“Toplum”çuların həbs müddəti yenə uzadıldı

“Toplum”çuların həbs müddəti yenə uzadıldı Foto: sosial media
3 October 2024
Mətni dəyiş

Müstəqil internet televiziyasının əməkdaşları "istintaq gedir" adı altında 7 aydır həbsdə saxlanılırlar 

Oktyabrın 3-də "Toplum TV işi" üzrə tutulanların həbs müddətləri daha 3 ay uzadılıb. 

Xətai rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı verdiyi təqdimat təmin edilib.

Beləliklə, “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli, media orqanının tərəfdaş təşkilatı olan Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, eləcə də III Respublika Platformasının spikeri Akif Qurbanov və platformanın qurucu üzvü Ruslan İzzətli daha 3 ay həbsdə saxlanılacaqlar. 

Son 1 ildə Xətai rayon Məhkəməsi jurnalistlərə qarşı aparılan cinayət işləri üzrə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) və Baş Prokurorluğun bütün vəsatətlərini və təqdimatlarını 10 dəqiqəlik formal məhkəmə iclaslarında təmin edib. 

Həbs edilənlərin və onların vəkillərinin bütün vəsatətləri isə bir qayda olaraq rədd olunub. 

Martın 6-da polis Bakıda müstəqil fəaliyyət göstərən “Toplum TV” onlayn televiziyası ilə bağlı əməliyyat keçirib. Elə həmin gün Daxili İşlər Nazirliyi quruma daxil olmuş operativ məlumat əsasında “Toplum TV” redaksiyasında və başqa ünvanlarda axtarış keçirildiyinə dair açıqlama yayıb.

İş üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxslə əvvəlcədən əlbir olaraq törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Əməliyyatlar çərçivəsində 10-dan çox şəxs saxlanılıb. Əksəriyyəti buraxılsa da, Akif Qurbanov, Müşviq Cabbarov, Əli Zeynalov, İlkin Əmrahov, Ramil Babayev cinayət məsuliyyətinə cəlb olunaraq haqlarında həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov da cinayət məsuliyyətinə cəlb olunsalar da, onlar polis nəzarətinə buraxılıblar.

Martın 8-də “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və 3-cü Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli eyni iş üzrə saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər. Sonradan onlar barəsində də həbs qətimkan tədbiri seçilib.

“Toplum TV” bəyanat yayaraq baş verənlərin onların peşə fəaliyyətlərilə əlaqəli olduğunu bildirib və bunu müstəqil mediaya basqı kimi qiymətləndirib. 

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs olunanları siyasi məhbus hesab edib və hakimiyyəti onları dərhal azad etməyə çağırıblar.

Related News

Subscribe to stay updated