Həftə ərzində baş verən çoxsaylı hadisələr regionun real hərbi, siyasi və geosiyasi mənzərəsini, eləcə də yaxın perspektivlərini qiymətləndirmək üçün geniş imkanlar yaradır. Moldovanın MDB-ni tərk etməsi, Macarıstanda keçirilən seçkilər və bunun Budapeşt-Bakı münasibətlərinə mümkün təsirləri, jurnalist Əfqan Sadıqovun Gürcüstandan qalmaqallı deportasiyasının ertəsi günü Prezident İlham Əliyevin bu ölkəyə qəfil səfəri, ABŞ-İran danışıqlarındakı qeyri-müəyyənlik, davam edən İran müharibəsinin proqnozlaşdırılması çətin nəticələri, Qazaxıstanın TRIPP layihəsinə artan marağı bölgədəki vəziyyətin təhlili baxımından xüsusi əhəmiyyət daşıyır.
Macarıstan: demokratik geridönüş
Macarıstanda aprelin 12-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, hakim koalisiya məğlub olub, müxalifət isə böyük üstünlük qazanıb. Macarıstan Milli Seçki Bürosunun, demək olar ki, tam nəticələrinə görə, Peter Madyarın rəhbərlik etdiyi mühafizəkar “Tisa” partiyası parlamentdə üçdəiki səs çoxluğu əldə edib. Səslərin 98 faizdən çoxunun sayıldığı nəticələrə əsasən, “Tisa” təxminən 53,5 faiz səslə 199 yerlik parlamentdə 138 mandat qazanıb. Bu isə 3 milyondan çox seçici dəstəyi deməkdir.
Ardıcıl 16 il hakimiyyətdə olmuş baş nazir Viktor Orbanın millətçi “Fides” partiyası isə parlamentdə 37,95 faiz, yaxud 2,2 milyon səslə 55 yer qazanmağa hazırlaşır. Bu nəticə onu hazırda ölkənin ən böyük müxalifət partiyasına çevirir.
Moskvadan bu seçkilərə hələlik rəsmi reaksiya verilməyib. Lakin Qərb mətbuatı yazır ki, nəticələr Vladimir Putin üçün açıq şəkildə mənfi xəbərdir. Viktor Orban illərdir Rusiyaya qarşı sanksiyalara qarşı çıxan bir Avropa İttifaqı ölkəsinin, eyni zamanda NATO üzvü dövlətin Putinyönlü lideri kimi tanınırdı. O, Ukraynaya əlavə yardımın və bu ölkənin Avropa İttifaqına üzv olması ideyasının əleyhinə çıxmışdı. Orbanın rəhbərliyi dövründə Macarıstan Rusiya enerjisindən ciddi asılı vəziyyətə düşüb.
İndi əsas sual budur: Macarıstanda yeni hakimiyyətin qurulması bu ölkənin xarici və daxili siyasətində hansı dəyişikliklərə səbəb olacaq?
Praqada yerləşən Beynəlxalq Münasibətlər Assosiasiyasının araşdırmaçısı Pavel Pauli Havliçek “Abzas Media”ya açıqlamasında bildirib ki, bu gün Avropa və demokratiya, o cümlədən Mərkəzi və Şərqi Avropa regionu üçün çox vacib və həlledici gündür.
“Hesab edirəm ki, “Tisa” partiyası həm ölkə daxilində, həm də Aİ və NATO çərçivəsində fundamental dəyişikliklər üçün həlledici rol oynayacaq. Həm daxildə, həm də xarici əlaqələrdə əhəmiyyətli dəyişikliklər baş verəcək. Düşünürəm ki, bu, demokratik yenilənmənin və avtokratik, qeyri-liberal meyllərdən geri dönüşün başlanğıcı ola bilər. Macarıstan üçün böyük gündür. Bu, Avropa, o cümlədən Çexiya üçün də əla gündür. Qarşıda görüləsi çox iş var, lakin bu, perspektivli başlanğıc və “Tisa” üçün güclü mandatdır”, – deyə o bildirib.
Bu proses Azərbaycan baxımından da xüsusi maraq doğurur. Avtoritar Azərbaycan hakimiyyətinin Viktor Orban hökuməti ilə uzun müddət xüsusi yaxın münasibətləri olub. Macarıstanda NATO təlimi zamanı erməni zabiti qətlə yetirən Ramil Səfərovun Azərbaycana təhvil verilməsi də məhz Orban hakimiyyəti dövründə baş vermişdi.
İndi əsas suallardan biri budur: Macarıstanda hakimiyyət dəyişikliyindən sonra Budapeşt-Bakı münasibətləri necə olacaq? Yeni hakimiyyət Azərbaycanla münasibətlərdə dəyişiklik edə bilərmi? Ramil Səfərov məsələsi yenidən aktuallaşdırıla bilərmi? Yəni, onun Azərbaycana verilməsi qərarı yenidən mübahisələndirilə bilərmi?
Konfliktoloq Arif Yunus Macarıstanın yeni hakimiyyətinin Azərbaycanla münasibətlərində ciddi dəyişiklik gözləmir.
“Dəyişiklik Macarıstanın Avropa Birliyi və Rusiya ilə münasibətlərində ola bilər. ABŞ ilə münasibətlərdə də ciddi radikal dəyişiklik olmayacaq. Əsas məsələ ondan ibarət olacaq ki, Macarıstan həqiqi mənada Avropa Birliyinin üzvü kimi bir çox məsələlərdə iştirak etsin. Necə ki, Avropa Birliyinin rəhbərliyi İlham Əliyevlə əməkdaşlıq edir, amma digər tərəfdən Putinə qarşı sanksiyalar tətbiq edir, Ukraynaya dəstək göstərir. Bax, Macarıstanın yeni hakimiyyəti də bu yolu seçəcək. Qalan hər şey isə necə varsa, elə də qalacaq”.
Arif Yunus hesab edir ki, Macarıstanın yeni hakimiyyətinin Ramil Səfərova münasibətdə hər hansı yeni siyasəti olmayacaq.
“Ramil Səfərov məsələsi çoxdan arxivə göndərilib. Bu, artıq tarixdir, hətta Ermənistan üçün də. Əgər Ermənistan Macarıstanla münasibətləri bərpa edib və məsələni unudubsa, biz nə üçün düşünürük ki, Macarıstanın yeni hakimiyyəti bu məsələni həll edəcək? Bir italyan filmi var: “İstintaq bitdi, unudun””, – deyə o bildirib.
Siyasi ekspert, Azərbaycan Xalq Parlamentinin dönəm sədri Ərəstun Oruclunun fikrincə isə, Macarıstanda müxalifətin qələbəsi ilk növbədə ölkənin xarici siyasət xəttini dəyişəcək və Budapeşt daha aydın şəkildə Avropa Birliyinə - Brüsselə yönələcək.
“Azərbaycan-Macarıstan münasibətləri əsla əvvəlki səviyyədə olmayacaq. Çünki Viktor Orbanla İlham Əliyevi birləşdirən iki əsas xətt var idi. Orban Avropa Birliyindən asılılığını guya azaltmaq üçün iki ölkə üzərindən manipulyasiya edirdi. Bunlardan biri Rusiya, digəri isə Türkiyə idi. Elə buna görə də Macarıstanı Türk Dövlətləri Birliyinə müşahidəçi üzv kimi daxil etmişdi. Son dövrlər isə, təbii ki, Amerikada öz baxışlarına görə avroskeptik sayılan mühafizəkarların da bu prosesə dəstəyi var idi. Təsadüfi deyildi ki, ABŞ vitse-prezidenti Cey Di Vens açıq şəkildə Orbana dəstək verdi, Tramp da maliyyə yardımı vəd etdi. Çox ironikdir ki, Budapeştə gəlib Orbana dəstək verən Vens Avropa Birliyini Macarıstandakı seçkilərə müdaxilədə ittiham etdi. Bu, artıq siyasətin hansı hədlərdən çıxdığını göstərir”, – deyə Ərəstun Oruclu vurğulayıb.
Siyasi ekspertin fikrincə, müxalifətin hakimiyyətə gəlməsi Avropa Birliyinin möhkəmlənməsinə və onun vahid xarici siyasət yürütməsi istiqamətində ciddi dəstək olacaq.
“Orban Avropa Birliyində öz hökuməti ilə faktiki olaraq Rusiyanın beşinci kolonu rolunu oynayırdı. Bunun dəfələrlə şahidi olmuşuq”.
Ramil Səfərov məsələsinə gəlincə, Ərəstun Oruclu hesab edir ki, bu, artıq tarixə qovuşmuş mövzudur.
“Ola bilər ki, Macarıstanın yeni hökuməti bu məsələni hansısa formada gündəmə gətirsin, müzakirə etsin. Amma bu, yalnız ritorik səviyyədə ola bilər, başqa heç nə. Hüquqi baxımdan orada hər hansı addım atmaq qeyri-mümkündür. Sadəcə, Orban hakimiyyətini ittiham etmək üçün bir alət kimi istifadə oluna bilər”.
Hüquqşünas Ataxan Əbilovun fikrincə, Macarıstanda hakimiyyət dəyişikliyi köhnə iqtidarın fəaliyyətinin təftiş olunması ilə bağlı bəzi məsələlərin gündəmə gəlməsinə imkan yaradır.
“Konkret olaraq Ramil Səfərov məsələsinə gəldikdə isə, baxmaq lazımdır ki, Macarıstanın bu məsələdə buraxdığı yanlış addım və ya qanunsuzluq nədən ibarət idi. Məhbusların qarşılıqlı verilməsi ilə bağlı müqavilə mövcuddur - Məhkum olunmuş şəxslərin verilməsi haqqında Konvensiya. Bu Konvensiya Avropa Şurası çərçivəsində hazırlanıb və 1 iyul 1985-ci ildə qüvvəyə minib. Sonradan onun tətbiqini genişləndirən Əlavə Protokol da 1997-ci ildə qəbul olunub. Ramil Səfərova münasibətdə isə bu Konvensiya faktiki olaraq cəzanın aradan qaldırılması üçün istifadə olunub. Bu, artıq Konvensiyanın obyektinə və məqsədinə zidd istifadə kimi qiymətləndirilə bilər”, – deyə Ataxan Əbilov bildirib.
Ekspertin sözlərinə görə, məhbusun verilməsi və ya mübadiləsi qanuni, beynəlxalq hüquqa uyğun addımdır. Lakin daha sonra cəzaçəkmə proseduru ilə bağlı şərtlərin nəzərə alınmaması qanunsuzluq sayıla bilər.
“Bu məsələlər sorğulana bilər ki, hansı şərtlər müqabilində baş verib, ortada korrupsiya və ya rüşvət faktları olubmu? Yəni, bunun mübahisələndirilməsi, bu işdə iştirak edən şəxslərin, məmurların məsuliyyət məsələsi gündəmə gələ bilər. Amma konkret olaraq bunun Azərbaycan tərəfinə təsiri və ya Ramil Səfərovla bağlı hər hansı hüquqi nəticəsi olmaz. Ramil Səfərov Azərbaycan yurisdiksiyasına təhvil verildikdən sonra Azərbaycan hakimiyyəti onu azadlığa buraxıb. Macarıstanda yeni iqtidar yalnız həmin dövrdə bu əməliyyatı həyata keçirən məmurları məsuliyyətə cəlb edə bilər. Azərbaycanla Macarıstan arasında münasibətlər soyuqlaşa da bilər, hətta notalar mübadiləsi də baş verə bilər”.
Almaniyanın Leypsiq Universitetində PhD tələbəsi olan Vəfa Nağı da hesab edir ki, Macarıstanda fərqli siyasi qüvvələrin hakimiyyətə gəlməsi Ramil Səfərovun hüquqi statusuna təsir göstərməyəcək.
“Çünki bu, beynəlxalq hüquq müstəvisində artıq qapanmış bir prosesdir. Lakin bu mövzu Macarıstanın daxili siyasətində Orban hökumətinin “şəffaf olmayan xarici siyasəti” kimi tənqid obyekti olaraq qala bilər. Hakimiyyət dəyişikliyindən sonra Budapeştin Bakı ilə münasibətləri daha çox Avropa Birliyi standartları və insan haqları prizmasından dəyərləndirilə bilər. Bu da indiki “isti” münasibətləri bir qədər institusional müstəviyə çəkə bilər. Yəni, münasibətlər iki liderin şəxsi dostluğu üzərində deyil, beynəlxalq normalar əsasında davam edə bilər”, – deyə o bildirib.
ABŞ/İsrail–İran müharibəsi: proqnozlaşdırılmayan gələcək?
İranla ABŞ/İsrail arasındakı müharibə ilə bağlı son günlərdə əsas hadisələr “sülh danışıqları” ətrafında cərəyan edib. Pakistanın paytaxtı İslamabadda ABŞ və İran arasında keçirilən birbaşa danışıqlar nəticəsiz başa çatıb. Təxminən 14 saat davam edən intensiv məsləhətləşmələrə baxmayaraq, tərəflər qarşılıqlı ittihamlarla çıxış ediblər.
Bu arada, İranın məhkəmə hakimiyyəti nəzdində fəaliyyət göstərən Hüquqi Tibb Təşkilatının rəhbəri bazar günü bildirib ki, İranda ABŞ və İsraillə müharibə nəticəsində 3375 nəfər həlak olub. “İRNA” dövlət xəbər agentliyinin məlumatına görə, Abbas Məscidi bildirib ki, “son müharibə zamanı Hüquqi Tibb Təşkilatı 3375 şəhidin cəsədini elmi və ixtisaslaşmış metodlarla müəyyən edib”. O qeyd edib ki, ölənlər arasında 2875 kişi və 496 qadın var. Lakin onların böyüklər və ya uşaqlar olduğu ayrıca göstərilməyib.
ABŞ Prezidenti Donald Tramp isə bazar günü İranın yenidən danışıqlar masasına qayıdacağını proqnozlaşdırıb və İranı “bir gündə” məğlub edə biləcəyi ilə hədələyib.
“Mən onların geri qayıdacağını və bizə istədiyimiz hər şeyi verəcəyini proqnozlaşdırıram. Mən hər şeyi istəyirəm. Onların əlində heç bir kart yoxdur”, – deyə Tramp “Fox News”a bildirib.
Bir sıra məlumatlara görə, Tehran danışıqlarda “gözlənilməz tələblər” irəli sürüb və nəticədə Vaşinqtonla münasibətlərdə gərginlik daha da dərinləşib.
İraqdan olan beynəlxalq münasibətlər üzrə tədqiqatçı İzat Noahın fikrincə, İslamabad danışıqlarının uğursuzluğundan sonra aydın olub ki, əsas səbəb tərəflər arasında mövcud olan dərin etimadsızlıq və getdikcə sərtləşən şərtlərdir. Onun sözlərinə görə, hər iki tərəf qarşı tərəfin tələblərini qeyri-real və qəbuledilməz hesab edir.
Ekspert bildirir ki, İranın baxışından müzakirə olunan şərtlər faktiki olaraq təslim olma forması kimi qəbul edilir.
“Nəticədə İran milli təhlükəsizliyin vacib alətləri saydığı imkanlardan imtina etməyə hazır deyil. Eyni zamanda, İran Hörmüz boğazındakı mövqeyini qoruyub saxlayır və onu suverenliyi və milli maraqları ilə bağlı strateji ərazi kimi görür”, – deyə ekspert qeyd edir.
Digər tərəfdən, ABŞ hesab edir ki, İran regionda “normal” dövlətə çevrilməlidir. Yəni potensial hərbi nüvə qabiliyyətinə can atmayan, silahlı qruplar vasitəsilə güc nümayiş etdirməyən və müttəfiqlərinin maraqlarını təhdid etməyən dövlət olmalıdır.
“Vaşinqton həmçinin beynəlxalq dəniz hüququna, xüsusən də sahil dövlətlərinə beynəlxalq boğazları bağlamağa imkan verməyən tranzit keçid prinsipinə əsaslanır. Nəticə etibarilə, mübahisənin mahiyyəti texniki deyil, stratejidir və İranın regional rolunun, eləcə də təsir sərhədlərinin müəyyənləşdirilməsi ətrafında cəmlənir. Məhz buna görə də mövcud şəraitdə hərtərəfli razılaşmanın əldə olunması son dərəcə çətindir”, – deyən İzat Noah əlavə edir ki, İsraili kənarda qoyub yalnız ABŞ-İran qarşıdurmasına baxsaq, Vaşinqton hava, dəniz, texnoloji və kəşfiyyat imkanları, eləcə də genişmiqyaslı hərbi əməliyyatlar aparmaq qabiliyyəti baxımından açıq üstünlüyə malikdir.
“Lakin ABŞ hələlik bu imkanlarından tam istifadə etməyib. Bu isə İranın təsir imkanlarının olmadığı anlamına gəlmir. İran coğrafiyasından, strateji dərinliyini hədəfə almağın çətinliyindən, eləcə də Hörmüz boğazı kimi əsas strateji su yollarına təsir göstərmək qabiliyyətindən istifadə edərək asimmetrik çəkindirmə strategiyasına söykənir. İranın İraqdakı silahlı qruplar və Yəməndəki husilər kimi regional müttəfiqlər şəbəkəsi olsa da, indiyə qədər onlardan birbaşa tammiqyaslı müharibədə istifadə etməyib. Bunun əvəzinə, bu qüvvələr məhdud və hesablanmış şəkildə, əsasən təzyiq göstərmək və qarşıdurmanın tammiqyaslı müharibəyə çevrilmədən dəyərini artırmaq üçün istifadə olunur”, – deyə ekspert vurğulayır.
İzat Noah növbəti aylarda bir neçə fərqli ssenarinin mümkün olduğunu düşünür. Onun fikrincə, ilk ssenari tərəflər arasında gərginliyin yenidən artmasıdır. Lakin bu, heç bir tərəfin maraqlarına tam xidmət etmir.
“İran artıq ciddi iqtisadi və hərbi təzyiqlə üzləşir və yaxın vaxtlarda infrastrukturuna, eləcə də rəhbərliyinə qarşı təsirli zərbələr alıb. Digər tərəfdən, ABŞ da anlayır ki, hər hansı böyük eskalasiya, xüsusən də Hörmüz boğazına təsir edərsə, qlobal iqtisadiyyatı poza, enerji qiymətlərini artıra və bununla da öz daxili vəziyyətinə mənfi təsir göstərə bilər”.
Digər ssenariyə görə, indiki vəziyyət rəsmi razılaşma olmadan davam edə bilər. Noahın fikrincə, bu variant hər iki tərəfə dolayı danışıqlar üçün qapını açıq saxlayaraq birbaşa qarşıdurmadan qaçmağa imkan verir.
“Bu yol yavaş görünsə də, hər iki tərəf üçün praktik baxımdan sərfəlidir. Çünki hər iki tərəf gərginliyin xərclərini çəkmədən vaxt qazanır”.
İraqlı ekspertin üçüncü ssenarisi Körfəzdə, xüsusən də Hörmüz boğazında dəniz nəqliyyatı ilə bağlı gərginliyin artmasıdır. Buraya boğazın blokadaya alınması və ya ABŞ-nin İranın neft ixracatının təxminən 90 faizinin keçdiyi Xarq adası kimi strateji məntəqələri ələ keçirməyə cəhd etməsi də daxil ola bilər.
“Lakin İranın regional müttəfiqləri vasitəsilə təsir imkanlarından başqa, ən əsası coğrafi mövqeyi var. Buna görə də güc yolu ilə nəzarəti zorla tətbiq etmək asan olmayacaq. Hətta ABŞ quru əməliyyatlarına və ya adanın fiziki olaraq ələ keçirilməsinə keçsə belə, əsas məsələ həmin əraziyə daxil olmaq yox, onu saxlamaq qabiliyyəti olacaq. İranın əsas ərazisinə coğrafi yaxınlıq o deməkdir ki, belə bir yerləşdirmə çox tez baha başa gələn hərbi yükə çevrilə bilər”, – deyə o bildirib.
Ekspertin son ssenarisinə görə, digər variantlar iflasa uğrayarsa, ABŞ və İsrail İran daxilində həm mülki, həm də silahlı müxalifət qruplarına dolayı dəstək vasitəsilə təzyiqi artıra bilər. Noah bildirir ki, məqsəd mütləq rejimin sürətli devrilməsi deyil. Əsas məqsəd onu zəiflətmək, imkanlarını daxili və xarici cəbhələr arasında parçalamaq və nəticədə sistemi tədricən, aşağıdan yuxarıya doğru aşındırmaqdır.
Əfqan Sadıqovun deportasiyası və İlham Əliyevin Gürcüstana səfəri
Ötən həftənin ən diqqətçəkən hadisələrindən biri Gürcüstanda yaşayan müstəqil jurnalist Əfqan Sadıqovun Azərbaycana deportasiya edilməsindən dərhal sonra Prezident İlham Əliyevin Tbilisiyə rəsmi səfəri oldu.
Əfqan Sadıqov Tbilisidə gecə saatlarında saxlanılıb. O, aprelin 5-i səhər saat 4-də məhkəmə qərarı ilə inzibati qaydada, polisi təhqir etmək ittihamı ilə ölkədən deportasiya edilib. Deportasiyadan cəmi bir gün sonra isə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana dövlət səfərinə gedərək ölkə rəhbərliyi ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib.
Əfqan Sadıqovun deportasiyası zamanı Gürcüstan hüquq-mühafizə orqanlarının yol verdiyi əsas səhvlər və hüquqi manevrlər beynəlxalq hüquq müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid olunur. Bu addımlar bir çox hallarda sadəcə hüquqi səhv kimi deyil, qəsdən edilmiş prosessual pozuntu kimi qiymətləndirilir.
Hüquqşünas Əlövsət Əliyev “Abzas Media”ya açıqlamasında bildirib ki, Əfqan Sadıqovun Gürcüstandan Azərbaycana deportasiyası həm hüquqi, həm də siyasi baxımdan diqqətlə qiymətləndirilməli hadisədir.
“Əfqan Sadıqov ətrafında baş verən proseslərin xronoloji ardıcıllığı müəyyən suallar doğurur. Xüsusilə qeyd edilməlidir ki, deportasiya qərarı icra olunarkən cinayət işinə xitam verilməsi barədə məlumat artıq Gürcüstan tərəfinə təqdim edilmişdi. Bu isə qərarın hüquqi əsaslarının necə qiymətləndirildiyi məsələsini aktuallaşdırır”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, hüquqi müstəvidə belə hallarda adətən ədalətli prosedur və müdafiə hüququ, effektiv hüquqi müdafiə vasitələrinə çıxış, eləcə də geri qaytarmama, yəni non-refoulement prinsipləri əsas diqqət mərkəzində olur.
“Bu prinsiplər Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasında mühüm yer tutur”, – deyən Əliyevin fikrincə, siyasi kontekstdə hadisələrin zamanlaması daha çox diqqət çəkir.
“Deportasiyanın Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərindən qısa müddət əvvəl baş verməsi müxtəlif əsaslı şərhlərə səbəb olur. Belə hallarda hüquqi və siyasi proseslərin paralel getməsi ilə bağlı müzakirələrin yaranması təbiidir”.
Əlövsət Əliyev əlavə edir ki, qeyri-rəsmi məlumatlara görə, deportasiya baş vermədiyi halda müəyyən etiraz aksiyalarının planlaşdırıldığı iddia olunur.
“Bu məlumatların təsdiqi açıq mənbələrdə mövcud olmasa da, belə iddiaların yayılması hadisənin ictimai həssaslığını göstərir. Bu səbəbdən, məsələyə ehtiyatla və yalnız təsdiqlənmiş faktlar əsasında yanaşmaq daha məqsədəuyğundur”, – deyə ekspert vurğulayır.
Onun qənaətinə görə, yekunda bu hadisə hüquqi prosedurların şəffaflığı və onların tətbiqi ilə bağlı məsələlərin aydınlaşdırılmasını zəruri edir. Eyni zamanda, belə hallarda hüquqi qiymətləndirmənin obyektiv və hərtərəfli aparılması xüsusi əhəmiyyət daşıyır.
Əlövsət Əliyev hesab edir ki, Gürcüstana qarşı Avropa Məhkəməsində şikayət verilməsi üçün kifayət qədər əsas var. Bununla yanaşı, o qeyd edir ki, bu gün Gürcüstanla Azərbaycan arasındakı münasibətlər hüquqi qaydalardan daha çox siyasi münasibətlərin təsiri altındadır.
“Yəni, bugünkü münasibətlərdə siyasət hüquqdan daha üstün rola malikdir”, – deyə o bildirib.
Moldovanın MDB-dən çıxması: digərləri üçün “yaşıl işıq”?
Ötən həftənin mühüm xəbərlərindən biri də Moldovanın Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etməsi oldu. Moldova parlamenti aprelin 2-də üçdə iki səs çoxluğu ilə MDB-nin əsas müqavilələrindən, o cümlədən təşkilatın təsis sənədi sayılan Nizamnamədən və Alma-Ata Bəyannaməsindən çıxmaq üçün qanunvericiliyi qəbul etdi. Aprelin 6-da isə Prezident Maya Sandu bu qərarı təsdiqlədi.
MDB ötən əsrin 1990-cı illərinin əvvəllərində Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna tərəfindən yaradılmış regional hökumətlərarası təşkilatdır. 1993-cü ilin oktyabrında bu quruma üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqustunda Rusiya ordusunun Gürcüstan ərazilərini işğal etməsindən sonra təşkilatı tərk etdi. Türkmənistan 2005-ci ildən etibarən MDB-də müşahidəçi kimi iştirak edir. Ukrayna isə 2014-cü ilin martında Rusiya ordusunun Krımı işğal etməsindən sonra bu qurumdan çıxdı. 2020-ci ildə Maya Sandunun Moldova prezidenti seçilməsi və Avropayönlü hökumətin qurulmasından sonra Kişinyov MDB-nin əsas orqanlarında iştirakını faktiki olaraq dayandırmışdı.
Beləliklə, vaxtilə 12 üzvü olan MDB-də hazırda faktiki olaraq 8 ölkə qalıb.
Moldovanın bu addımı digər MDB üzvlərini də təşkilatı tərk etməyə həvəsləndirə bilərmi?
Siyasi ekspert Ərəstun Oruclunun fikrincə, Moldovanın MDB-dən çıxması bəzi postsovet ölkələri üçün örnək ola bilər.
“Bu, yalnız o halda mümkündür ki, Moldova təşkilatı tərk etdikdən sonra hansısa ciddi kataklizmlərlə üzləşməsin. Təəssüf ki, bunun üçün orada kifayət qədər potensial var. Moldovada iki separatçı istiqamət mövcuddur: biri Dnestryanı bölgədir, digəri isə Qaqauzlardır. Onlar da Rusiya tərəfindən separatçı fəaliyyətə yönəldilə bilərlər və yönəldilirlər də. Digər tərəfdən, Rusiyanın orada hərbi hissələri var. Ona görə də obrazlı desək, Rusiya çalışacaq ki, Moldovaya elə bir gözdağı versin ki, başqaları üçün bu, örnəyə çevrilməsin”.
Ərəstun Oruclunun sözlərinə görə, MDB-nin gələcəyi ilə bağlı müzakirələrdə həssas nöqtələrdən biri Ermənistandır.
“Əgər Rusiya Ermənistanda öz proksi qüvvələrini qarşıdakı parlament seçkilərində hakimiyyətə gətirmək istəsə və bu istiqamətdə real hərəkətə keçsə, Ermənistan buna cavab olaraq, Paşinyanın qalib gələcəyi təqdirdə, seçkidən sonra MDB-ni tərk etməyə cəhd göstərə bilər. Amma bunun üçün Ermənistan ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Türkiyə ilə münasibətləri tam aydınlaşdırmalı, sərhədlər açılmalıdır”, – deyən Oruclu Azərbaycanın MDB-ni tərk edəcəyini real saymır.
“Mövcud hakimiyyətlə Azərbaycanın MDB-ni tərk etməsi qeyri-mümkündür. Çünki bugünkü hakimiyyətin daxilində Rusiyaya simpatiyası olan, Rusiyaya bağlı nəhəng bir şəbəkə mövcuddur”, – deyə o bildirib.
Mərkəzi Asiya ölkələrinə gəldikdə isə, ekspert hesab edir ki, oradakı vəziyyət geosiyasi baxımdan tamamilə fərqlidir.
“Bu ölkələr, xüsusilə də Qazaxıstan və Özbəkistan, hətta Türkmənistanın özü böyük təbii resurslara malikdir. Məhz bu resurslara görə onlar demək olar ki, bütün qlobal oyunçuların diqqət mərkəzindədir. Belə şərait eyni zamanda onlara manevr imkanları da yaradır. Məsələn, Qazaxıstan Çinlə əməkdaşlıq edir, çalışır ki, bəzi mübahisəli məsələlərdə Rusiya ilə çox dərinə getməsin. Qərblə – ABŞ və Avropa Birliyi ilə əməkdaşlıq edir. Belə vəziyyətdə Rusiyanın liderliyi altında olan təşkilatı tərk etmək bu balansı poza, eyni zamanda Rusiyanı qıcıqlandıra bilər. Qazaxıstanda da Rusiyanın böyük separatçı potensialı var. Bu, Şimali Qazaxıstanda kompakt yaşayan rus və rusdilli əhalidir. Belə şəraitdə düşünmürəm ki, kimsə Moldovanın örnəyini götürüb tətbiq etsin. Rusiyanın həqiqətən zəiflədiyi və heç bir təsir göstərə bilmədiyi bir məqamda MDB-ni tərk etmə halları sürətlənə bilər”.
Ərəstun Oruclu vurğulayır ki, Rusiyanın Moldovanın qərarına necə cavab verəcəyi hələ məlum deyil.
“Biz hələ bilmirik ki, Rusiya Moldovanın addımına hansı şəkildə reaksiya verəcək. Rusiyanın xarici siyasətində yaxın qonşularına və ya öz maraq dairəsinə daxil etmək istədiyi ölkələrə münasibətdə belə bir taktika var: əgər Rusiya həmin ölkəni saxlaya bilmirsə, onu dağıdıb tərk etməyə üstünlük verir. Dağıdıcı potensial isə bu ölkədə kifayət qədərdir”, – deyə o bildirib.
Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kişinyovun yanaşmasını tənqid edərək onu “ikiüzlü” adlandırıb. O bildirib ki, Moldova hökuməti MDB-dən çıxmaq istədiyi bir vaxtda ölkənin hakimiyyət orqanları hələ də “üzvlüyün sosial-iqtisadi üstünlüklərindən” faydalanır.
Ermənistan ordusunda “ən yaxşı vəziyyət”?
Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, Ermənistan ordusu silahlanma, mənəvi-psixoloji durum, müdafiə qabiliyyəti, qida və geyim baxımından heç vaxt indiki qədər yaxşı vəziyyətdə olmayıb. Paşinyan bunu parlament deputatı Hayk Sarkisyanın ordu ilə bağlı qaldırdığı narahatlıqlara münasibət bildirərkən deyib.
Paşinyan qeyd edib ki, Ermənistanın Təhlükəsizlik Şurası, hökuməti və Müdafiə Nazirliyi ordunun transformasiyası ilə bağlı konsepsiya qəbul edib və bu konsepsiya addım-addım həyata keçirilir. Baş nazirin sözlərinə görə, mayın 28-də planlaşdırılan nümayiş zamanı cəmiyyət orduda baş verən dəyişikliklərin şahidi olacaq.
Ermənistan mətbuatının məlumatına görə, deputat Hayk Sarkisyan hərbi çağırışçıların sayının ciddi şəkildə azaldığını və vəziyyətin dəyişdirilməsi üçün addımların zəruri olduğunu bildirib. O, 2018 və 2025-ci illərin çağırış göstəricilərini müqayisə edərək deyib ki, 2025-ci ildə çağırışçıların sayı 2018-ci illə müqayisədə üç dəfə azalıb. Ermənistan Müdafiə Nazirliyi isə buna cavab olaraq bəyan edib ki, 2022-ci illə müqayisədə 2025-ci ildə çağırılanların sayı 25,3 faiz artıb.
Paşinyanın açıqlamalarına reaksiya verən hərbi ekspert Vüqar Seyidov bildirir ki, Ermənistanın qarşıdakı 7-8 il ərzində güclü ordu qurması mümkündür və buna maliyyə resursları da çata bilər. Lakin bu, Azərbaycan ordusundan daha güclü ordu demək deyil.
“Ermənistanın güclü ordu qurmasından danışanda mən nizam-intizamlı, kifayət qədər sursatlı və silahlı orduya malik olmasını nəzərdə tuturam. Əlbəttə, aviasiya və sairə almağa onların heç 20 ilə də gücü çatmaz, əgər havayı verilməsə”, – deyə o bildirib.
Seyidovun sözlərinə görə, Azərbaycan ordusu artıq “relslərə düşüb”.
“Azərbaycan ordusu artıq dayanıqlı struktura çevrilib. Onu o relslərdən çıxarmaq üçün 3 vətəndaş müharibəsi lazımdır. Buna misal olaraq Türkiyə və Rusiya ordularını göstərmək olar. Nə qədər dağınıq siyasi vəziyyət olsa da, minimum döyüş qabiliyyətini qoruyurlar”, – deyən Vüqar Seyidov Ermənistan ordusunun güclənməsindən sonra Azərbaycana hərbi təzyiq göstərmək imkanını da dəyərləndirib.
“Bizə hücum edə bilərlər, amma bunun üçün çoxlu faktor bir araya gəlməlidir. Məsələn, Türkiyədə Tansu Çillər tipli bir hakimiyyət olmalıdır, İran bizə açıq düşmən mövqeyi sərgiləməlidir, ruslar da erməniləri bizə hücum məsələsində açıq şəkildə dəstəkləməlidir. Ermənistan özü lap ABŞ ordusu kimi ordu qursa da, təkbaşına bizə hücum edə bilməz”, – deyə o bildirib.
Baltikyanı ölkələrin yeni hədəfi: Cənubi Qafqaz
Ötən həftə diqqət çəkən məsələlərdən biri də Baltikyanı ölkələrin yüksək vəzifəli rəsmilərinin Azərbaycan və Ermənistana səfərləri oldu. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan–Şimali Baltik 8 formatında müntəzəm əlaqələrin vacibliyini vurğulayıb və bu gündəmin Estoniya rəhbərliyi ilə birlikdə daha da inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib.
Ermənistan–Şimali Baltik 8, yəni, NB8 formatı Ermənistanla səkkiz şimali Avropa ölkəsi – Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç arasında münasibətlərin gücləndirilməsinə xidmət edir. 2024-2025-ci illərin sonlarına dair məlumatlara görə, NB8 ölkələri rəsmi şəkildə Ermənistanın demokratik islahatlarını, Avropaya inteqrasiyasını və Azərbaycanla sülh prosesini dəstəkləyirlər.
Xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Estoniya İrəvanda yeni səfirlik açıb və bu, iki ölkə arasındakı münasibətlərdə “yeni mərhələ” deməkdir.
Jurnalistlərin suallarını cavablandıran Mirzoyan Bakıdakı erməni məhbuslar məsələsinə də toxunub.
“Təəssüf ki, Bakıda azadlığa buraxılmalı olan əsirlər, saxlanılan şəxslər var. Bizim mövqeyimiz dəyişməyib: onlar mümkün qədər tez azad edilməlidirlər. Əminik ki, onların azad edilməsi bərqərar olmuş sülhü möhkəmləndirəcək. Bu mövzuda dialoqumuzu davam etdiririk. Əlbəttə, bu, gündəmimizdəki ən prioritet məsələlərdən biridir. Bu barədə beynəlxalq tərəfdaşlarla da danışmağa davam edirik”.
Estoniyanın Ermənistandakı ilk səfiri Marge Mardisalu-Kahar bildirib ki, Ermənistan Estoniya üçün inkişaf əməkdaşlığında mühüm tərəfdaşdır.
“Estoniya Ermənistanın sürətli irəliləyiş əldə etdiyi rəqəmsal sahədə öz təcrübəsini bölüşüb. ESTDEV ilə birlikdə həm rəqəmsal inkişaf, həm də ixrac potensialının gücləndirilməsi istiqamətində inkişaf əməkdaşlığı layihələrini davam etdirəcəyik”, – deyə o əlavə edib.
ESTDEV Estoniya Beynəlxalq İnkişaf Mərkəzinin qısaltmasıdır. Bu qurum 2021-ci ilin aprelində yaradılıb və Estoniyanın beynəlxalq inkişaf əməkdaşlığı, eləcə də humanitar yardım layihələrinin idarə edilməsi və həyata keçirilməsi üçün hökumət tərəfindən maliyyələşdirilən fond kimi fəaliyyət göstərir.
Marge Mardisalu-Kahar bu ilin fevralınadək Estoniyanın Gürcüstandakı səfiri olub. Gürcüstanla münasibətlərin soyuması fonunda Estoniya bu vəzifəni ləğv edib və səfirini geri çağırıb. Tallinnlə Tbilisi arasında münasibətlər 2024-cü ilin sonunda hakim “Gürcü Arzusu” partiyasının yenidən hakimiyyətə gəlməsindən sonra pisləşib. Yeni hökumət Avropa Birliyinə inteqrasiya prosesini dayandırıb, QHT-lər üçün Rusiyadan ilhamlanan “xarici agent” qanunu tətbiq edib və etiraz aksiyalarını sərt şəkildə yatırıb.
Aprelin 9-da isə Prezident İlham Əliyev Litvanın Baş naziri İnqa Ruqinieneni qəbul edib. Görüş zamanı bildirilib ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün yaxşı perspektivlər var. Tərəflər enerji, investisiya, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı müzakirə ediblər. Münasibətlərin inkişafı üçün qarşılıqlı nümayəndə heyəti səfərlərinin vacibliyi də qeyd olunub. Görüşdə Azərbaycan-Litva əlaqələrinin ikitərəfli gündəliyi ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub. Bu kontekstdə Litvanın Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin inkişafına daim dəstək verdiyi vurğulanıb.
Bəs iki Baltikyanı ölkənin yüksək rütbəli rəsmilərinin eyni vaxtda Azərbaycan və Ermənistana səfərinin məqsədi nədir? Ümumiyyətlə, Baltikyanı ölkələr Azərbaycan və Ermənistanın Avropaya inteqrasiyasını necə dəstəkləyə bilərlər?
Latviyalı xarici siyasət eksperti, Quincy İnstitutunun qeyri-rezident təqaüdçüsü Eldar Məmmədovun fikrincə, Ermənistan və Azərbaycana edilən bu səfərlər dərin və ya dəyərlərə əsaslanan tərəfdaşlığı deyil, geosiyasi uyğunlaşmanı simvolizə edir.
“Litva və ümumiyyətlə Baltikyanı ölkələr üçün Bakıya bu səfər kommersiya deyil, geosiyasi xarakter daşıyır. Əsas məqsəd anti-Rusiya koalisiyalarının qurulmasıdır. Azərbaycan Avropa Birliyi üçün enerji təhlükəsizliyi və Rusiyadan yan keçən “Orta Dəhliz” ticarət marşrutu baxımından faydalı tərəfdaş kimi görünür. Bakının Moskva ilə pisləşən münasibətləri və NATO üzvü Türkiyə ilə sıx əlaqələri bu cəlbediciliyi artırır. Xüsusilə bu, Ukrayna üçün də önəmlidir”, – deyən ekspert hesab edir ki, bu geosiyasi yanaşmanın xaricində ikitərəfli münasibətlərin perspektivləri məhduddur.
Onun sözlərinə görə, ticarət dövriyyəsi olduqca zəifdir. Baltikyanı iş adamları Azərbaycanda monopoliyalardan, qanunun aliliyinin zəifliyindən və ümumən əlverişsiz biznes mühitindən şikayət edirlər.
“Baltikyanı ölkələr Azərbaycanın “Avropaya inteqrasiyasını” yalnız geosiyasi müstəvidə, Avropa Birliyi platformaları vasitəsilə, Rusiyanın Cənubi Qafqazdakı mövqeyini zəiflətmək aləti kimi dəstəkləyirlər. Demokratiya və insan haqlarının həlledici rol oynayacağını gözləməyin. Əks halda, nisbətən daha yaxşı, hərçənd geriləyən demokratiyaya malik Gürcüstanın sanksiyalarla üzləşdiyi bir vaxtda Azərbaycanın niyə tərəfdaş kimi qəbul edildiyini izah etmək çətin olardı”, – deyə Eldar Məmmədov bildirir.
Ekspert əlavə edir ki, Ermənistana da eyni anti-Rusiya prizmasından baxılır. Üstəlik, Paşinyanın yenidən seçilmə ərəfəsində Avropayönlü kursu Avropa Birliyi üçün əlavə maraq yaradır.
“Paşinyan daxili rəqiblərini “Rusiya agentləri” kimi təqdim edir. Bu parçalanmanı stimullaşdırmaq Baltikyanı ölkələrin və daha geniş mənada Avropa Birliyinin maraqlarına uyğundur. Bir sözlə, bu səfərlər dərin və ya dəyərlərə əsaslanan tərəfdaşlığı deyil, geosiyasi uyğunlaşmanı simvolizə edir”, – deyə o bildirib.
TRIPP-dən nə xəbər?
Ermənistan eyni zamanda Rusiyanın arxasınca dəmir yolu şəbəkəsinin güzəştli idarəçiliyinin başqa ölkəyə verilməsi məsələsini müzakirə etmək niyyətində deyil. Bunu ötən həftə keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstanın bu prosesdə iştirakının mümkünlüyü ilə bağlı suala cavab verərkən deyib.
Paşinyan bundan əvvəl bildirmişdi ki, aprelin 1-də Moskvaya etdiyi səfər zamanı rus həmkarları ilə Ermənistan dəmir yolu şəbəkəsinin güzəştli idarəçiliyinin Ermənistan və Rusiya ilə dostluq münasibətləri olan başqa bir ölkəyə verilməsi məsələsini ətraflı müzakirə edib.
Baş nazir vurğulayıb ki, Ermənistanla Rusiya arasındakı münasibətlər konstruktiv transformasiya mərhələsindədir.
“Mən bu prosesi müsbət qiymətləndirirəm və biz öz prinsipimizə sadiq qalacağıq. Biz dostluq dialoqu məntiqindən kənara çıxmayacağıq və bu xətt üzrə davam edəcəyik”, – deyən Paşinyan bildirib ki, iyunun ikinci yarısında Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirmək barədə razılıq əldə olunub.
Bir müddət əvvəl Nikol Paşinyan qeyd etmişdi ki, rus tərəfinin idarəçiliyi altında Ermənistan dəmir yolu bəzi rəqabət üstünlüklərini itirir. Çünki elə ölkələr var ki, məhz Rusiyanın idarəçiliyinə görə Ermənistan dəmir yolunun imkanlarından istifadə etməkdən imtina edirlər. Buna cavab olaraq Rusiyanın baş nazir müavini Aleksey Overçuk bildirmişdi ki, Ermənistan dəmir yolu şəbəkəsinin güzəştli idarəçiliyinin üçüncü ölkəyə verilməsi üçün heç bir obyektiv səbəb yoxdur.
Aprelin 8-də Qazaxıstan Respublikasının xarici işlər naziri Yermek Koşerbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə gəlib. Nümayəndə heyətinin tərkibində Qazaxıstanın nəqliyyat naziri Nurlan Saurambayev də yer alıb. Paşinyan bildirib ki, bölgədə gedən proseslər Ermənistanla Qazaxıstan arasında əməkdaşlığa müsbət təsir göstərir. Xüsusilə Azərbaycan, Rusiya və Gürcüstan üzərindən qurulan dəmir yolu əlaqəsi ticarət-iqtisadi münasibətlərin genişlənməsi üçün yeni imkanlar yaradır.
Yermek Koşerbayev isə regional kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edərək, Qazaxıstanın həm TRIPP, həm də Ermənistan hökumətinin “Sülh kəsişməsi” layihəsinə dəstəyini vurğulayıb. O bildirib ki, ölkəsi bu layihələrin həyata keçirilməsində və regional ticarət əlaqələrinin genişləndirilməsində maraqlıdır.
Bu arada ABŞ Dövlət Departamenti bəyan edib ki, Ermənistan ABŞ və qarşılıqlı razılıq əsasında seçilmiş üçüncü tərəflərlə birlikdə TRIPP təşəbbüsünün həyata keçirilməsi istiqamətində əməkdaşlıq edir. Departamentin sözçüsü vurğulayıb ki, Prezident Donald Tramp administrasiyası TRIPP layihəsini reallaşdırmaq öhdəliyinə sadiqdir.
“TRIPP ABŞ-nin prioritetlərindən biri olaraq qalır. Çünki onun Cənubi Qafqazda və ondan kənarda sülhü və rifahı təşviq etmək potensialı var. Tramp administrasiyası TRIPP-in həyata keçirilməsinə sadiqdir”, – deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.
Sözçü xatırladıb ki, layihə Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət olunmaqla, eyni zamanda Ermənistan üçün qarşılıqlı faydalar təmin edilməklə Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək multimodal nəqliyyat qovşağının yaradılmasını nəzərdə tutur.
“TRIPP regionda həm beynəlxalq, həm də daxili maneəsiz əlaqələri təmin edəcək, iqtisadi artım və rifahın yüksəldilməsi imkanlarını genişləndirəcək”, – deyə ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edib.
“TRIPP-in son məqsədləri Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini möhkəmləndirmək, regional ticarət və əlaqələri inkişaf etdirməklə ABŞ-nin ticarət imkanlarını genişləndirmək, eləcə də Mərkəzi Asiyadan və Xəzər regionundan Avropaya yeni tranzit xətləri yaratmaqdır”, – deyə sözçü yekunlaşdırıb.
Müəllif: Cəsur Məmmədov