ABŞ və İsrail hərbi qüvvələrinin İrana qarşı intensiv əməliyyatları davam edir. İran dövlət media orqanlarının yaydığı məlumata görə, hərbi hücum nəticəsində ölkə ərazisində ən azı 1332 nəfər həlak olub. Müxtəlif müstəqil mənbələr müharibə nəticəsində ölüm sayının dəfələrlə artıq olduğunu bildirirlər. İran Qızıl Aypara Cəmiyyətinin statistikasına görə, müharibənin başlanğıcından bəri ABŞ-İsrail hücumlarında ən azı 6668 mülki vahid hədəfə alınıb. Onlardan 5535-i yaşayış vahidi, 65-i məktəbdir.
Ekspertlərin fikrincə, son bir neçə gün ərzində baş vermiş hadisələr göstərir ki, İran “ağrının geosiyasi paylanması” strategiyasına üstünlük verməyə başlayıb. Nəticədə bir sıra qonşu dövlətləri, xüsusən də enerji təhlükəsizliyində kritik rol oynayan Azərbaycanı bu gərginliyin mərkəzinə çəkməyə çalışır.
Hədəfdə Azərbaycan: İran dronu Naxçıvana niyə tuşlayır?
İranın martın 5-də Naxçıvan ərazisini dron atəşinə tutması nəticəsində Naxçıvan beynəlxalq hava limanına ziyan dəyib. Rəsmi məlumatlara görə, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Məsələ ilə bağlı prezident İlham Əliyev, Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi İran tərəfini kəskin tənqid ediblər.
Bu gün səhər saatlarında İran prezidenti Məsud Pezeşkian İran dövlət televiziyasında videomüraciət yayaraq hücuma məruz qalan qonşu ölkələrdən üzr istəyib. Konkret ölkə adları çəkməyən prezident əlavə edib ki, İranı müvəqqəti idarə edən üç üzvdən ibarət rəhbərlik şurası “Silahlı Qüvvələrə bildirib ki, bundan sonra qonşu ölkələrə hücum edilməməli və ya həmin ölkələrdən bizə hücum etmək istəməsələr, raketlər vurulmamalıdır”.
“Düşünürəm ki, bunu qonşu ölkələrlə döyüşmək və problemlər yaratmaq əvəzinə, diplomatiya yolu ilə həll etməliyik”, - Pezeşkian əlavə edib.
Bununla belə o, qonşu ölkələri (Körfəz ölkələrini) “imperializmin əlində oyuncaq” olmamağa çağıraraq onları İran ərazisinə hücum etməmələri barədə xəbərdar edib.
Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Oman kimi Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri sərhədləri daxilində və ətrafında ABŞ hərbi bazalarının olması səbəbindən hədəfə alınıb. İraq, İordaniya, Azərbaycan və Türkiyə də təhlükə altına düşüb.
Əslən İraqdan olan Beynəlxalq Münasibətlər üzrə tədqiqatçı İzat Noahın fikrincə, Azərbaycanın hədəf alınması - xüsusən də regionun bir neçə ölkəsinə endirilən zərbələrdən sonra - “ağrının geosiyasi paylanması” kimi tanınan strategiyanın bir hissəsidir.

“Ağrının paylanması” və ya bəzən “geosiyasi ağrının yayılması” strategiyası hərbi və geosiyasi kontekstdə işlədilən bir termindir.
“Məqsəd aydın bir mesaj göndərməkdir: əgər Tehran hücuma məruz qalarsa, regiondakı heç bir paytaxt təhlükəsiz olmayacaq. Bu, həm də İsrailin regiondakı maraqlarını hədəf alır, çünki Azərbaycan İsrailin ən mühüm regional tərəfdaşlarından biridir. İranlılar Azərbaycana bir çox rəhbərlik əməliyyatlarının və kəşfiyyat sızıntılarının mənbəyi olan inkişaf etmiş bir kəşfiyyat mərkəzi kimi baxırlar”, - deyən ekspertin fikrincə, Azərbaycan İsrailin əsas neft tədarükçülərindən biridir:
“2025-ci ilin məlumatları göstərir ki, İsrailin xam neft idxalının təxminən 46,4 faizi Azərbaycanın payına düşür və bu, onu ölkənin əsas enerji təminatçısı edir. Həmin ildə Azərbaycanın qaz ixracı Avropa İttifaqının ümumi illik qaz idxalının təxminən 4 faizini təşkil edib. Ukrayna müharibəsindən sonra Avropanın Rusiya qazından asılılığını azaltması ilə Azərbaycan qitə üçün əsas alternativ enerji mənbəyinə çevrilib”.
Noah hesab edir ki, iranlılar “təcavüzkar ox”la iqtisadi və siyasi əlaqələri olan ölkələrə zərbə endirməyin ABŞ administrasiyasını regiondakı siyasətini yenidən nəzərdən keçirməyə məcbur etmək üçün bir təzyiq vasitəsi olacağına inanırlar.
“Bu hədəf seçimi həm də İsrailin iqtisadiyyatına birbaşa təsir göstərir; İsrailin enerji təchizatında Azərbaycandan əhəmiyyətli dərəcədə asılı olması enerji xərclərinin artmasına və İsraildə bazar sabitliyinin pozulmasına səbəb ola bilər”.
Müharibə: yanaşma fərqləri və gələcək proqnozlar
Gürcüstanın tanınmış təhlükəsizlik eksperti, Gürcüstan Müdafiə Nazirliyinin müdafiə siyasəti və planlaşdırma departamentinin keçmiş rəhbəri, hazırda isə Gürcüstan Universitetində Siyasi Elmlər və Beynəlxalq Münasibətlər proqramının rəhbəri və dosenti Şalva Dzebisaşvilinin fikrincə, İran nəsil dəyişikliyi dövründən keçir və cəmiyyət mövcud rejimin təmin edə bilmədiyi sosial, iqtisadi və xüsusilə siyasi dəyişiklikləri də ehtiva edən liberal transformasiya istəyir.

“İraq və Əfqanıstandan alınan dərslər çox aydın şəkildə göstərir ki, hərbi qələbə daha çətin bir işin - dövlət quruculuğunun (nation building) yalnız başlanğıcıdır. Bu cəhdlər İraq və Əfqanıstanda uğursuzluğa düçar oldu. Yeni bir İran dövlətinin qurulmasının uğurlu olub-olmayacağını isə zaman göstərəcək.”, - deyə o qeyd edib. Ekspert inanır ki, İran xalqı Yaxın Şərqdə funksional demokratiya qurmağa ən qadir xalqdır, əks halda onun gələcəyi yoxdur, çünki onlar dövlətin fəaliyyətinin hər sahəsində bir çox risk və təhdidlərlə üz-üzədirlər.
İzat Noah isə inanır ki, İran rejiminə münasibətdə İsrail və ABŞ arasında yanaşma fərqi var:
“Hər iki tərəf İranın nüvə ambisiyalarını məhdudlaşdırmaq, regional təsirini cilovlamaq və onun İsrailə, eləcə də regiondakı ABŞ müttəfiqlərinə qarşı təhdidini azaltmaq zərurəti ilə razılaşsa da, Amerika Birləşmiş Ştatlarının bir qədər fərqli mövqe tutduğu görünür. ABŞ İranın tam rejim dəyişikliyinə məruz qalmasındansa, öz davranışını dəyişməsinə üstünlük verir; İranın İsrail ilə əməkdaşlıq edə biləcək vahid dövlət kimi qalmasını və Türkiyə, Səudiyyə Ərəbistanı kimi ölkələrlə regional tarazlığın qorunmasına kömək etməsini istəyir”.
