Tramp İsrailin Qətərə zərbə endirməsindən “çox narazıdır”

Tramp İsrailin Qətərə zərbə endirməsindən “çox narazıdır”
10 Sentyabr 2025
Mətni dəyiş

ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hava zərbəsindən “bütün aspektlər üzrə çox narazı” olduğunu bildirib. “Reuters”in məlumatına görə, Tramp bunu jurnalistlərə açıqlamasında deyib.

“Mən bu vəziyyətdən heç də məmnun deyiləm. Bu, yaxşı vəziyyət deyil. Amma bir şeyi deyim: biz girovları geri qaytarmaq istəyirik. Bununla belə, sizə deyim ki, bu hücum bütün aspektlərdə məni çox narazı saldı”.

Tramp daha əvvəl “Truth Social” platformasında administrasiyasının İsrailin Dohada HƏMAS rəhbərliyinə qarşı zərbə endirmək qərarından əvvəlcədən xəbərdar edildiyini qeyd edib. O, HƏMAS-a qarşı hücumu “haqlı hədəf” adlandırıb, amma əlavə edib ki, “suveren ölkə və ABŞ-nin yaxın müttəfiqi olan Qətərə qarşı birtərəfli hücumlar nə İsrailin, nə də Amerikanın məqsədlərinə xidmət edir”.

Prezidentin sözlərinə görə, hücum barədə xəbər alan kimi xüsusi elçi Stiv Uitkoff vasitəsilə Qətərə məlumat verilib, lakin “artıq hücumu dayandırmaq gec idi”. Tramp əlavə edib ki, hadisədən sonra İsrailin Baş naziri Benyamin Netanyahu və Qətər hökumət başçısı Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə danışıb və Dohada belə hücumların təkrar olunmayacağına dair zəmanət verib. O, həmçinin dövlət katibi Marko Rubiyoya ABŞ ilə Qətər arasında müdafiə əməkdaşlığı sazişini yekunlaşdırmaq tapşırığı verdiyini bildirib.

İsrail ordusu və hərbi kəşfiyyatı sentyabrın 9-da Dohada HƏMAS rəhbərliyinə hava zərbəsi endirildiyini açıqlayıb. Bu, İsrailin ilk dəfə Qətər ərazisində keçirdiyi əməliyyatdır və “Alovlu Zirvə” adlandırılıb. Ordunun açıqlamasında hücumun oktyabrın 7-dəki qətliamı planlaşdıran və müharibəni idarə edən şəxslərə qarşı endirildiyi vurğulanıb.

Qətərin Xarici İşlər Nazirliyi isə hadisəni kəskin pisləyib, bunu “xalqın təhlükəsizliyinə ciddi təhdid və beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb. “Əl-Cəzirə”nin məlumatına görə, zərbə zamanı HƏMAS-ın siyasi büro üzvlərinin yaşadığı binalar hədəfə alınıb. Qeyri-rəsmi məlumatlara görə, hücum nəticəsində təşkilatın rəhbərlərindən Xəlil əl-Hayya həlak olub, lakin bu, rəsmi təsdiqini tapmayıb.

İsrail Baş naziri Netanyahu və müdafiə naziri İsrael Kats birgə açıqlamada bildirmişdilər ki, HƏMAS rəhbərlərinin zərərsizləşdirilməsi qərarı sentyabrın 8-də Qüdsdə baş verən terror aktından və həmin gün Qəzzada dörd israilli əsgərin ölümündən sonra qəbul olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun