“The New York Times”: "İsrail iranlıların kütləvi üsyana ümid edərək ABŞ-ni İrana qarşı əməliyyata inandırıb"

“The New York Times”: "İsrail iranlıların kütləvi üsyana ümid edərək ABŞ-ni İrana qarşı əməliyyata inandırıb"
24 Mart 2026
Mətni dəyiş

İsrail ABŞ-ni İrana qarşı hərbi əməliyyata başlamağa razı salarkən, ölkə daxilində kütləvi üsyanın baş verəcəyi ilə bağlı kəşfiyyat qiymətləndirmələrinə güvənib. Bu barədə “The New York Times” nəşri mənbələrə istinadən yazır.

Qəzetin məlumatına görə, İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın direktoru David Barnea baş nazir Benyamin Netanyahuya elə bir plan təqdim edib ki, döyüş əməliyyatlarının başlanmasından bir neçə gün sonra İsrail kəşfiyyatı İran müxalifətini kütləvi etirazlara səfərbər edə biləcək.

Bu plan yanvarın ortalarında Netanyahunun Vaşinqtona səfəri zamanı ABŞ tərəfinə də təqdim olunub.

“The New York Times” qeyd edir ki, həm Netanyahu, həm də ABŞ prezidenti Donald Tramp optimist ssenariyə inanırdılar. Onlar hesab edirdilər ki, İran rəhbərliyinin aradan götürülməsi və bir sıra kəşfiyyat əməliyyatları ölkə daxilində kütləvi üsyana səbəb olacaq və müharibə qısa müddətdə başa çatacaq.

Lakin nəşrin mənbələrinin bildirdiyinə görə, ABŞ və İsrail daxilində bu ssenariyə skeptik yanaşanlar da olub. ABŞ hərbçiləri Trampı xəbərdar ediblər ki, ABŞ və İsrailin zərbələri fonunda iranlıların küçələrə çıxaraq etiraz edəcəyi real görünmür.

Nəticədə, mümkün kütləvi üsyanla bağlı bu ehtimal “The New York Times”ın qiymətləndirməsinə görə, hərbi əməliyyatın planlaşdırılmasında əsas səhvlərdən birinə çevrilib.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei öldürülüb, İranın hərbi və nüvə obyektlərinə ciddi zərər dəyib. İran isə cavab olaraq ABŞ bazalarına və Vaşinqtonun Fars körfəzi regionundakı müttəfiqlərinin infrastrukturuna zərbələr endirir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hesab edir ki, İsfahanda yeraltı yüksək zənginləşdirilmiş uran anbarı yerləşir. Bu barədə qurumun yaxın zamanda dərc olunmuş hesabatında bildirilib. Uran nüvə reaktorları üçün yanacaq kimi istifadə oluna və ya əlavə emal edilərək nüvə silahı istehsalında tətbiq edilə bilər. Tehran isə belə silahların hazırlanmasını inkar edir.

2025-ci il dekabrın 28-də İranda son illərin ən böyük etiraz aksiyaları başlayıb. Əvvəlcə aksiyalar milli valyuta rialın kəskin dəyər itirməsi və yüksək inflyasiya kimi iqtisadi problemlərlə bağlı tələblərlə müşayiət olunub. Daha sonra isə etirazlarda hakimiyyət əleyhinə şüarlar səsləndirilib və 1979-cu il İslam inqilabından əvvəl mövcud olmuş monarxiyanın bərpasına çağırışlar edilib.

“BBC News”un şahidlərə istinadən yaydığı məlumata görə, İranda internetin kəsilməsindən sonra təhlükəsizlik qüvvələri və İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkə üzrə etirazçılara qarşı döyüş sursatından istifadə edib.

ABŞ-də fəaliyyət göstərən Human Rights Activists News Agency (HRANA) məlumatına görə, hadisələr nəticəsində 7 mindən çox insan həlak olub. Bu rəqəmə 200-dən çox təhlükəsizlik əməkdaşı da daxildir. Təxminən 53 min 500 nəfər saxlanılıb, ən azı üç nəfər isə edam edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun