“Meydan TV”nin qadın jurnalistləri təcridxanadan yazır: “Rəis müavini Cavid Güləliyev spermasına vurğu edərək bizə “Mənim toxumum hər yerdədi” dedi”

“Meydan TV”nin qadın jurnalistləri təcridxanadan yazır: “Rəis müavini Cavid Güləliyev spermasına vurğu edərək bizə “Mənim toxumum hər yerdədi” dedi”
19 Fevral 2026
Mətni dəyiş

“Meydan TV işi” üzrə həbs edilən jurnalistlər Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Ümüdova saxlanıldıqları Bakı İstintaq Təcridxanasında ötən gün üzləşdikləri zorakılıqlarla bağlı məlumat yayıb. Onlar bildirirlər ki, saxlanılanlar fiziki və psixoloji təzyiqlə yanaşı, verbal qısnamaya da məruz qalıblar.

Jurnalistlərin sözlərinə görə, fevralın 18-i günorta saatlarında təcridxananın rəis müavini Cavid Güləliyevin rəhbərliyi altında 10-a yaxın əməkdaş onların saxlanıldığı kameraya daxil olub. Onlar bildirirlər ki, axtarış zamanı qadınların saxlanıldığı kameraya kişi əməkdaşların daxil olması qanunla yolverilməz olsa da, axtarış “kamera nəzarəti” adı ilə həm qadın, həm də kişi əməkdaşların iştirakı ilə aparılıb.

Jurnalistlərin yazısını olduğu kimi təqdim edirik:

“Fevralın 18-i günorta saat 12 radələrində Bakı İstintaq Təcridxanasının (BİT) rəis müavini Cavid Güləliyevin başçılığı ilə 10 nəfərə yaxın əməkdaş kameramıza daxil oldu. Onlar otağa girərkən Aysel Ümüdova sanitar qovşaqda idi. Xəyalə Ağayeva və mən yarı yuxulu, əynimizdə yataq geyimləri nə baş verdiyini anlamağa çalışırdıq. Cavid Güləliyev axtarışın kamera nəzarəti ilə aparılacağını bildirdi və qadın əməkdaşlarla birgə özü və digər kişilər içəri girdilər. Halbuki qadınlar saxlanılan kamerada axtarış-baxış zamanı kişi əməkdaşlar iştirak edə bilməzlər.

Daha sonra mənim və Xəyalə Ağayevanın üzəri aparatla yoxlanıldı. Əşyalarımızı əlləri ilə eşələməyə başlayarkən buna etiraz etdik. Bundan sonra Cavid Güləliyev mənim üzərimə yeridi. Təcridxana əməkdaşlarına göstəriş verdi ki, məni və Xəyaləni zorakılıqla otaqdan çıxarsınlar. Həmin vaxt axtarış-baxış şöbəsinin Əlibala adlı rəisi tualetin qapısını dartışdırırdı. Aysel çıxması üçün 1 dəqiqə vaxt istəsə də, o, tualetin qapısını qıraraq içəri soxuldu. Ayseldən dərhal çıxması tələb edildi və onun da üzərində axtarış aparıldı.

Cavid Güləliyevin göstərişi ilə təcridxana əməkdaşları məni və Xəyaləni təhqir edərək, qollarımızı burub boyunlarını aşağı sıxaraq kameradan çıxardılar. Biz dəhlizdə 20-dən çox əməkdaşın zorakılıqlarının müşayiəti ilə qolları arxadan burulmuş, başımız aşağı vəziyyətdə saxlanıldıq.

Bütün bunlar BİT əməkdaşının yaxasından asılan və rəis Elnur İsmayılovun şəxsi kabinetindən izlədiyi dəhlizdəki nəzarət kameralarının gözü qarşısında baş verdi. Biz Cavid Güləliyevdən zorakılıq etməməsini tələb etdikdə o, fəxrlə əlini boğazına qaldırıb “Mən xirtdəyədək qan içindəyəm, belə olmalıdır” dedi.