Ekspertin sözlərinə görə, belə yanaşmanın bir nümunəsini Venesuelada görmək olar:
“Prezident Maduro həbs edildikdən sonra Amerika Birləşmiş Ştatları Venesuela rejimini tamamilə dəyişməyə çalışmadı. İraqda baş verənlərdən fərqli olaraq, o, hakim partiyanı dağıtmadı, hərbi və təhlükəsizlik qurumlarını məhv etmədi, yalnız prezidentin dəyişdirilməsinə diqqət yetirdi. İsrailin perspektivi isə, əksinə, nəyin bahasına olursa-olsun, İran rejimini devirməyə yönəlib və düşmən ideologiyalı dövlətlərin parçalanmasını regionda öz üstünlüyünü təmin etmək üçün zəruri hesab edir”.
Şalva Dzebisaşvili düşünür ki, İrana hərbi hücum qərarına iki əsas amil təsir göstərir:
“Birincisi, xalq üsyanı və rejim qüvvələrinin etirazçıları əvvəllər görünməmiş şəkildə kütləvi öldürməsidir. İkinci amil isə regional dinamika və İran-İsrail qarşıdurması ilə bağlı bir çox yerdə “yarımçıq qalmış” missiyalardır. Nüvə və ya enerji kimi digər qalan amillər də İran tapmacasının “hərbi” həllinə töhfə verir”.
Bəs müharibə bu gedişlə nə qədər davam edəcək? İzat Noah hesab edir ki, müharibədə iştirak edən tərəflərdən, xüsusilə güc balansı üstün olan ABŞ-dən kənarda qalanlar üçün müharibənin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.
“Prezident Tramp müharibənin 4-6 həftə ərzində öz məqsədlərinə nail ola biləcəyini bəyan etdi. Bu bəyanat ABŞ-nin 2003-cü ildə İraqın işğalı zamanı tutduğu mövqeyi xatırladır; ovaxtkı Müdafiə Naziri Donald Ramsfeld müharibənin altı həftə ilə altı ay arasında davam edə biləcəyini və ondan artıq çəkəcəyinin gözlənilmədiyini bildirmişdi. Mövcud münaqişənin xarakterindəki fərqlərə baxmayaraq, onun dəqiq müddətini müəyyən etmək bir çox hərbi və siyasi dəyişikliklərdən asılı olduğu üçün çətin olaraq qalır”, - deyə o əlavə edir.
Şalva Dzebisaşvilinin fikrincə, İrandakı mövcud rejim ABŞ-İsrail ittifaqı ilə heç bir müqayisəyə gəlməz və o, hərbi, daha sonra isə siyasi cəhətdən sağ qalmaq üçün qaçılmaz olaraq qeyri-ənənəvi müharibəyə (Taliban üslubu) keçəcək.
“Hesab edirəm ki, İranın hərbi infrastrukturu əhəmiyyətli dərəcədə məhv ediləcək və ABŞ-İsrail hərbi dəstəyindən yararlanacaq alternativ bir siyasi mərkəz (İranın əyalət paytaxtlarının birində) yaradılacaq. Bu da öz növbəsində, sözdə müxalifət qüvvələrinin Tehrana doğru yürüşə başlamasına və İranın “azadlığını” elan etməsinə imkan verəcək. Lakin bu, sürətli bir oyun olmayacaq”, - deyə o bildirir.
NATO münaqişəyə qoşula bilərmi?
NATO üzvləri Yaxın Şərqdəki müharibədən təsirlənməkdə davam edirlər: Türkiyə İrandan atılan raketin vurulduğunu və Kiprdəki Böyük Britaniya bazasını dronların hədəf aldığını bildirir. Amma NATO-nun baş katibi Mark Rutte “Reuters” agentliyinə bildirib ki, 5-ci maddəni tətbiq etmək niyyətində deyillər. Ekspertlərin fikrincə, NATO-nun “5-ci maddə” kimi tanınan kollektiv müdafiə müqaviləsinin qüvvəyə minməsi üçün məhdudiyyətlər yüksəkdir.
İzat Noah da ABŞ və İsrailin İrana qarşı quru müdaxiləsi həyata keçirmək niyyətinin olmadığını nəzərə alaraq NATO-nun mövcud şərtlər daxilində bu münaqişədə iştirak edəcəyinə inanmır.
“Üstəlik, alyansın Rusiya və Çinin yaratdığı çağırışlarla müqayisədə böyük strateji təhlükə kəsb etməyən bir münaqişəyə əlavə resurslar sərf etməsi ehtimalı azdır. Bundan əlavə, bir çox NATO üzvü olan dövlət hazırda Rusiyaya qarşı müharibədə Ukraynanı dəstəkləməyə diqqət yetirir. Bəzi üzv dövlətlər arasında mövqe fərqləri və maraq toqquşmaları da mövcuddur. Məsələn, NATO-da ikinci ən böyük orduya malik olan Türkiyə istənilən potensial müdaxiləyə qarşı çıxa bilər, çünki belə bir addım İrandakı kürd varlığını gücləndirə bilər - bu isə Ankaranın öz təhlükəsizlik maraqlarına təhdid hesab etdiyi bir məsələdir. Daha sonra Çinin Tayvan üzərində nəzarəti ələ keçirmək ehtimalı ilə bağlı təkrarlanan təhdidləri ABŞ-ni və müttəfiqlərini daha çox Hind-Sakit okean regionuna diqqət yetirməyə sövq edir ki, bu da NATO-nun Yaxın Şərqdə yeni bir münaqişəyə cəlb olunma ehtimalını azaldır”, - deyə o bildirir.
Rusiya və Çin niyə İrana dəstək göstərmir?
2025-ci ilin yanvarında Rusiya və İran ticarət və hərbi əməkdaşlıqdan tutmuş elm, mədəniyyət, təhsilə qədər bütün sahələri əhatə edən hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalayıblar. Saziş müdafiə və kəşfiyyat koordinasiyasını dərinləşdirib və Rusiyanı İran vasitəsilə Körfəzlə birləşdirən nəqliyyat dəhlizləri kimi layihələri dəstəkləyib. Bu iki ölkə ABŞ və İsrailin İrana hücum etməsindən bir həftə əvvəl, fevralın sonlarında Hind okeanında birgə hərbi təlimlər keçiriblər.
Rusiya Beynəlxalq İşlər Şurasının keçmiş baş direktoru və Rusiyanın xarici siyasət düşüncə mərkəzi olan “Valday Müzakirə Klubu”nun üzvü Andrey Kortunov “Al Jazeera” telekanalına bildirib ki, Moskvanın İranı dəstəkləmək üçün birbaşa hərbi əməliyyatlar keçirməsi ehtimalı azdır, çünki risklər çox yüksək olacaq. O əlavə edib ki, Moskva hazırda “Ukrayna ilə münaqişədə ABŞ-nin vasitəçiliyinə üstünlük verir”.
Çinə gəldikdə isə, 2021-ci ildə bu ölkə və İran enerji kimi sahələrdə əlaqələri genişləndirməyi hədəfləyən 25 illik əməkdaşlıq müqaviləsi imzalayıblar və bu müqavilə İranı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə cəlb edir.
Çindəki Tsinhua Universitetinin Beynəlxalq Təhlükəsizlik və Strategiya Mərkəzinin (CISS) əməkdaşı Codi Ven “Al Jazeera”ya bildirib ki, Pekində İranla münasibətlər praqmatik və sabit olaraq qəbul edilir. “Siyasi baxımdan müntəzəm mübadilə aparırıq, iqtisadi baxımdan əməkdaşlıq çox dərindir; bir çox müəssisənin İrana investisiyaları var”, - deyə o əlavə edib.
Lakin Ven Pekinin uzun müddətdir ki, tərəfdaşlıqda hərbi iştirakla bağlı aydın məhdudiyyətlər qoyduğunu vurğulayıb.
“Çin hökuməti həmişə digər ölkələrin məsələlərinə müdaxilə etməməyə sadiqdir... Düşünmürəm ki, Çin hökuməti İrana silah göndərərdi”, - deyə o bildirib.
Siyasi ekspert İzat Noahın fikrincə, Rusiya və Çinin İrana qarşı hücumu pisləməsinə baxmayaraq, onların Tehrana maddi dəstək verdiyinə dair hələ də aydın əlamətlər yoxdur:
“Çin belə bir münaqişədən ən çox təsirlənən ölkələr arasındadır, çünki o, ABŞ və Körfəz ölkələri ilə iqtisadi əlaqələrinə zərər verməkdən qaçmağa çalışır. Çin Səudiyyə neftinin ən böyük idxalçılarından biridir (Səudiyyə ixracatının təxminən 26 faizini təşkil edir) və eyni zamanda Çin malları üçün mühüm bazar olan Birləşmiş Ərəb Əmirlikləri ilə güclü iqtisadi əlaqələr saxlayır. Çin İranın neft ixracının təxminən 90 faizini alsa da, Tehrana hər hansı konkret dəstək verməyib. Əksinə Pekin qlobal tədarük zəncirlərinin sabitliyini qorumağa və iqtisadi maraqlarını təhdid edə biləcək gərginliyin artmasından qaçmağa yönəlmiş görünür”.
Rusiyaya gəldikdə isə, ekspert hesab edir ki, bu ölkə Ukraynadakı müharibəyə ciddi şəkildə cəlb olunub və hazırkı imkanları ilə onun başqa bir münaqişəyə qoşulmağı mümkün deyil.
“Bu, onun 2024-cü ildəki Suriya təcrübəsində də özünü göstərdi. Bundan əlavə, Moskva hələ də Ukraynadakı müharibəni qəti şəkildə bitirə bilməyib və münaqişəni dayandırmaq üçün Trampın təklifi də daxil olmaqla, vasitəçilik səylərinə dəstək ifadə edib”, - deyən ekspert eyni zamanda düşünür ki, müharibənin davam etməsi qlobal enerji qiymətlərinin artmasına kömək edir. Bu isə iqtisadi cəhətdən Rusiyanın xeyrinə ola bilər. Belə ki, yüksək qiymətlər Moskvaya “kölgə donanması” kimi tanınan vasitə də daxil olmaqla daha çox neft satmağa imkan verir; bu, ona bəzi Qərb sanksiyalarından yan keçməyə və Ukraynadakı müharibə səylərini dəstəkləmək üçün gəlirlərini artırmağa kömək edir.
Məlumat üçün bildirək ki, “Kölgə donanması” (ingiliscə “shadow fleet”, həmçinin “dark fleet”) sanksiyalardan yayınmaq üçün beynəlxalq tənzimləmə və monitorinq sistemlərindən kənar fəaliyyət göstərən gəmilər və tankerlər şəbəkəsidir. Rusiya, İran və vaxtilə Venesuela kimi ölkələr neft və digər məhsullarını Qərb sanksiyalarından yan keçərək dünya bazarına çıxarmaq üçün bu gəmilərdən istifadə edirlər. Hazırda Rusiyanın “kölgə donanması”nın yüzlərlə gəmini əhatə etdiyi təxmin edilir.
Rusiyanın İrandakı müharibədən yararlana bilməsi ehtimalları fonunda Cənubi Qafqaz ölkələri üçün isə əksinə, iqtisadi və eyni zamanda miqrasiya problemləri ortaya çıxa bilər. Gürcü ekspert Şalva Dzebisaşvilinin fikrincə, Fars körfəzində müharibə ümumilikdə qiymət artımı vasitəsilə enerji bazarlarına təsir edəcək, minlərlə iranlı sığınacaq tapmaq üçün ölkədən Azərbaycan, Ermənistan və Gürcüstana doğru qaçacaq və Cənubi Qafqazın üç ölkəsinin, əsasən də Ermənistan və Azərbaycanın bəzi iqtisadi sektorları İranla sıx əlaqələr səbəbindən ciddi şəkildə təsirlənəcək.
Münaqişədə kürdlərin rolu: regional risklər
Bu arada, İranın qonşu İraqdakı yarı-muxtar kürd bölgəsində İran və İraq kürd qruplarını hədəf alan əməliyyatlara başladığı bildirilir. Dövlət televiziyası olan “Press TV” Tehranın İran-İraq sərhədi yaxınlığında dağlıq və əlçatmayan ərazilərdə yerləşdiyi güman edilən İran və İraq kürd qruplarına istinadən “İran əleyhinə separatçı qüvvələrə” zərbə endirdiyini bildirib. Müxtəlif siyasi və hərbi şərhçilər ABŞ və İsrailin İranda məqsədlərinə daha tez nail olmaq üçün müxtəlif kürd qruplarını silahlandırması və onların vasitəsilə quru əməliyyatları aparmaq niyyətlərindən bəhs edirlər.
İraqlı ekspert İzat Noahın fikrincə, İrandakı kürdlər Suriya, İraq və Türkiyədəki digər kürdlər kimi təsirli rol oynayırlar və onların sayı təxminən 12 milyon nəfərdir. O düşünür ki, kürd silahlı hərəkatları və qruplaşmaları 1920-ci illərin əvvəllərindən bəri mövcud olsa da, 1979-cu ildə Şah rejiminin devrilməsindən sonra İranda daha aktiv və mütəşəkkil hala gəliblər.
“Bu qruplar arasındakı baxış bucağı fərqlərinə baxmayaraq, fevral ayında onlar ABŞ-nin dəstəklədiyi bir ittifaqa nail oldular. Hesabatlar göstərir ki, Təl-Əviv İrana qarşı son müharibənin başlamasından bir ay əvvəl artıq bu qruplaşmaları təchiz etmişdi ki, bu da həm ABŞ-nin, həm də İsrailin bu qruplara olan marağını və onların gələcək münaqişələrdəki potensial rolunu vurğulayır”.
Ekspertin fikrincə, ABŞ-nin bu müharibədə quru əməliyyatında birbaşa iştirak etməyəcəyi, böyük ehtimalla kürd qruplarını silahlandırma, təlim keçmə, kəşfiyyat məlumatlarının ötürülməsi və bəlkə də müəyyən hava dəstəyi vasitəsilə dəstəkləyəcəyi mümkündür.
“Digər tərəfdən, kürdlərin variantları məhduddur və onların yeganə seçimi Vaşinqtonla əməkdaşlıq etməkdir. Lakin bu dəfə Suriyada terror təşkilatlarına qarşı vuruşan və sonda kifayət qədər dəstək almadan tərk edilən kürd qüvvələrinin təcrübəsinin təkrarlanmaması üçün müəyyən zəmanətlər mövcuddur”, - deyən ekspert hesab edir ki, İrandakı kürdlər muxtariyyət və ya federalizm vasitəsilə öz hüquqlarını təmin etməyə çalışırlar. Bununla belə, İranın istənilən potensial parçalanması ölkənin böyük etnik müxtəlifliyi, həmçinin müxtəlif tərkib hissələri arasındakı mədəni və siyasi fərqlər səbəbindən regionda zorakılıq dövranına və qeyri-sabitliyə səbəb ola bilər.
“Vəziyyət sabitləşəndən və bəzi ərazilər nəzarətə götürüldükdən sonra ABŞ və İsrailin kürd qrupları ilə birlikdə, məhdud sayda hərbi məsləhətçilərin iştirakı ilə ABŞ hərbi bazaları qura biləcəyi istisna deyil. Lakin Tramp administrasiyasının hazırkı siyasəti və milli təhlükəsizlik strategiyası bunu göstərmir. Üstəlik, Trampın davranışını proqnozlaşdırmaq çətindir”, - deyən ekspert inanır ki, İranın davranışını dəyişmək cəhdləri uğursuz olarsa, ABŞ-nin son hədəfi bu ölkədə rejim dəyişikliyi olacaq.
Müəllif: Cəsur Məmmədov