Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) “Abzas Media” işi üzrə çıxarılan apellyasiya hökmünü pisləyib. RSF bəyanatında bu qərarı “utancverici ədalət oyunu” adlandıraraq, jurnalistlərin dərhal azad olunmasını tələb edib.
Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərin həbs qərarından verilmiş şikayətə baxılıb. Hakim Zəfər Əhmədovun sədrlik etdiyi məhkəmə prosesində Bakı Ağır Cinayətlər Məhkəməsində verilən qərar qüvvədə saxlanılıb.
Beləliklə, jurnalistlərə verilmiş 7 il yarımdan 9 ilədək həbs cəzaları dəyişməz qalıb.
2023-cü il noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.