Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisdə imzaladığı müqavilə ölkənin hərbi hava qüvvələri və hava hücumundan müdafiə qoşunlarının inkişafında yeni mərhələ kimi qiymətləndirilir. Müşahidələr göstərir ki, bu sənəd Ermənistan Silahlı Qüvvələrinin zəif istiqamətlərinin qısa müddətdə xarici ekspert dəstəyi ilə müasirləşdirilməsinə və mövcud problemlərin aradan qaldırılmasına imkan yarada bilər.
Parisdə hansı məsələlər müzakirə olunub?
Martın 27-də Fransada rəsmi səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan Parisdə Fransanın “Safran Electronics & Defense” şirkətinin müdafiə istiqaməti üzrə rəhbəri Aleksandr Ziqlerlə görüşüb. Ermənistanın Fransa ilə müdafiə sahəsində əməkdaşlığının mövcud durumu və perspektivlərinin müzakirə edildiyi görüşün sonunda müqavilə imzalanıb.
Ekspertlər hesab edir ki, bu müqavilə Ermənistanın son illərdə Fransa ilə qurduğu hərbi tərəfdaşlığın ən kritik mərhələlərindən biridir və əməkdaşlığın yeni - hərbi-texniki müstəviyə keçdiyini göstərir.
Ermənistan yalnız bir hərbi şirkətlə əməkdaşlıqla kifayətlənmək niyyətində deyil. Belə ki, martın 26-da Suren Papikyan “Beynəlxalq Fransız Müəssisələri Hərəkatı” təşkilatında (“Movement of International French Enterprises”) Fransa müdafiə şirkətlərinin nümayəndələri ilə də görüşüb. Görüş zamanı Ermənistan Müdafiə Nazirliyi ilə Fransa hərbi-sənaye müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə olunub.
Elə həmin gün Papikyan Fransa Prezidentinin hərbi müşaviri, Xüsusi Hərbi Qərargahın rəisi, ordu generalı Vinsent Jiro ilə görüş keçirib. Tərəflər Ermənistan–Fransa müdafiə əməkdaşlığını və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Nazir həmçinin Fransa Silahlı Qüvvələri və Veteranlar naziri Ketrin Votrinlə də görüşüb. Görüşdə mövcud əməkdaşlıq yüksək qiymətləndirilib, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, peşəkar hazırlıq, məsləhət dəstəyi və digər istiqamətlər üzrə proqramların inkişafı müzakirə edilib. Eyni zamanda, əməkdaşlığı dərinləşdirmək və genişləndirmək, onu keyfiyyətcə yeni, daha yüksək səviyyəyə qaldırmaq, eləcə də müdafiə sektorunun imkanlarını gücləndirməyə yönəlmiş birgə təşəbbüsləri davam etdirmək barədə razılıq əldə olunub.
Daha sonra Fransanın Baş naziri Sebastyan Lekornu Papikyanı qəbul edib. Ermənistanlı nazir əvvəlki razılaşmaların icrası barədə Lekornuya məlumat verib və Fransa hökumətinə ikitərəfli əməkdaşlığa göstərilən diqqətə görə təşəkkür edib. Ermənistan-Fransa müdafiə əməkdaşlığının inkişafı və dərinləşdirilməsi məsələlərini müzakirə edən tərəflər strateji tərəfdaşlığın daha da gücləndirilməsinin və müdafiə əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Səfər çərçivəsində Papikyan Fransa Prezidenti Emmanuel Makronun fərmanı ilə “Fəxri Legion” ordeni ilə təltif olunub. Təhlilçilərə görə, bu addım iki ölkə arasında hərbi-siyasi əlaqələrin strateji səviyyəyə yüksəldiyini göstərir.
“Safran” şirkəti və Ermənistanla əməkdaşlığın perspektivləri
“Safran Electronics & Defense” aerokosmik, müdafiə və kosmik sahələrdə fəaliyyət göstərən Fransanın yüksək texnologiyalı müdafiə şirkətidir. “Safran Group” tərkibinə daxil olan bu şirkət kosmik və astronomik optika, taktiki pilotsuz uçuş aparatları (PUA) və inertial naviqasiya sistemlərinin aparıcı istehsalçılarından biridir. Şirkətdə 19 mindən çox əməkdaş çalışır və 2025-ci ildə 31,3 milyard avro gəlir əldə etdiyi bildirilir.
2024-cü ilin əvvəlində mediada “Safran Group”un Ermənistanla birgə silah və komponent istehsalına başlamaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı. Rəsmi hesabatlarda da Fransa və Ermənistan arasında müdafiə sənayesi sahəsində birgə layihələrin müzakirə edildiyi qeyd olunurdu. Bu layihələr yalnız hazır məhsul alışı ilə deyil, texnoloji əməkdaşlıqla da bağlıdır.
Bununla belə, Ermənistan ərazisində “Safran”a məxsus istehsal müəssisəsinin fəaliyyətə başlaması ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Görünür, əməkdaşlıq hazırda daha çox texnologiya transferi və komponentlərin yığılması mərhələsindədir.
Mütəxəssislər hesab edir ki, “Safran“ın fəaliyyət sahələri nəzərə alınarsa, əməkdaşlıq əsasən optronika (sensor texnologiyaları, gecəgörmə və termal cihazlar) və naviqasiya sistemləri üzərində cəmləşə bilər. Eyni zamanda kəşfiyyat üçün nəzərdə tutulmuş “Patroller” tipli taktiki PUA sistemlərinin də diqqət mərkəzində olduğu ehtimal edilir.
Əgər Ermənistan Fransadan özünün yerli PUA istehsalı üçün bir sıra lazımlı komponentləri əldə edə bilsə, bu cihazların əməliyyat və kəşfiyyat keyfiyyətinin NATO standartlarına uyğunlaşması mümkündür və əlbəttə ki, bu, Azərbaycan tərəfi üçün maraqlı xəbər ola bilər.
Beləliklə, “Safran”la əməkdaşlıq Ermənistan ordusunun həm PUA sistemləri, həm də naviqasiya texnologiyaları sahəsində keyfiyyətinin əsaslı şəkildə dəyişməsinə səbəb ola bilər. Naviqasiya sistemlərinin modernləşdirilməsi perspektivi çərçivəsində “Safran”la əməkdaşlıq hədəflərin daha uzaqdan aşkarlanması, GPS müdaxiləsinə baxmayaraq dəqiq zərbələr və vahid rəqəmsal idarəetmə sisteminə keçid imkanları yaradır.
Ermənistanın “Safran”la imzalanan müqavilə üzrə əldə edəcəyi hərbi texnikaların və komponentlərin yaxın iki il ərzində istismara verilməsi gözlənilir. Bu müddətdə həmin texnikanı idarə etmək və komponentləri tətbiq etmək üçün erməni hərbçilərinin Fransa və Ermənistanda təlim keçəcəyi ehtimal olunur.
Beləliklə, Suren Papikyanın səfəri ilə bağlı yekun qiymətləndirmə belə ola bilər:
- Parisdə imzalanan əməkdaşlıq müqaviləsinin əvvəlki sənədlərdən fərqli olaraq daha detallı məsələləri - məsələn, yüksək dəqiqlikli optronika, naviqasiya sistemləri və kəşfiyyat avadanlıqlarını əhatə etdiyi ehtimal olunur;
- Bu səfər Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə Fransadan qabaqcıl hərbi texnologiyaların alınmasını sürətləndirəcək;
- Ermənistan Müdafiə Nazirliyi ilə Fransa hərbi-sənaye müəssisələri arasında birbaşa və uzunmüddətli əməkdaşlıq formalaşır.
“Abzas Media” müqavilənin detalları ilə bağlı “Safran“a sorğu göndərsə də, məqalə dərc olunana qədər cavab əldə edilməyib.
Ermənistanın xarici hərbi əməkdaşlıq strategiyası
Araşdırmalar göstərir ki, Ermənistanın mövcud siyasi hakimiyyəti 2020-ci il müharibəsindən sonra xarici hərbi-siyasi əməkdaşlıq strategiyasında ciddi dəyişiklik etməkdə qərarlıdır və “diversifikasiya” (şaxələndirmə) siyasəti yürüdür.
Bu çərçivədə Yerevan ənənəvi təhlükəsizlik tərəfdaşı olan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) tədricən uzaqlaşmağa başlayıb. Bu prosesin əsas işartıları 2021-2023-cü illərdə rəsmi və qeyri-rəsmi bəyanatlar vasitəsilə ortaya çıxıb. Ermənistan ənənəvi təhlükəsizlik zəmanətlərindən narazı olub və son hərbi toqquşmalar zamanı Rusiya və KTMT-nin hərbi müdaxilə etməməsindən şikayət edib. Bunun ardınca Yerevan Rusiyadan hərbi asılılığın azaldılması istiqamətdə aktiv strateji addımlar atıb.
Növbəti mərhələdə Ermənistan yeni strateji tərəfdaşların axtarışına çıxıb. Burada fokusa alınan ölkələr müxtəlif əlamətlərinə görə ayrılırdı: Ermənistan bəzi ölkələrdən silah və hərbi-texnika almağı planlaşdırdı, bəziləri isə təlim, ordu quruculuğuna doktrinal dəstək verməli idilər. Bu kontekstdə Ermənistan üç ölkə ilə - Hindistan (silah və hərbi texnika əməkdaşlığı), ABŞ (hərbi təlim dəstəyi) və Fransa (silah, hərbi texnika və hərbi təlim dəstəyi) ilə hərbi əməkdaşlığa başlayıb.
Bundan əlavə, Ermənistan Yunanıstan, Kipr, Polşa və digər NATO/AB ölkələri ilə də əməkdaşlıq edir. Avropa Birliyinin (AB) mülki müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi və genişləndirilməsi də bu strategiyanın bir hissəsidir.
Martın 13-də Brüsseldə Suren Papikyanın AB Hərbi Komitəsinin sədri Şon Klensi ilə görüşündə də hərbi təhsil, təlimlər, AB ilə Ermənistan Respublikası arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq çərçivəsində missiyalarda iştirak, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Ümumilikdə, yürüdülən bu siyasətin əsas məqsədi ordunu qərb/modern standartlara uyğunlaşdırmaq və Rusiyadan gələn ənənəvi hərbi-siyasi təzyiqi balanslaşdırmaqdır. Bu prosesdə Ermənistanın əsas hədəflərindən biri 2020-ci il müharibəsində aşkarlanan zəif tərəflərin aradan qaldırılmasıdır.
Hərbi sənayenin inkişaf perspektivləri
Ermənistanın əsas strateji hədəflərindən biri də yerli hərbi sənayenin inkişafıdır. Yerevan bu istiqamətdə xarici şirkətlərlə, o cümlədən Fransa hərbi sənaye nəhəngləri ilə əməkdaşlığı prioritet hesab edir.
Bu məqsədlə Ermənistan hökuməti hərbi sənayenin inkişafına yönəlmiş üç illik müqavilələr siyasətini davam etdirmək qərarına gəlib və 2026–2028-ci illər üçün 150 milyard dramdan çox (təxminən 347 milyon avro) vəsait ayrılıb.
Ötən ilin sonunda Yüksək Texnologiyalar Sənayesi naziri Mxitar Hayrapetyan bildirib ki, Ermənistan Müdafiə Nazirliyi artıq 30 şirkətlə yeni üç illik müqavilələr bağlamaq üçün danışıqlar aparır. Nazir qeyd etmişdi ki, 28 şirkətlə 171 milyard dramdan çox məbləğdə müqavilələr imzalanmış 2023-2025-ci illər üçün hərbi sənayenin inkişafı üzrə ilk üç illik proqram isə hərbi-sənaye kompleksinin inkişafında əsas mərhələ hesab olunur.
Araşdırmalar göstərir ki, “Safran” kimi kimi müdafiə sənayesi nəhəngləri ilə əməkdaşlıq 3 illik müqavilələr siyasətində xüsusi yer tutur və texnologiya transferi üçün əsas platforma rolunu oynayır.
O da bəllidir ki, Ermənistan yeni ordu islahatları həyata keçirir və bu prosesdə modernləşdirmə işlərində, xüsusilə də peşəkar təlimlərin keçirilməsində dəstəyə ehtiyac duyur. Fransa ilə imzalanan 2026-cı il Müdafiə Əməkdaşlıq Planı bu baxımdan Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır.
Misal üçün, Fransa ilə imzalanan 2026-cı il üzrə Müdafiə Əməkdaşlıq Planı (bu planın “bütün sahələrdə onlarla fəaliyyəti əhatə etdiyi” bildirilir) Ermənistana müdafiə islahatları prosesində Fransa tərəfinin dəstəyindən xüsusi olaraq yararlanmaq imkanı verir. Bu planda Ermənistan ordusunun modernləşdirilməsi, peşəkar təlimlərin keçirilməsi və yeni komanda-idarəetmə sistemlərinin qurulması və başqa hədəflər var.
Hərbi əməkdaşlığı qabağa aparmaq üçün Ermənistan-Fransa İkitərəfli Strateji Müdafiə Məsləhətləşmələr formatı da mövcuddur. Bu format çərçivəsində son görüş ötən il dekabrın 15-16-da Parisdə keçirilib və tərəflər ikitərəfli əməkdaşlığa strateji məzmun və institusional xarakter verməyin vacibliyini vurğulayıblar. Növbəti strateji müdafiə məsləhətləşmələrinin Yerevanda keçirilməsi qərara alınıb.
Regionda hərbi balans pozulurmu?
Müşahidələr göstərir ki, Ermənistan ordusunun modernləşdirilməsi və və Qərbə getdikcə daha çox inteqrasiyası regionda 2020-ci ildən sonra yenidən formalaşmış hərbi balansın tədricən dəyişməsinə təsir edə bilər.
2020-ci ildəki müharibədə ortaya çıxan nəticələrdən dərs götürən Ermənistan xüsusilə hava müdafiəsi və PUA texnologiyalarına diqqət yetirir. Bu kontekstdə rəsmi Yerevanın əsas hədəflərindən biri müasir PUA-ları və onlara nəzarət/zərərsizləşdirmə sistemini əldə etməkdir. Ekspertlər hesab edir ki, “Safran”ın optik sistemləri erməni hərbçilərə Azərbaycanın hərbi hərəkətlərini daha uzaq məsafədən izləmək imkanı verə bilər.
Fransadan alınması gözlənilən yeni naviqasiya sistemləri ilə Ermənistan Silahlı Qüvvələrinin atış, qeydə alma keyfiyyətinin artacağı düşünülür. Fransadan alınan silah və hərbi texnikalar rəsmi olaraq “müdafiə məqsədi” güdsə də, ekspertlərin fikrincə, əslində onlar Ermənistanın hərbi mövqelərini, xüsusilə də sərhəd xəttindəki mövqelərinin keçilməzliyini təmin edir.
Beləliklə, uzun illər regionda İsrail–Türkiyə–Azərbaycan əməkdaşlığı hesabına formalaşan hərbi üstünlük qarşısında Ermənistan–Fransa (və Hindistan) əməkdaşlığı alternativ sistem kimi formalaşır.
Hazırda bu sistem ciddi təhlükə yaratmasa da, ekspertlər hesab edir ki, təxminən 5 il sonra Ermənistan ordusu “kor və ləng” ordudan “görən və sürətli” orduya çevrilə bilər. Bu isə regionda hərbi balansın əhəmiyyətli şəkildə dəyişməsi deməkdir.
Müəllif: Cəsur Məmmədov