “Tərtər hadisələri” kimi işgəncə qalmaqalına dair ciddi araşdırmaları işıqlandırmaq üçün qismən Avropadan ayrılan maliyyə dəstəyinə güvənirdi.

Azərbaycan 2001-ci ildə Avropada insan haqlarının, demokratiyanın və qanunun aliliyinin qorunmasına məsul olan beynəlxalq təşkilata - Avropa Şurasına üzv olub. O vaxtdan etibarən Avropa Şurası məhkəməsi olan Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını və ya onun protokollarını 263 dəfə pozduğunu müəyyən edib. Bu pozuntuların 33-ü “işgəncə” və ya “qeyri-insani və ləyaqəti alçaldan rəftar” iddiaları ilə bağlı olub.

İşgəncələrin Qarşısının Alınması üzrə Komitə (İQAAK) bir neçə həbsxanaya baş çəkdikdən sonra, 2017-ci il hesabatında həbsxanalarda çoxsaylı vəzifədən sui-istifadə halları, o cümlədən “sillə, yumruq, təpik, dəyənəklə zərbə, taxta çubuqla zərbə, stulun ayağı, bezbol dəyənəyi, su dolu plastik butulka və ya qalın kitab” ilə zərbələr haqda məlumat verib. İQAAK həmçinin işgəncənin daha ağır formalarını da qeyd edir. Məsələn, “dəyənəklə ayaqların altına zərbələr endirmək (çox vaxt insan tavandan asılmış vəziyyətdə olarkən) və elektrik  şokunun verilməsi”.

12 tərəfdaş medianın konsorsiumu “Baku Connection”(Bakı ilə bağlantı) “Abzas Media”nın işini davam etdirmək üçün “Forbidden Stories”-lə əməkdaşlığa başlayıb. İşgəncə, digər pozuntular və Azərbaycandakı həbsxana sisteminin maliyyələşməsi məsələsini araşdırarkən ipin ucu onları Avropa institutlarına aparıb çıxarıb.

Konsorsiumdan olan jurnalistlər “Forbidden Stories”in “Bakı ilə əlaqə” layihəsi üzrə səfərbər olunublar.  Müəllif: VPRO Tegenlicht/ Erik van Empel

Araşdırmalarımız göstərir ki, “Forbidden Stories”-in nəzərdən keçirdiyi ictimaiyyətə açıq sənədlərə əsasən, 2014-cü ildən etibarən Azərbaycanda bir sıra inkişaf layihələrini dəstəkləmək məqsədilə Avropa Şurasından 23 milyon avrodan çox vəsait ayrılıb. Əsasən Avropa İttifaqının büdcəsindən ayrılan bu vəsaitlər, digər məsələlərlə yanaşı, “məhkəmə sisteminin potensialının artırılması”, “kadrların təlimi”, “həbsxana şəraitinə nəzarətin gücləndirilməsi”, “şəffaflığın artırılması və korrupsiyanın qarşısının alınması üzrə fəaliyyət” üçün nəzərdə tutulub. Amma Azərbaycan həbsxanalarında baş verənlərin monitorinqi qeyri-şəffafdır.

Avropa İttifaqı və Avropa Şurasının birgə maliyyələşdirdiyi “Azərbaycanda penitensiar sistemdə islahatlara əlavə dəstək-2” proqramının sonuncu Zoom tədbiri. Mənbə: Ekran görüntüsü, Avropa Şurasının vebsaytı

“Əllərimi tavana bağlamışdılar”

Hüquq müdafiəçiləri Arif və Leyla Yunuslar 30 il ərzində Əliyevlər klanının cinayətlərini sənədləşdirməklə məşğul olublar. Əliyevlər  “Wikileaks” tərəfindən dərc edilən ABŞ Dövlət Departamentinin diplomatik yazışmasında adətən “Korleonelər” adlandırılıblar.

Arif və Leyla Yunus Azərbaycandakı rejimə qarşı müqavimətin siması kimi tanınıblar. Onlar ölkəni tərk etməzdən əvvəl 2014-cü il iyulun 30-da vətənə xəyanət ittihamı ilə səkkiz ilədək həbs cəzası alıblar.

Hazırda 69 yaşlı Arif və həyat yoldaşı Leyla Hollandiyada gizli saxlanan bir ünvanda yaşayırlar. Xəstəlikdən əziyyət çəkən və uzun aylar həbsxanada qalan 68 yaşlı Leyla fəxrlə “Légion d’Honneur” (“Fəxri Legion”) ordenini sinəsinə taxaraq “Forbidden Stories”-i öz günəşli evində qarşılayır. Yunuslar həyatlarına mühacirətdə davam edərək indi də Azərbaycanda insan haqlarının pozulması ilə bağlı hesabatları sənədləşdirməyə davam edirlər.

“Bəzən zənglər birbaşa mobil telefonlardan edilir”, - deyə Arif Yunus bildirir.

Həbsdən sonra Azərbaycanı tərk etməsindən uzun illər keçməsinə baxmayaraq, Arif təcridxanada iki ay ərzində məruz qaldığı işgəncələr nəticəsində aldığı psixoloji travmalardan hələ də qurtula bilməyib:

“Həkimim deyir ki, bu barədə danışmaq mənim üçün yaxşı deyil”, - deyə o bildirir.

“Əllərimi tavana bağladılar, amma bu dəfə ayaqlarım yerə dəymirdi. Bu, çox ağrılı idi. Əllərim o qədər uyuşmuşdu ki, artıq mənə qulaq asmırdılar. Xüsusilə sol əlimin qandalın vətərə basdığı ​​yeri ağrıyırdı”, - Arif həbsxanada yaşadığı məqamları 2024-cü ildə nəşr etdirdiyi kitabında yazır.

“Ağrıdan qışqırmaq istədim, amma havam çatmırdı. Təkrar-təkrar məndən soruşulan sualları xatırlayıram: “İndi bizə səfərlərin haqqında danışacaqsan? İndi bizə səfərlərin, ermənilərlə bağlı cinayətkar əlaqələrin haqqında danışacaqsan?”. Danışmağa taqətim yox idi. Böyük çətinliklə başımı bulayaraq inkar etdim”, - deyə o xatırlayır.

Yunus ailəsi ilə görüşümüz zamanı əldə etdiklərimizi onlara təqdim etdik. Avropa Şurasının Azərbaycana köçürdüyü 23 milyon avrodan əlavə, diqqətimizi başqa bir layihə də çəkdi. Avropa İttifaqı və Avropa Şurası Azərbaycanın həbsxana sistemində islahatlara yönəlmiş 1,3 milyon avroluq “SPERA” adlı layihəni birgə maliyyələşdiriblər. Proqrama “təşkilati təhlükəsizlik” məsələlərini müzakirə etmək üçün “Zoom” görüşləri, azərbaycanlı həbsxana nəzarətçilərinin “təlim”inə dair seminarlar və İspaniyadakı həbsxanalardan birinin “case study”sinə (iş araşdırması) baş çəkmək də daxildir.

Tarixçi və hüquq müdafiəçisi Arif Yunus “Qadağan olunmuş hekayələr”də işgəncələrə məruz qaldığını dediyi və həyat yoldaşı ilə birgə yazdığı “Azadlığın qiyməti” kitabında çəkib çap etdirdiyi həbsxananın planını göstərir. Foto: VPRO Tegenlicht / Erik van Empel

2021-ci il oktyabrın 28-də baş tutan son “Zoom” görüşünün skrinşotunu təqdim etdikdə Yunuslar şoka düşüblər. Onlar xüsusi orqanlarla əlaqəsi olduğunu iddia etdikləri “SPERA” proqramında iştirak edən həkim İftixar Qurbanovu dərhal tanıyıblar. “O, məni və Leylanı şəxsən təhdid edirdi”, - deyə Arif bizə bildirdi.

Şəkildə 16 saylı cəzaçəkmə müəssisəsinə nəzarət edənlərdən biri Elnur Abbaslı da var. Yunuslar deyir ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində adətən barter praktikasından istifadə olunur və hakimiyyət buna icazə verir.

Azərbaycanda “GONGO” (dövlət nəzarətində olan psevdo-qeyri-kommersiya təşkilatlarının şərti olaraq belə adlandırırlar) və ya hökumətyönlü QHT direktoru da Azərbaycanın həbsxana sisteminin təkmilləşdirilməsi layihəsində iştirak üçün dəvət olunub. Direktorun adı 2020-ci il noyabrın 9-da Azərbaycan və Ermənistan arasında atəşkəs sazişinin imzalanması münasibətilə prezident İlham Əliyevi təbrik edən 640 QHT-nin siyahısında yer alıb:

“Hörmətli Ali Baş Komandan, 8 noyabr tarixi Qələbə günü münasibətilə sizi ürəkdən təbrik edirəm... Sizinlə fəxr edir, tarixi azadlıq missiyanızda uğurlar arzulayıram”, - mətndə deyilir.

“Bu, sadəcə bir görüntüdür. Onlar ancaq seminarlar keçirirlər”.

“SPERA” kimi proqramların iştirakçıları “Gedib Norveçdə və ya başqa yerlərdə həbsxanalara baş çəkə bilərlər. Amma bu, heç nəyi dəyişmir. Bunların hamısı mənasızdır”, - Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov bildirir.

“Sistem tamamilə dəyişməz olaraq qalır”, – hazırda Brüsseldə mühacirətdə olan müxalifətçi Məmmədov əlavə edir.

Azərbaycanın Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov hazırda müxalifətdə və Brüsseldə mühacirətdədir. Foto: France 24

“Bu, Azərbaycana Avropa ilə işlədiyini deməyə şərait yaradır və avropalı bürokratlar da sadəcə qeydlərini götürürlər. Bundan sonra hamı bir-birini təbrik edir və bunu qeyd etmək üçün birgə restorana gedirlər. Azərbaycan deyə bilər ki, müəyyən sayda adamı işdən çıxarıb və ya bir iş üzrə altmışa yaxın adamı mühakimə edib... Amma sistem olduğu kimi qalır. Nəticə etibarı ilə bu, hər iki tərəfin xeyrinə işləyir”, - Məmmədov bildirir.

Avropa Şurası öz cari işi haqqındakı hesabatında Azərbaycanda “bir sıra cinayətlərin dekriminallaşdırıldığını, alternativ cəzaların, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan tədbirlərin tətbiq edildiyini” açıqlayır. Şura həmçinin “məhkəmə həbslərinin sayının və müddətinin azaldılması” və 2019-cu ilin məhkəmə sistemində islahatların aparılmasını iddia edən prezidentin aprel Fərmanını da qeyd edir. Amma ölkənin insan haqları ekspertinə görə, bütün bunlar sadəcə bir görüntüdür:

“Hansı qərarların qəbul edilməsinin heç bir əhəmiyyəti yoxdur, xüsusən də əgər bu hallar siyasi həbslərlə bağlı olarsa”, - deyə hüquqşünas Yalçın İmanov bildirir.

“Bilirsiniz, bu, Azərbaycandakı binalara bənzəyir. Fasadlar yenidən rənglənib, amma qrşısından dolanıb binanın arxasına keçib baxanda görürsən ki, bunlar hələ də sovet tipli köhnə və bərbad binalardır. Qanunlar da belədir”, - o deyir.

Avropa Şurasının tərəqqi hesabatında “yeni 85 vəkil namizədin” “Avropa Şurasının standartları haqqında məlumatlılığını artırmaq” üçün təlim keçdiyi qeyd edilib. Yalçın İmanova gəlincə, o, 2017-ci ildə müvəkkillərindən birinin işgəncəyə məruz qalması ilə bağlı şikayət ərizəsi yazdıqdan sonra vəkillik fəaliyyətindən kənarlaşdırılıb.

“Sözsüz ki, biz onları müəyyən şəkildə işləməyə məcbur edə bilmərik”, - utanaraq Avropa Şurasının sözçüsü deyir. - “Hər ikisi şəraba bir az su əlavə etməyə təşviq olunur”.

Avropa Şurasının 20-yə yaxın parlament üzvü 2019-cu ilin iyun ayında həyəcan təbili çalaraq qətnamayə imza atıblar. Qətnamadə qeyd edilir ki, Avropa Şurası və Avropa İttifaqı tərəfindən ayrılan vəsaitlərdən nə Azərbaycanın vətəndaş cəmiyyətinə, nə də onun nümayəndələrinə kömək üçün heç bir dəstək göstərilməyib. Bu dəstəkdən yalnız “GONGO”lar və dövlət qurumları yararlanıb.

Parlament Assambleyasının üzvü kiprli Konstantinos deyir ki, bu, Avropa Şurasının uğursuzluğudur: “Qurumun yaradılmasından 70 il keçir və qurum qanunun aliliyinə, demokratiyaya və insan hüquqlarına hörmətə əsaslansa da, biz hələ də fundamental və elementar vəziyyətləri müzakirə edirik”.

Avropa Şurasının mətbuat ofisi Azərbaycanda maliyyələşdirilən proqramların qiymətləndirilməsi prosedurları ilə bağlı “Forbidden Stories”-ə əlavə məlumat verməyib. Saxta QHT-lərdən istifadə riskinə gəlincə, Baş Katiblik “ictimai və şəffaf tender proseduru əsasında” seçilmiş QHT-lərlə işlədiyini bildirib.

“Bir gün həbs olunacağınızı başa düşməlisiniz”

Yunuslar üçün “Abzas Media” jurnalistlərinin həbsi sürpriz olmayıb. Rejimdən sui-istifadə hallarının araşdırılması ilə bağlı risklərdən xəbərdar olan Arif əvvəllər gənc komandaya xəbərdarlıq edib.

“Mən onlara dedim ki, “ehtiyatlı olun, başa düşməlisiniz ki, bir gün həbs olunacaqsınız”, - deyə Arif xatırlayır. Vaqifqızı riskləri bildiyini, lakin “Bu, bizim vətənimizdir, ölkəmizdir. Biz ölkəmizin gələcəyi üçün mübarizə aparmalıyıq”, - deyib.

Əvvəllər “Abzas Media”nın xəbərlərində tənqid olunan, islahatların keçirildiyi iddia olunan həbsxana, məhkəmə sistemi hazırda onları dəmir barmaqlıqlar arxasında saxlayan, bank hesablarını donduran eyni sistemdir.

Azərbaycana üç dəfə səfər etmiş keçmiş İQAAK üzvü Corce Alempijeviçin sözlərinə görə, Azərbaycan həbsxanalarında işgəncə praktikası “bu yerə xas olan halkimi endemik və davamlıdır. Tədqiqatlarımız bizi problemin həlli istiqamətində irəliləyiş olduğuna inandırmır”.

2020 və 2022-ci illərdə əlavə iki səfər olmasına baxmayaraq, İQAAK nümayəndələrinin Azərbaycana səfərlərinə dair qeydləri yalnız 2018-ci ilə qədərki dövrü əhatə edir.  Avropa Şurasından asılı olan Komitə Azərbaycanın razılığı olmadan öz hesabanlarını açıqlaya bilmir. “Hakimiyyət bizim hesabatlarımızın məzmununu bəyənmir... Onlar bu faktların ictimaiyyətə açıqlanmasını istəmirlər”, - deyə Alempijeviç bir qədər utanaraq deyir.

Avropa Şurasında qüvvədə olan qayda paradoksaldır: İQAAK-ın müşahidə etdiyi hər kəs senzura qoymaq hüququna malikdir. Konstantinos Estafios bildirib ki, proses “çox siyasiləşib. Bu, humanitar yanaşmadan daha çox siyasi yanaşmadır”. O, ötən il yanvarın 24-də qəbul etdiyi qərarda qaydaların dəyişdirilməsi üçün çağırış edib (İşgəncələrin Qarşısının Alınması Komitəsinin direktoru müsahibə üçün müraciətlərimizi rədd edib).

Azərbaycanın tanınmış müxalif xadimi Tofiq Yaqublunun 2021-ci ilin dekabrında polis qüvvələri tərəfindən həbsindən sonra fotosu. O, 2023-cü ilin dekabrında "Abzas Media" üzvləri və digər jurnalistlər və hökumət tənqidçiləri ilə eyni vaxtda yenidən həbs edilib. Foto: Bütün hüquqlar qorunur

“Avtokratların müttəfiqi”

Berlində yerləşən “Avropa Sabitlik Təşəbbüsü” beyin mərkəzinin prezidenti və “Kürü Diplomatiyası”nın araşdırmaçısı Gerald Knaus bildirib ki, bu siyasət Avropa Şurasının “avtokratların müttəfiqinə çevrilməsinin” göstəricisidir:

“Susmaq, qorxmaq, danışmamaq, ağın ağ, qaranın qara olduğunu söyləməmək”.

İnsan hüquqları komissarı Dunya Miyatoviç Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iştirakından uzaqlaşdırılması ehtimalı ilə bağlı suala belə cavab verib:

“Bunun mənimlə heç bir əlaqəsi yoxdur, bu, AŞPA məsələsidir”.

İşgəncə məsələsi ilə bağlı isə Miyatoviç “Bu, İQAAK-dir, bu aydındır”, deyə bildirib.

Avropa Şurasından Bakıya köçürülən vəsaitlə bağlı o, “Oh, bu, baş katibliyə aiddir” cavabını verib.

Mətbuat azadlığı ilə bağlı sual verdikdə isə bizə “elektron məktub göndərməyi” məsləhət gördü. Bu məktubun cavabında da bizə müsahibə verməkdən imtina edildi.

Bəzilərinin qeyd etdiyinə görə, Bakının Avropa ilə güclü əlaqələri Azərbaycanla Aİ arasında qaz alverinin həcmi ilə bağlı ola bilər. 2022-ci ildə Rusiyadan qaz ixracının dayandırılmasından sonra Avropa Komissiyasının sədri Ursula von der Leyen İlham Əliyevlə ildə ən azı 20 milyard kubmetr qazın tədarükünə dair müqavilə imzalayıb.

Prezident iqamətgahında von der Leyen Əliyevi “etibarlı və güvənilə biləcək tərəfdaş” adlandıraraq ona tərif yağdırıb.

Bunun Azərbaycanı idarə edən diktaturanın qaz gəlirlərini hansı üsullardan istifadə etdiyi ilə tanış olan hər kəs üçün şok olduğunu söyləmək sadəlövhlük olardı”,- Fransanın “Le Monde” qəzetində 50-yə yaxın seçilmiş nümayəndənin imzaladığı müraciətdə deyilir.

İlham Əliyev və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen arasında Azərbaycandan qaz idxalının iki dəfə artırılmasına dair razılaşmanın imzalanması mərasimindən, 18 iyul 2022-ci il, AFP

“Forbidden Stories” ilə əlaqə saxlayan Avropa Komissiyası sədrinin sözçüsü Peter Stano telefonda təkidlə bildirib ki, İlham Əliyev etibarlı şəxsdir. “Komissiyanın prezidenti bunu enerji üzrə Anlaşma Memorandumu ilə bağlı deyib”, – Stano bildirib.

Avropa Komissiyası Azərbaycan hökumətini jurnalistlər də daxil olmaqla, “fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs olunan şəxsləri” azad etməyə çağırıb, lakin Azərbaycanda Avropa tərəfindən maliyyələşdirilən proqramların keçərli olduğunu da bildirib. 

“Bu sahədəki layihələr üzrə işləməyin məntiqi maarifləndirmə, standartları müqayisə etməklə bağlıdır. Onlara “baxın, siz hər şeyi başqa cür edə bilərsiniz” deməkdən ibarətdir. Haradansa başlamaq lazımdır. Bu ölkə 70 illik kommunist totalitar rejimindən sonra ayağa qalxmış ölkədir. Və onlar hələ də yarı-avtokratik rejimdədirlər. Əgər onu dəyişdirmək istəyirsinizsə, ya onlara məhəl qoymayacaqsan, ya da onlarla təmasda olmalısan”, – deyə Stano bildirib.

Dağlıq Qarabağa hərbi müdaxilədən və bunun ardınca Ermənistan mənbələrinə görə 100.000-dən çox erməninin bölgəni tərk etməsindən sonra Avropa Şurasında çoxları Azərbaycanın ünvanına getdikcə artan tənqidlər səsləndirməyə başlayıb. Yanvarın 24-də AŞPA üzv dövlət kimi öhdəliklərini yerinə yetirmədiyi üçün Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ləğvinə (76 lehinə 10 əleyhinə) səs verib. Amma buna hazır olan Azərbaycan nümayəndə heyəti səsvermədən qabaq “AŞPA daxilində hazırkı dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühitini” pisləyərək Parlament Assambleyasını tərk edib.

Azərbaycanın nümayəndə heyəti Avropa Şurasının onların səlahiyyətlərinin təsdiqlənməməsinə dair 24 yanvar 2024-cü il tarixli qərarına münasibət bildirərkən. Brüssel. Mənbə: France 24

Azərbaycan Respublikası Prezident Administrasiyası “Forbidden Stories” və onun tərəfdaşları tərəfindən verilən sualları cavablandırmaqdan imtina edib.

Prezident seçkilərinə bir neçə gün qalıb, “Abzas Media”nın saytına isə Bakıdan giriş mümkün deyil. 

Ülvi Həsənlinin ən son 2023-cü il dekabrın 30-da həbsxana kamerasında yazdığı və ictimaiyyətə açıqlanan məktubunda deyilir:

“Yəqin ki, Sevinc Vaqifqızının, Nərgiz Absalamovanın, Hafiz Babalının, Məhəmməd Kekalov və mənim tamamilə təcrid edildiyimizi bilirsiniz. Ailələrimizlə nə telefon danışığına, nə də görüşə imkan verilir. Hətta vəkillərimizə, Ombudsmana zəng etməyə, yaxınlarımıza məktub göndərməyə belə qadağa var. Hökumət nümayəndələri başa düşməlidir ki, tənqidin, azad sözün qarşısını tam almaq mümkün deyil”.

Həsənli məktubunu Eynşteynin sözləri ilə bitirib: “Haqq incələr, amma üzülməz”.

Related News

Subscribe to stay updated