“Xəbərman” saytının həbsdə olan rəhbəri Polad Aslanovun aclıq aksiyasına başladığı bildirilib.
Bu barədə "Abzas Media”ya onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Bildirilib ki, Polad Aslanovun aclığa başlamasına səbəb saxlanıldığı 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi məntəqəsinin mətbəxindən və soyuducusundan istifadəyə qoyulan qadağadır.
Gülmirə Aslanova deyib ki, iyulun 18-də Cəzaçəkmə Müəssisəsində USM müayinəsi olunarkən Polad Aslanova qaraciyərində problem olduğu bildirilib. Onun sözlərinə görə, bir aydan çoxdur həyat yoldaşına müalicə təyin olunması üçün ultrasəs müayinəsinin nəticələrini tələb etsələr də, tibb məntəqəsindən heç bir cavab ala bilmirlər:
“Polad tibb məntəqəsinin yeni təyin edilən Cavanşir adlı baş həkiminə bildirib ki, onun müalicəyə ehtiyacı var və buna görə USM müayinəsinin cavabları ona verilməlidir. Həkim isə ancaq onun sağlam olması barədə rəy yaza biləcəyini deyib və əlavə edib ki, ultrasəs müayinəsinin cavabları onda yoxdur. Polad deyib ki, “Yaxşı, sizdə ultrasəs müayinəsi yoxdursa, necə sağlam olduğumu yaza bilərsiniz? Axı sizin yanınızda həkim dedi ki, qara ciyərimdə problem var?””.
Gülmirə Aslanovanın sözlərinə görə, Polad Aslanov avqustun 29-da cəzaçəkmə müəssisəsinə gələn Ədliyyə Nazirliyinin iki əməkdaşından məhbuslara verilməli olan mal və məhsulların necə mənimsənildiyini, Cavanşir adlı baş həkimin tibb məntəqəsində bir çarpayını 200 manata satmasını araşdırmağı da tələb edib:
“Polad həmin əməkdaşlara yaxınlaşıb ki, 15 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların yeyilən haqlarını, onlara verilməli olan mal və məhsulların necə mənimsənilməsini araşdırsınlar. Xəstə məhbuslar müalicəyə möhtac olduqları halda, ağır və əziyyətli şəraitdə saxlanılır. Baş həkim isə sağlam məhbuslardan 200 manat alaraq məntəqədəki çarpayıları onlara satır”.
Gülmirə Aslanovanın deyib ki, bundan sonra Polad Aslanovla Cavanşir həkim arasında konflikt yaranıb və onun tibbi məntəqəsinin mətbəxindən və soyuducusundan istifadəsinə qadağa qoyulub.
O bildirib ki, həyat yoldaşı avqustun 29-dan aksiyaya başlayıb:
“Polad 10 aydır ona apardığım hazır yeməkləri qızdırmaq üçün gün ərzində cəmi 30 dəqiqə istifadə etdiyi mətbəxə buraxılmadığı üçün aclıq aksiyasına başlayıb”.
Onun sözlərinə görə, 15 saylı Cəzaçəkmə Müəssisəsinə yeni rəis təyin olunmuş Ramiq Nəsibov problemin həll olunacağı barədə vəd verib, amma eyni zamanda tibb məntəqəsinin ona aidiyyəti olmadığını bildirib.
Gülmirə Aslanova əlavə edib ki, Ramiq Nəsibov Polad Aslanovun aclıq aksiyasına başlaması ilə bağlı rəsmi ərizəsini qeydiyyata almır. Ona bu məlumatı Aslanov avqustun 31-də zəng edərək özü deyib. Bildirib ki, o, məhbuslardan təcrid edilməyib və heç bir həkim nəzarətindən keçirilməyib.
Məsələ ilə bağlı 15 saylı Cəzaçəkmə Müəssisəsi və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
Polad Aslanov 2019-cu ilin noyabrında dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və jurnalist həmkarlarını əməkdaşlığa cəlb etməyə çalışdığını iddia edib.
Polad Aslanov ittihamları qəbul etmir və həbsinin jurnalist fəaliyyətinə görə olduğunu bildirir.