İsrail kəşfiyyatı SEPAH-ın qlobal terror planını ifşa etdiyini açıqlayıb, Bakı da hədəfdə olub

İsrail kəşfiyyatı SEPAH-ın qlobal terror planını ifşa etdiyini açıqlayıb, Bakı da hədəfdə olub
20 Aprel 2026
Mətni dəyiş

Mossad, İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) ilk dəfə olaraq İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) bağlı, dünya üzrə İsrail rəsmilərinə və strateji obyektlərə hücumlar planlaşdıran gizli terror şəbəkəsini ifşa etdiklərini açıqlayıblar. Açıqlamada bildirilib ki, şəbəkənin fəaliyyəti çərçivəsində Azərbaycanda da Bakı-Tbilisi-Ceyhan neft kəməri və bir sıra yəhudi obyektləri hədəf alınıb

Mossad, İsrail Müdafiə Qüvvələri (IDF) və İsrail Daxili Təhlükəsizlik Xidməti (Şin Bet) birgə bəyanat yayaraq ilk dəfə İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) məxsus gizli terror şəbəkəsini ifşa etdiklərini bildiriblər. Aprelin 20-də dərc edilən bəyanatda qeyd olunub ki, bu şəbəkənin missiyası dünya üzrə yüksək vəzifəli İsrail rəsmilərinə və strateji infrastruktura qarşı hücumlar həyata keçirmək olub.

Açıqlamaya görə, bu ifşa “Ulayan Şir” (Operation Roaring Lion) əməliyyatı çərçivəsində İsrail Hərbi Hava Qüvvələrinin (IAF) həyata keçirdiyi bir sıra hədəfli zərbələr fonunda baş verib. Həmin zərbələr nəticəsində gizli terror şəbəkəsinin yüksək vəzifəli üzvləri və əsas operativ şəxsləri məhv edilib. Bu proses Mossad və onun beynəlxalq təhlükəsizlik və hüquq-mühafizə tərəfdaşlarının intensiv fəaliyyəti ilə müşayiət olunub, nəticədə dünya üzrə şəbəkə ilə əlaqəli terror hücrələrinin üzvlərinə qarşı genişmiqyaslı həbslər və istintaqlar aparılıb.

Bir neçə həftə əvvəl Azərbaycanda da terror infrastrukturu zərərsizləşdirilib. Bildirilir ki, bu struktur Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə, eləcə də ölkədəki bir sıra yəhudi obyektlərinə və qurumlarına, o cümlədən İsrail səfirliyinə, Bakıda yerləşən sinaqoqa və yəhudi icmasının liderlərinə qarşı hücum cəhdlərini təşviq edirmiş.

Açıqlamada qeyd edilir ki, əməliyyat qrupunun üzvlərini Azərbaycan hüquq-mühafizə orqanları partlayıcı dronlar və ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş qəlpəli partlayıcı qurğularla birlikdə saxlayıb. Hücum planlarını həyata keçirmək üçün qrup üzvləri müxtəlif üsullarla - o cümlədən fiziki müşahidə və fotoçəkiliş vasitəsilə - hədəflər barədə kəşfiyyat məlumatları toplayıblar. Bütün bu fəaliyyətlərin İrandakı kuratorların birbaşa göstərişləri əsasında həyata keçirildiyi bildirilir.

Bəyanatda deyilir ki, bu ifşa və yerində aparılan geniş kəşfiyyat araşdırmaları nəticəsində SEPAH daxilində yaradılmış və onun komanda zəncirinə bağlı gizli terror şəbəkəsi üzə çıxarılıb.

Şəbəkənin rəhbəri Rəhman Moqadam olub. O, eyni zamanda SEPAH Kəşfiyyat Təşkilatının Xüsusi Əməliyyatlar Bölməsinin (4000-ci bölmə) rəhbəri vəzifəsində çalışıb. Moqadam “Ulayan Şir” əməliyyatının əvvəlində İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb. 4000-ci bölmə İran xaricində İsrail və Qərb hədəflərinə qarşı terror fəaliyyətlərinin təşkili və idarə olunmasına, eləcə də İsrail ərazisinə müasir silahların qaçaqmalçılığı cəhdlərinə cavabdehdir. Bu fəaliyyətlərin SEPAH Kəşfiyyat Təşkilatının rəhbəri olmuş yüksək vəzifəli məmur Məcid Xadiminin rəhbərliyi və məlumatlılığı ilə həyata keçirildiyi vurğulanır. Xadimini də “Ulayan Şir” əməliyyatı zamanı IDF öldürüb.

Moqadam rəhbər kimi son illərdə qlobal terror fəaliyyətlərini genişləndirib. Bu fəaliyyətlərə İran daxilində və xaricində terrorçuların cəlb olunması və hazırlanması, yüksək səviyyəli İsrail siyasi fiqurları, təhlükəsizlik strukturlarının üzvləri və hərbi obyektlər (həm İsrailə, həm də Qərbə məxsus) barədə kəşfiyyat məlumatlarının toplanması daxil olub.

Moqadamın rəhbərliyi altında şəbəkədə əsas fiqurlardan biri Möhsün Suri olub. O, həm gizli hücum şəbəkəsinin əsas operatoru və liderlərindən biri kimi çıxış edib, həm də 4000-ci bölmədə yüksək vəzifə tutub. Suri də müharibə zamanı Mossad və Şin Betin təqdim etdiyi kəşfiyyat məlumatları əsasında İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi ilə öldürülüb. Onun digər SEPAH rəsmiləri ilə birlikdə sığındığı təcili sığınacaq evi müəyyən edilərək hədəfə alınıb.

Suri İran xaricində həyata keçirilən fəaliyyətlərdə mühüm rol oynayıb, müxtəlif əməliyyat mərhələlərində yerli terror hücrələri ilə görüşərək sahədəki missiyalara rəhbərlik edib.

Suri ilə yanaşı, digər SEPAH zabitlərinin də Avropa, Yaxın Şərq və Azərbaycanda fəaliyyət göstərdiyi bildirilir. Onlar arasında “Həkim” ləqəbi ilə tanınan Mehdi Yeka-Dehqan xüsusi qeyd olunur. O, Azərbaycanda terror fəaliyyətlərinə rəhbərlik edib.

Dehqan 2026-cı ilin yanvarından, Türkiyədə fəaliyyət göstərən bir əməliyyat şəbəkəsinin ifşası və həbslərdən sonra tanınıb. Onun rəhbərliyi altında bu şəbəkə partlayıcı dronların İrandan Türkiyəyə, oradan isə Kiprə qaçaqmalçılıq yolu ilə daşınmasını təşkil edib, eyni zamanda Adanadakı İncirlik ABŞ Hərbi Hava Qüvvələri bazası barədə kəşfiyyat məlumatları toplayıb. Qərb hərbi bazalarına yönəlmiş oxşar fəaliyyətlər əvvəllər də ifşa olunub. Məsələn, “Yüksələn Şir” əməliyyatı zamanı Azərbaycan vətəndaşları İsrail hədəfləri və Kipr, Krit adalarındakı hərbi bazalar barədə məlumat toplamaqda şübhəli bilinərək saxlanılmışdılar.

Açıqlamada vurğulanır ki, son illərdə İran rejimi müxtəlif təhlükəsizlik və kəşfiyyat qurumlarından istifadə edərək İsrail, yəhudi və Qərb hədəflərinə qarşı onlarla hücum planı həyata keçirməyə çalışıb.

“Ulayan Şir” əməliyyatının regionda İranın daha aqressiv fəaliyyətinə səbəb olduğu və onun imkanlarını genişləndirmək cəhdlərini artırdığı bildirilir. Bu kontekstdə qeyd olunur ki, şəbəkə üzvləri planlaşdırılan hücumları həyata keçirmək üçün İraqdakı İranyönlü silahlı qruplar kimi digər qüvvələrlə də əməkdaşlıq edirlər.

Bəyanata görə, İranın terror fəaliyyətini İsrailə qarşı hərbi əməliyyatların tamamlayıcı elementi kimi görməsinə baxmayaraq, terror infrastrukturlarının ifşa olunması bu strategiyanın effektivliyini zəiflədir.

Həmçinin qeyd edilir ki, İranın təşkil etdiyi hücum şəbəkələrinin ifşası onun fəaliyyət modelinin uğursuzluğunu göstərir. Bu model terror fəaliyyətlərini İranla birbaşa əlaqələndirmədən həyata keçirməklə siyasi, hüquqi və iqtisadi nəticələrdən yayınmağa hesablanmışdı.

Sonda Mossad, IDF və Şin Bet beynəlxalq tərəfdaşları ilə birlikdə İsrailə və xaricdəki hədəflərə qarşı İran və onun müttəfiqləri tərəfindən törədilə biləcək terror təhdidlərinin qarşısını almaq üçün fəaliyyətlərini qətiyyətlə davam etdirəcəklərini bəyan ediblər.

İsrailin bəyanatına Azərbaycan tərəfi rəsmi münasibət bildirməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun