Sentyabrın 3-də Sabunçu Rayon Məhkəməsində “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraiti ilə bağlı şikayətinə baxılıb.
Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin vəkili iştirak etməyib. Qarşı tərəfi isə təcridxananın təlim-tərbiyə işləri üzrə şöbəsinin inspektoru Şamil Süleymanov təmsil edib.
Məhkəmədə Sevinc Vaqifqızı bildirib ki, məhbusların saxlanıldığı otaqlar darısqal və havasızdır, su fasilələrlə verilir, saxlanma kameralarında qışda istilik, yayda isə soyutma sistemləri işləmir:
“Gün ərzində cəmi 2 saat soyuq su verilir. Həftədə 2 dəfə isti su verilir, o da saatladır. Otaq balacadır. Əslində Avropa penitensiar qaydalarına görə, hər adama 7 kvadrat metr ərazi düşməlidir, amma Bakı İstintaq Təcridxanasında bu, 4 kvadrat metrdən azdır”.
Vaqifqızı aclıq edərkən qeyri-insani şəraitdə saxlanıldıqlarını və pis rəftara məruz qaldıqlarını bildirib:
“Aclıq dönəmində məni həşəratlarla bol otağa salmışdılar. Duş sistemi yox idi, televizor işləmirdi. Sırf təzyiq üçün paltarlarım və dərmanlarım mənə verilmədi”.
Jurnalist bütün tələblərinə baxmayaraq, təcridxana rəhbərliyinin ona sərinkeşini vermədiyini də xatırladıb.
“Adi sərinkeşi mənə vermək üçün, rəis deyir, “Get, yazıları sil, sonra verərəm”. Bu da onu göstərir ki, bütün bunlar mənim jurnalist fəaliyyətimə görədir. Hamıya sərinkeş buraxıldığı halda, niyə mənə buraxılmır? Bu, ayrıseçkilikdir. Qanun qarşısında hər kəs bərabərdir. Rəis hamıya bərabər münasibət göstərməlidir. Nəyə görə mən ayrıseçkiliyə məruz qalıram? Yay artıq bitir, mənə hələ də sərinkeş verilməyib,”- o deyib.
Təcridxananı təmsil edən Şamil Süleymanov isə çıxış edərək müəssisədə daim su verildiyini bildirib. Havalandırma sisteminə gəldikdə isə onun əvvəldən olmadığını deyib. Buna baxmayaraq, müəssisənin hər dustağa sərinkeş verdiyini vurğulayıb. O, Sevinc Vaqifqızına aclıq dönəmində dərmanların verildiyini də sözlərinə əlavə edib.
“Dedi ki, insani şəraitdə saxlanılıram, ayrıseçkiliyə məruz qalmıram. Ümumiyyətlə dediyim bütün bəndlər üzrə hər şeyi inkar etdi və hər şeyin qaydasında olduğunu dedi,” – Sevinc Vaqifqızı bildirib.
Jurnalist təcridxanada nümayəndəsinin iddialarına cavab olaraq yerində baxış keçirilməsi və dediyi xüsusların araşdırılması barədə vəsatət verib.
“Hakim Teymur Həsənov Şamil Süleymanovdan vəsatətə münasibətini soruşduqda o, yerində baxış keçirilməyinə ehtiyac olmadığını bildirdi. Mən də dedim ki, əgər hər şey siz dediyiniz kimi qaydasındadırsa, o zaman niyə yerində baxışa tərəddüd edirsiniz? Əgər deyirsinizsə, mən düz danışmıram, gəlib yoxlasınlar, görək, kim düz danışır,” – Sevinc Vaqifqızı bildirib.
Jurnalist xatırladıb ki, Şamil Süleymanov onun vəkili ilə telefon danışığına qadağa ilə bağlı məhkəməsində də qarşı tərəfin nümayəndəsi qismində iştirak edib.
“Onda da durub dediniz ki, mən vəkilimlə daimi telefonla danışa bilirəm. Sonra mən təcridxanaya qayıdanda rəis Elnur İsmayılovdan soruşdum ki, niyə üzümə durmağa adam göndərib? Cavabında dedi ki, onun işçilərinin hamısı düyməyə bağlı insanlardır. Əlavə də etdi ki, o, hansı düyməyə basıb nə desə, onlar da gedib onu deyəcəklər. Dedim ki, “Rəis sizi yenidən buraya göndərib və o düyməsinə basdığı insanlardan biri də sizsiniz. Sizə nə tapşırılıbsa, gəlib burada onu deyirsiniz”,” – Vaqifqızı bildirib.
Jurnalist daha sonra qeyd edib ki, burada tək öz adından deyil, digər 147 qadın məhbusun adından danışır, çünki eyni problemlə onlar da rastlaşırlar. Onun sözlərinə görə, ümumi şəraitsizlikdən isə 4300-dək məhbus əziyyət çəkir:
“Mən həm də onların deyə bilmədiklərini demək üçün buradayam. Çünki onlar şikayət edəndə təzyiqlə üzləşirlər. Hətta mənim yanımda belə rəis Ombudsmana deyir ki, “Görün, Sevincin nə şikayəti var bizimlə bağlı?” Halbuki o, bilmir ki, bu şikayətlər konfidensial olmalıdır. Mənim yanımdan Ombudsmana zəng edir ki, görsün, nə şikayətlərim var. Düzdür, mənim rəisin yanında ondan şikayət etməyə cəsarətim çatır, amma digər dustaqlar bundan qorxurlar. Çünki qapalı müəssisədir və onların görüşünə, telefonla danışıqlarına qadağa qoya bilir. Hətta mən neçə dəfə təcridxanadan şikayət etmişəm deyə, telefon danışığım kəsilib, sonra da bərpa olunmayıb”.
O əlavə edib ki, telefon danışıqları kəsiləndə təcridxana rəhbərliyi digər dustaqları onlara qarşı qaldırmağa çalışıb.
“Deyirdilər ki, ailənizlə onlara görə əlaqə saxlaya bilmirsiniz. Bizi bu təhlükə ilə də üz-üzə qoyurdular. Səhəri gün bizə kimsə xəsarət yetirsə, bunun məsuliyyətini təcridxana daşıyacaqmı? Hər kəsi hər zaman işləri düşdükcə bizim üstümüzə qaldırırlar”.
Jurnalist hakim Teymur Həsənova müraciət edərək qərar verəndə yalnız onunla bağlı deyil, həm də digər 4300 məhbusla bağlı qanunsuz qərar verəcəyini xatırladıb.
“Dedim ki, xeyrimə qərar verməyəcəyini bilirəm. Əlavə elədim ki, biz bu işlə bağlı Avropa Məhkəməsinədək gedəcəyik və ədalətə nail olanadək mübarizə aparacağıq”.
Lakin məhkəmə heç bir vəsatəti təmin etməyib.
Vaqifqızı hakim Teymur Həsənovdan vəsatətləri təmin etməməsilə bağlı ağlabatan səbəb tələb etsə də, sorğusuna cavab ala bilməyib.
Sevinc Vaqifqızı 2023-cü il noyabrın 21-də saxlanılıb. Onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs edilib.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.