Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərovun məhkəmə prosesi davam edib. İclas hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilib.
“Azadlıq Radiosu”nun yazdığına görə, Səfərov prokurorun suallarını cavablandırarkən bildirib ki, o, ölkədəki repressiv siyasəti tənqid etdiyinə görə artıq 10 aydır həbsdədir:
“İlham Əliyev istədiyinə görə mən buradayam. Baş prokuror Kamran Əliyevin, daxili işlər naziri Vilayət Eyvazovun, DTX sədri Əli Nağıyevin repressiv siyasətini haqlı tənqid etdiyim üçün cəzalandırılmışam”, – deyə vurğulayıb.
Onun bu fikirlərinə prokuror etiraz edib və tərəflər arasında mübahisə yaranıb. Prokuror Rüfət Səfərovu dələduzluq və xuliqanlıqda ittiham edib. Hüquq müdafiəçisi isə xatırladıb ki, vaxtilə özü də prokurorluqda müstəntiq olub və qanunsuzluqlara göz yummadığı üçün könüllü şəkildə vəzifədən ayrılıb:
“2015-ci ilin dekabrında prokurorluğun vəsiqəsini iki yerə bölüb dedim ki, birini Zakir Qaralova, birini də Rüstəm Usubova çatdırın. Mən o zaman bilirdim ki, başıma nələr gələcək, amma bu sistemdə işləmək istəmədim”, – deyə əlavə edib.
Səfərov vəkil Elçin Sadıqovun suallarını cavablandırarkən bildirib ki, ittihamda adı keçən Natiq İmamquliyevin ona 60 min manat verməsi barədə deyilənlər yalandır. Onun sözlərinə görə, heç kim müqavilə, şahid və sübut olmadan belə məbləği verməz.
Hüquq müdafiəçisi həmçinin ilk dəfə həmin şəxsi saxlandığı gün evinin qarajında gördüyünü deyib:
“Qəfildən üstümə hücum etdi. Özümü müdafiə etmək üçün kəmərindən yapışdım. Qarajda mühafizəçi var idi, onu çağırdım. Bu vaxt polis maşını gəldi və məni qandalladı. O an başa düşdüm ki, bu, əvvəlcədən hazırlanmış əməliyyatdır”, – deyə bildirib.
Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.
Rüfət Səfərov ötən ilin dekabrın 3-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi – xuliqanlıq, dələduzluq və qəsdən sağlamlığa zərər vurmaq ittihamları irəli sürülüb. Hüquq müdafiəçisi isə həbsi ABŞ-də insan haqları sahəsində aldığı mükafatla əlaqələndirir.
Hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda hazırda 370-dən çox siyasi məhbus var. Hakimiyyət isə siyasi baxışlara görə təqibləri inkar edir.