Biz Cavid Güləliyevin təkcə fiziki və psixoloji zorakılığına məruz qalmadıq. Həm də onun verbal qısnaması ilə üzləşdik. Bizi başdan ayağa süzüb spermasına vurğu edərək “Mənim toxumum hər yerdədi” dedi.

Təcridxana əməkdaşları məni qollarım arxaya burulmuş, əlləri ilə ağzım bağlanmış formada aşağı mərtəbəyə salıb gəzinti həyətinə itələdilər. Xəyaləni isə kameraları ilə üzbəüz yerləşən telefon otağına sıxdılar. O, təcridxana rəisi Elnur İsmayılovun gəlib baş verənlərə görə hesab verməsini tələb etdi. Təcridxana nəzarətçisi Cahan İbrahimova Xəyalənin qollarını arxadan sıxarkən Cavid Güləliyev üzərinə yeridi və “Elnur yoxdur, buranın yiyəsi mənəm” deyə bağırdı. Otaqdakı qarşıdurmada mülki geyimli, özünü təqdim etməyən daha bir qadın da iştirak edirdi. Çaxnaşmada Xəyalənin sağ əlinin üzərində və sol biləyində xəsarət izləri əmələ gəlib.

Cavid Güləliyev aşağı, qapadıldığım gəzinti yerinə düşüb üzərimə şığıdı. Ona “Cavid, sən get, böyüyün gəlsin” dedikdə Cavid dişlərini qıcıyıb yumruğunu üzümə doğru havaya qaldırdı. “Sən elə burada qalmalısan” deyib, gəzinti yerinin qapısını onun üzümə kilidləməyi əmr etdi. Yarım saata qədər orada saxlanıldım.

Cavid Güləliyev və zorakı qrupu getdikdən sonra nəfəsliklər bir neçə saat bağlı saxlanıldı. Qapıları fasiləsiz döyəcləməyimizdən sonra yenidən açıldı.

Fevralın 16-da bizə məhkəmədə şüşə qəfəsi döyəcləyərək etdiyimiz etiraza görə akt tərtib olundu. Biz izahat verməkdən imtina etdik və bildirdik ki, məhkəmədə müdafiə hüququmuz təkrar pozularsa, etirazlarımıza davam edəcəyik. Biz hesab edirik ki, 13 aydır görmədiyimiz “şmon”la son məhkəmədən sonra tanış olmağımız təsadüfi deyil. Bu təzyiqlər məhkəmə çıxışlarımız və etirazlarımızla bağlıdır. Hakimiyyət BİT-in zorba əməkdaşlarının əli ilə bizə hədə-qorxu gəlir. Üstəlik “şmon”un hər həftə, sərasər təkrarlana biləcəyi deyilir. Bu, o deməkdir ki, biz hər məhkəmə prosesindən öncə psixoloji və fiziki zorakılıqla, qısnama ilə üzləşə bilərik. Bu şərtlər altında özümüzü təhlükəsizlikdə hiss etmirik və dərhal aşağıdakı tədbirlərin görülməsini tələb edirik:

1. Təcridxanada “işgəncə kralı” kimi ad çıxaran Cavid Güləliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə görə cinayət məsuliyyətinə cəlb olunsun, işdən kənarlaşdırılsın.

2. Rəis Elnur İsmayılovun şəxsi kabinetində 24 saat canlı yayımlanan nəzarət kameralarındakı görüntülər araşdırılsın.

3. Ombudsman Səbinə Əliyeva dərhal BİT-ə gələrək jurnalistlər Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Tapdıqla görüşsün, zorakılıq faktlarını araşdırsın”.

“Meydan TV işi” üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Ümüdova və Ülvi Tahirov ötən ilin dekabrında həbs olunublar. Sonrakı aylarda isə “Arqument az” saytının baş redaktoru Şəmşad Ağa, jurnalistlər Fatimə Mövlamlı, Nurlan Libre, Ülviyyə Əli və foto-müxbir Əhməd Muxtar da iş üzrə saxlanılıb.

Əvvəlcə jurnalistlərə qaçaqmalçılıq maddəsi ilə ittiham verilib, daha sonra ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı siyasi sifariş olduğunu bildirirlər.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun