Sevinc Vaqifqızı yazır: “Narkotikin kökünü kəsə bilməzlər, çünki kökü öz əllərindədir”

Sevinc Vaqifqızı yazır: “Narkotikin kökünü kəsə bilməzlər, çünki kökü öz əllərindədir”
14 Aprel 2026
Mətni dəyiş

“Axırda qeyd eləyərsən ki, narkotikdən uzaq dursunlar. Adama qarğış eləyəndə belə narkotikə bulaşasan demirəm”

Prezidentə təqdim olunan illik hesabatlarda üç dəfə onun həbsi də yer alıb. 2000-ci ildən bu yana hər il Narkomaniya ilə mübarizə üzrə Dövlət proqramları qəbul olunur. Bu proqramların icrası ilə bağlı Nazirlər Kabineti ildə bir dəfə Prezidenti məlumatlandırmalıdır.

Haqqında yazacağımız qadın məhkumun həbsi də bu sahədəki mübarizədə uğur kimi təqdim olunub. Amma hər üç həbsində yetkililər onun təkrarən həbsxanaya düşməməsi üçün əmək sərf ediblərmi?

Təhlükəsizliyi üçün onun adını şərti olaraq Gövhər deyə çəkəcəyik.

Yoxsulluq içində keçən uşaqlıq

Gövhər İranla sərhəd rayonların birində kasıb ailədə doğulub. Onun 2 yaşı olanda atası evi tərk edib. Anası evlərdə təmizlikçi işləyərək 4 övladını təkbaşına böyütməyə çalışıb. Həmin vaxt Gövhər də bir tərəfdən işlərin ucundan tutub anasına kömək edirmiş. Danışır ki, 5-ci sinifdə oxuyanda bir qohumu İranda satmaq üçün apardığı paltarları onun əyninə geyindirib sərhədi keçirirmiş. Üst-üstə geyindiyi 10 ədəd koftanı İranda əynindən çıxarıb satırmışlar. 90-cı illərə təsadüf edən bu ticarətdən ona hər gedişdə 2 şirvan düşürmüş. Bəzən əynindən çıxarılan koftalarda gözü qalırmış. Amma deyir, “onları alsaydım, evə bazarlıq edə bilməzdim”. Ona görə əlində kişmiş, xurma, yumurta ilə köhnə libasında evə qayıdırmış. Üç-dörd il bu qaydada İrana əyni qalın gedib, əli dolu dönürmüş.

Bu arada dərslərinə də vaxt çatdırırmış. Şam işığında oxuduğu dərslərinə 9-cu sinifdə ara verib sənədlərini Tibb Texnikumuna göndərir. Texnikuma qəbul olur və qardaşları əsgərlikdən qayıtdığına görə, onlar işləyir, Gövhər daha İran sərhədinə getmir, dərslərinə köklənir.

İş həyatında rüşvət əngəli

Gövhər deyir, diplomunu alıb rayonlarındakı xəstəxanaya işə düzəlmək istəyəndə baş həkim ondan 2000 manat rüşvət istəyib: “2004-cü ildə o qədər pulum yox idi, ona görə işim alınmadı. Qonşulardan kim istəsə, ona iynə vururdum, sistem köçürürdüm, belə dolanırdım”- deyir Gövhər.

Qazancı az olur deyə saç ustalığını öyrənmək üçün Bakıya yollanır. 6 aylıq təcrübədən sonra rayonlarına qayıdıb gözəllik salonu işlədir.

Bu müddətdə uğursuz evlilik yaşayır. O, 3 aylıq hamilə olanda yoldaşı evi tərk edib İrana gedir və qayıtmır.

Uşağı dünyaya gətirir və işləyib onun ehtiyaclarını qarşılamağa çalışır.

Narkotiklə ilk tanışlıq

2013-cü ildə rəfiqəsi onu ad gününə çağırır. Narkotiklə ilk tanışlığı burada başlayır. Deyir, ailəsinin dağılması onu dərin depressiyaya salıb və ilk dəfə o ad günündə dostları narkotikin ona yaxşı təsir edəcəyini deyiblər.

“Şüşə, patı (metamfetamin) nədir, ilk dəfə orada gördüm. İki-üç tüstü çəkdim, gördüm məni ayıltdı. Soruşanda dedilər bunun asılılığı yoxdur. Üç-dörd gün sonra yenə bir yerdə oturanda bir tüstü çəkdim. Onu çəkəndə hiss edirdim ki, mənə güc gəlir, enerjili oluram. Bir də çox danışırdım (gülür). Yuxusuzluq verirdi, günlərlə yata bilmirdim. İştahı da kəsir, elə bilirsən dünyanı yemisən, heç nə istəmirsən. 79 kilodan 59 kiloya düşmüşdüm. Anam deyirdi, sənə nə olub? Deyirdim iştahım yoxdur. Amma 9 ay boyunca həftədə 2 dəfə patı çəkirdim”.

Onu narkotiklə təmin edən şəxs tutulur və bundan sonra başqa satıcı axtarır. O isə digər narkotik maddəni yoxlamağı məsləhət görür.

“Dedi kokos (tərkibi və mənşəyi dəqiq müəyyən olunmayan qarışıq narkotik maddə) var. Bir dəfə ondan çəksən, bunun başını buraxacaqsan. Kokos qara rəngdə olur, xınaya oxşayır. Ondan çəkdim, dedim, acıdır. Elə bil rezin qaloş yandırmısan. Ürəyim bulandı, başım fırlandı”.

Bir həftə sonra ağrıları tutur, yerindən qalxa bilmir. Artıq ağrıdan çıxmaq üçün kokain istəyir. Beləliklə, 5 il fasiləsiz narkotik qəbul edir.

Müalicə üçün getdiyi yerdə işgəncəyə şahidlik edir

Anası onun narkotik istifadəçisi olduğunu biləndə Maştağaya, Narkoloji Dispanserə müalicəyə gətirir. Amma burada gördüyü davranış onu müalicə etmir, dəhşətə gətirir.

“21 gün Maştağada müalicə aldım. Elə iynələr vururdular özümü hiss etmirdim, zombi kimi gəzirdim. Yemək yeyəndə qaşığı gözümə soxurdum. Dərmanlardan imtina edə bilmirdim. Həkim dərmanı atandan sonra ağzıma baxırdı ki, əmin olsun udmuşam, yoxsa yox. Kim səs-küy salıb etiraz edirdisə, yatağa bağlayıb, döyürdülər. Yanımda yatan qızı döydülər. Hamını meyit kimi gətirib yatağa atırdılar”.

Müalicədən sonra yenidən narkotik istifadə etməyə başlayır. Müalicəsi nəticəsiz qalır. Halbuki son 26 ildə hər il üzrə qəbul olunan Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərdən üçü narkomaniyadan müalicənin keyfiyyətinin artırılması ilə bağlı idi. Bunlar aşağıdakılardır:

1) Narkoloji xidmətin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi;

2) Narkotik asılılığından əziyyət çəkən şəxslər üçün psixoloji dəstək proqramlarının hazırlanması;

3) Narkomalığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində yeni üsulların tətbiqi.

Amma Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdən aydın olur ki, narkomaniyadan əziyyət çəkənlərin sayı azalmır ki, artır. Son 5 ildə bu xəstəlikdən əziyyət çəkənlərin sayı 2723 nəfərdən 4967 nəfərə yüksəlib.

Ardıcıl istifadə, ardıcıl həbs

4 min 967 nəfərdən biri olan Gövhərin ilk həbsi 2019-cu ildə baş verir. Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə 2 il 6 ay müddətinə ev dustaqlığına buraxılır. Yeddi ay ayağında elektron qandalla gəzir. Cəzaya görə, axşam 11-ə qədər evində olmalı, evdən 40 km uzağa getməməli idi. Amma yenə narkotik ardınca bu məsafədən uzağa gedir və vaxtında evə dönmür. Probasiya şöbəsi məhkəməyə müraciət edir və onu 11 ay 28 gün müddətinə həbsə göndərirlər. Elektron qandalı ayağından çıxarıb, əvəzində qoluna qandal vururlar.

2023-cü ildə yenidən eyni maddə ilə həbs olunur. Bir il həbsdə qalır.

Üçüncü həbsi 2025-ci ilə təsadüf edir. İki il həbs cəzası alır. Hər üç həbsi boyunca dözə bilməyəcəyini düşündüyü şəraitdə saxlanılır.

“Bakı İstintaq Təcridxanasında bir həftə ağrıdan öldüm. Yayın istisi bir tərəfdən, o biri yandan da ağrı aman vermirdi. Dərman da vermirdilər. Tərləmə, üşütmə, qusma, ishal olurdu. 4 saylı Cəzaçəkmə Müəssisəsi Xətaidə olanda çox əziyyət çəkdim. Yemək vaxtı yemək yedinsə yedin, başqa vaxt yemək yediyini görsələr, akt yazırdılar. Yemək üçün 15 dəqiqə vaxt qoymuşdular. Gecələr acından mədəm qur-qur edirdi. Həftədə 2 dəfə çimmək günü idi. 15 dəqiqəyə çimib çıxmalı idin. Üçüncü dəfə tutulanda 3 ay tək qaldım. Hər şey kino kimi gəlib gözümün qabağından keçdi. Görəsən, mənim həyatım belə olacaq? Elə içəri girib, çıxacam? Narkotikə tövbə elədim”.

Azadlıqda tapılmayan iş həbsxanada tapılır

İlk həbsindən sonra azadlığa çıxanda Məşğulluq İdarəsinə gedib iş istəyir.

“Dedim lap küçə süpürərəm, təki iş olsun. Dedilər bir-iki yaşlı adam var, onlar pensiyaya çıxanda səni işə götürərik. Dedim işləmək üçün oturub gözləməliyəm ki, kimsə pensiyaya çıxsın? Mənə dedi sənin kimi yüz nəfər gəlib növbəyə dayanıb”.

Gövhər azadlıqda tapa bilmədiyi işi cəzaçəkmə müəssisələrində rahatlıqla tapıb. 4 saylı Cəzaçəkmə Müəssisəsində xalçaçılıqda işləyib. Amma deyir, çox işləyib, az maaş alıb.

“Sonuncu dəfə 4 saylı Cəzaçəkmə Müəssisəsindən Lənkəran Penitensiar Kompleksinə köçürüləndə kartıma 81 manat pul yatırmışdılar. Əslində 150 manat köçürməli idilər. 69 manatım onlarda qaldı. Bura gəldim deyə onun mübahisəsini də apara bilmədim”.

Gövhər 2025-ci ilin sentyabrın 3-də Lənkəran Penitensiar Kompleksinə köçürülüb. Burada gözəllik salonunda işə götürülüb. Hər ay minimum əməkhaqqı alır.

Elə söhbətimiz də gözəllik salonunda baş tutur. Görüş günü olan qadın məhkum üz-qaşını səhmana salmaq üçün yanına gəlib. Gövhər hər dəfə sap vurduqca mimikaları dəyişir, üz-gözünü turşudur. Amma stuldan qalxanda əl işini bəyənir.

Əl demişkən, iş gördükcə əlindəki yaralar diqqət çəkir. Narkotik istifadəçisi olandan sonra dişləri tökülüb, üzünə ləkələr düşüb, əlində və ayağında siqaret basılmış kimi yara izləri qalır.

“Beş il dayanmadan, gündə 2-3 dəfə iynə vurmağa bədən dözər?! Ona görə damarlarım sıradan çıxıb. Elə vaxt olurdu damarlarımı tapa bilmirdim ki, iynə vurum. Oturub ağlayırdım ki, mən nə günə düşmüşəm”.

“Polisin adamlarından narkotik alanda adətən həbs eləmirlər”

Televizorda narkotiklə bağlı keçirilən polis əməliyyatlarına baxır. Deyir ki, götürülən malların heç də hamısı yandırılmır:

“Seyflərində saxlayırlar. Guya hamısını yandırırlar?! Polisin adamlarından narkotik alanda adətən səni həbs eləmirlər. Elə ki, kənardan bazara mal girir, o adamları tuturlar. Narkotikin kökünü kəsə bilməzlər, çünki kökü öz əllərindədir. Polisdə də mənə deyirdilər “ya bu malı götür içəri gir, ya da bir nəfərin adını ver”. Mən də fikirləşdim ki, hansı yetimi güdaza verim?! Malı götürüb içəri girdim”.

Müalicə ilə bağlı icra olunmayan məhkəmə qərarları

Gövhərin 3 həbsində də məhkəmə onun cəza müddətində polinarkomaniyadan müalicəsini tələb kimi qoyub. Amma o, 3 həbsində də müalicə olunmadığını deyir:

“Vaxtından əvvəl azadlığa çıxmaq üçün keçirilən məhkəməmdə hakim soruşdu ki, müalicə almısan? Dedim yox, adama heç başağrı dərmanı da vermirlər”.

“Axırda qeyd eləyərsən ki...”

Gövhər bu dəfə Amnistiyaya düşüb və cəza müddətinin çox hissəsini çəkdiyinə görə vaxtından əvvəl azadlığa buraxılmaq üçün məhkəməyə müraciət edib. Artıq narkotikdən azad olub tam azadlığa qovuşmaq istəyir.

“Çöldə azad idim, amma bədənim azad deyildi, zindanda idi. Hamı toya-bayrama gedirdi, amma mən gedə bilmirdim, ağrıyırdım. Uşaq deyirdi, parkda gəzmək istəyirəm, apara bilmirdim, çünki ağrıyırdım”.

Söhbətin sonuna gəlirik. Gövhərin sonluq üçün təklifi var.

“Axırda qeyd eləyərsən ki, narkotikdən uzaq dursunlar. Adama qarğış eləyəndə belə narkotikə bulaşasan demirəm”.

Sonuncu dəfə sayıma çıxır. “Məhkəmədən buraxılsam, qızı məktəbə özüm aparmaq istəyirəm. Günorta 12-də dərsi başlayır”.

Sırada məhkum qadınlar onun üçün mahnı oxuyurlar: “Bir azadlıq havası var başımda...”

“Həbsə bir də düşmə” deyib arxasınca daş atırlar. Əl çalıb səslərini ucaldırlar və Gövhər nəzarət buraxılış məntəqəsindən çıxır. Ardınca “Azadlığın əbədi olsun!” qışqırıqları eşidilir.

O, məhkəmədən azadlığa çıxır. Azadlıqda yeni həyata başlamaq üçün ona kömək etməli olan dövlət məmurlarını yerində tapa biləcəkmi? Bilinmir...

Sevinc Vaqifqızı

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun